Haqqında ötən yazımda bəhs etdiyim Qəşəm müəllimin kiçik qardaşı İdris müəllim mənə Azərbaycan dili və ədəbiyyatından dərs deyib. Kənddə iki İdris müəllim olduğundan digər İdris müəllimi Quliyev İdris deyə, soyadı ilə ayırırdıq. Quliyev İdris isə mənim yuxarı siniflərdə ədəbiyyat müəllimim olub. Quliyev İdris həm də gözəl şeirlər müəllifi idi. Söz düşmüşkən, deyim ki, həm də iki Dəmir müəllim olduğuna görə fərqləndirmək üçün birini “rus dili Dəmir müəllim” adlandırırdıq. Söhbət edəcəyim Abdıyev İdris müəllimin həyat yoldaşı da ibtidai sinif müəlliməsidi. O, “A” sinfinə dərs deyirdi, mən isə “B” sinfində oxuyurdum. İdris müəllim, adəti üzrə, ucadan danışan,
həm də saf qəlbli bir insandı. O vaxtkı sinif otaqları bir birinə yaxın olduğundan İdris müəllimin uca səsi həmişə başqa müəllimlərin dərs deməsinə mane olurdu. İdris müəllimin dərs dediyi zaman çox vaxt qonşu siniflərdən şagird yollayıb onların dərsinə mane olmamağı xahiş edərdilər. İdris müəllim səs tonunu müvəqqəti olaraq alçaltsa da bir müddətdən sonra yenə öz gur səsinə qayıdırdı.
Sovet sistemində təhsil hamı üçün ən azı 8-ci sinifə qədər məcburi olduğundan müəllimlərin çoxu uşaqları rahat döyə bilirdi. İdris müəllim də şagird döyənlərdən
sayılırdı. Özü də əsasən zəkalı uşaqları oxumağa daha çox məcbur edirdi. Qəşəm müəllimgilə gəlməzdən bir gün əvvəl yolda İdris müəllimin həyat yoldaşı Zərəngiz
xanımı gördüm və söylədim ki, sizlər haqda yazmaq istəyirəm. Zərəngiz xanım gülə-
gülə dedi ki, məni İdrislə bir yerdə yazarsan, bizi ayırmazsan. Söz verdiyimə baxmayaraq iş elə alındı ki, İdris müəllim təsadüfən böyük qardaşı Qəşəm müəllimin həyətinə gəldi. Mən Qəşəm müəllimlə söhbəti bitirdikdən sonra fürsəti qaçırmadan İdris müəllimlə də söhbətləşməyi qərara aldım. Fikirləşdim ki, Zərəngiz müəllimə hər halda məni bağışlayar. İlk sualıım orta məktəbi necə bitirməyindən oldu:
- Müəllim, siz də qonşu məktəblərə ayaq döymüsünüz?
- Hə, onda bizim məktəb 7 illik idi, üç il qonşu Alakol məktəbinə getmişik. Üç kilometr o tərəfə, üç kilometr bu tərəfə. Özü də kasıbçılıq idi, payız-qış isti paltarımız olmazdı, ancaq oxumağa həvəs hər şeyi üstələyirdi.
- Uşaqları yenə döyürdünüzmü?
- Yox! Son 20 ildə şagirdə əl qaldırmamışam.
- Nə yaxşı! Ancaq sizin əlinizin suyunu dadmaq mənə qismət olub.
- Hə, yadıma gəlir, səni döymüşəm, baxırdım ki, zəkalı şagirdsən, ancaq laqeydliyin var. Ona görə də sənin kimilərini döyə-döyə oxudurdum. Xüsusən, valideynlərini özümə yaxın bildiyim şagirdləri rahat vururdum, bilirdim ki, məni başa düşəcəklər. Cırnağan valideynlərin uşağını vurmazdım, ona görə də elələri məktəbi zəif qiymətlərlə bitirirdi.
- Demək, şagirdi çox istədiyinizdən vururdunuz?
- Bəli! Həm də döymək deyəndə, sadəcə, tənbehi bir az sərtləşdirmişəm, vəssalam!
- Neçə il dərs dediniz?
- 49 il. Rəhmətlik Dadaşov İsaq məktəbimizə direktor gələndə Lenin adına APİ-nin dil ədəbiyyat fakültəsinə qiyabi qəbul oldum. Sonra İsaq müəllim məni dərs deməyə dəvət elədi. Ona görə o kişini həmişə hörmətlə anıram. İnstitutu da yüksək qiymətlə oxumuşam.
- Əlbəttə, o vaxtkı təhsil çox güclü idi. Güclü müəllimlər vardı, təmiz qəlblə millətinə xidmət edir, adamları maarifləndirirdilər. Adicə özümdən danışıram, mən sizin verdiyiniz orta məktəb təhsili ilə yazıb oxuyuram. Çünki ali məktəbi rusca bitirmişəm. Bizim o vaxtkı Köhnəqala kənd orta məktəbindəki tədris indiki universitetlərdən güclü olardı.
