“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi tərəfindən “Mərhəmət işığında -2” adlı sərgi açılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindənAPA-ya verilən məlumata görə, “Abşeron” qalereyasında təşkil olunan yaradıcılıq sərgisi valideyn himayəsindən mərhum, xüsusi diqqət və qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin rəsm, rəngkarlıq, tətbiqi sənət işlərindən ibarətdir. Ənənəvi olaraq keçirilən sərgidə 16 uşaq və gəncin müxtəlif üslub və texnikada işlənmiş rəngkarlıq nümunələri-mənzərə, şarj, portret janrındakı əsərləri nümayiş etdirilib.
Sərginin keçirilməsində əsas məqsəd gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycanın gələcək rəssamlarını müəyyənləşdirib ictimaiyyətə tanıtmaqdan ibarətdir. Sərgidə iştirak edən 16 uşaq və yeniyetməyə sertifikatlar təqdim olunub və müxtəlif hədiyyələr verilib.
Bu gün açılış mərasimi keçirilən sərgi üç gün müddətində, 23 dekabr tarixədək davam edəcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi şəhərimizin sakinlərini sərgiyə dəvət edir.