- Bəli, səninlə tamamilə razıyam. O vaxtkı müəllimlər həqiqətən ziyalı idilər. Məsələn, Qax rayonundan Paşa müəllim vardı, mənimlə dostluq edirdi, bir tələbə kimi xətrimi çox istəyirdi. Dərs deyəndə də, oturanda da, duranda da adama nəyisə öyrətməyə çalışardı. Nəriman kəndindən Əsgərov Musa müəllim vardı, həmişə mənim yazı xəttimə və kurs
işlərimə heyran olduğunu bildirirdi. Mən öyrətdiyim şagirdlərin də yazı xətti çox gözəl olurdu. Paşa müəllim çox tələbkar adam idi. Yadımdadı, Aşıq Ələsgərin “Dağlar” şeirinin üstündə bir tələbəni “kəsdi”.
- Bəs Zərəngiz müəllimə hansı institutu bitirib?
- Zərəngiz xanım keçmiş Xanlar Pedaqoji institutunu bitirib. Bildiyin kimi, üç övladımız var, bir oğlan, iki qız. Oğlum Faiq də elə bizim yolumuzu tutub, BDU-nun fizika fakültəsini bitirib, məktəbimizdə dərs deyir.
- Təqaüdə çıxmısınız, bilirəm.
- Hə, artıq 3 ildi təqaüddəyəm, həyətyanı sahədə əkinçiliklə məşğul oluram.
- Zərəngiz xanımla dalaşırsınızmı?
- Yox-yox, nə danışırsan! İndi həyat yoldaşını məndən çox istəyən yoxdu. (ucadan gülür.)
- Müəllim, unudulmaz şagirdləriniz varmı?
- Əlbəttə, Alıyev Telman idi, elə sənin özün, Qaranın oğlu Eliş, məhkəmə Arif, Mürsəl müəllimin oğlu Aydın, indi həkimdi...
- Məni yəqin burda olduğuma görə dediniz. ( mən də gülürəm)
- Yox, doğrudan deyirəm.
- Heç bədii yaradıcılıqla məşğul olmusunuzmu?
- Yox, belə də, heç nə yazmamışam, ancaq mütaliəm boldu.
- O vaxt şagirdlər müəllim evinə getməyə utanardı, heç getməzdi. Ancaq mən uşaq olanda hərdən nənəmlə sizə gəlirdim və şəxsi kitabxananızın bolluğu məni heyrətə gətirirdi.
- Hə, mən kitabsevər adamam, ancaq bilmədiyimi heç vaxt danışmamışam.
- O İnstitutda Füzulişünas Sabir müəllim də vardı, Sabir Əliyev.
- Sabir müəllim Füzulini, Qasım bəy Zakiri çox üstün tutardı. Mən ona deyirdim ki, niyə, bəs, Axundov balaca adamdı?
- Məncə, siz sonradan Azərbaycan Dövlət Universitetini qiyabi bitirdiniz?
- Hə, qiyabi bitirmişəm. O vaxtın qiyabi təhsili də güclü idi.
- Rüşvət yeriyirdimi?
- Rüşvət vardı, ancaq prinsipial müəllimlərimiz də çox idi. Məsələn, qazaxlı professor Məmməd Məmmədov vardı. Deyirdi ki, mən Sabiri, Mirzə Cəlili, Axundovu hərraca qoyub satammaram!
- Maraqlı müəllimlərdən özgə kimlər vardı?
- Məsələn, İsmayıl Şıxlının leksiyaları çox maraqlı, təsirli və yaddaqalan olurdu. Onun bir leksiyasını da ötürməzdim.
- Deyəsən, yordum sizi?
- Yox, qətiyyən! Əksinə, xoşdu, yorulan adam deyiləm.
- Çox sağ olun, söhbətə görə!
- Sən də sağ ol ki, bizləri yad eləmisən!
P.S. Redaksiyadan mənə zəng açıb dedilər ki, İdris müəllimin şəkilləri çox tutqundu, müəllimin yeni şəkillərini çəkməlisən. Mən artıq kənddən Bakıya döndüyümü söylədim. Ancaq bunun da əlacını tapdıq, bacıoğluna zəng elədim, müəllimin şəklini həyat yoldaşı Zərəngiz müəllimə ilə birgə çəkib göndərdi. Yazının girişində yazmışdım ki, Zərəngiz xanımın “bizi ayırma” deməsinə baxmayaraq, iş elə alınmışdı, mən İdris müəllimlə təkcə söhbətləşməli oldum. Bu da bir qismət imiş, şəkillər Zərəngiz xanımın dediyi kimi oldu, budur, onlar bir yerdədirlər.