“Mahnılarıma tez-tez qulaq asmağı xoşlamıram” SÖHBƏT
09 oktyabr 2013 19:04 (UTC +04:00)

“Mahnılarıma tez-tez qulaq asmağı xoşlamıram” SÖHBƏT

Bir vaxtlar AzTV-nin efirindən düşmürdü Mübariz Tağıyevin oxuduğu “Qalx, qalx, ana torpaq” mahnısı. Eləcə də digər hərbi-vətənpərvərlik nəğmələri. Son illərdə isə sanki didərgin düşüb həmin mahnılar ekranlardan. Arabir  görünənlər isə tez unudulur. Qarabağ müharibəsi zamanı bəstələnmiş “İgid əsgər”, “Əsgər marşı”, “Cənab Leytenant” kimi mahnılar isə daha yaranmır deyəsən. Bu mahnıların müəllifi isə Şahin Musaoğlu idi.

 

Gənc nəslin nümayəndələri Şahin bəyi o qədər də yaxşı tanımaya bilərlər. Amma mahnıları?

Şahin bəylə müsahibən bu günə saxlamağımız da təsadüfi deyil Axı illər öncə 9 oktyabr Azərbaycanda həm də silahlı qüvvələrinin yaranması günü kimi də qeyd edilirdi. Müsahibimizlə də elə bu gün ərəfəsində görüşdük. Şahin Musaoğlu deyir ki, sonuncu mahnısının yazılması da, elə müharibə vaxtlarına təsadüf edir.

    

       - Ondan sonra daha mahnı yazmadım.

 

  • - Mahnı bəstələmək içinizdən gəlmir, yoxsa?

 

  • - O vaxtlar mən Qədirli adına xəstəxanada işləyirdim. Müharibə başlayanda hamı cəbhəyə can atırdı. Hətta məktəbli uşaqlar da çalışırdılar ki, cəbhə üçün nə isə etsinlər. Ərizə verdim, könüllü cəbhəyə getdim. Sonra  Müdafiə Nazirliyinin sənədli filmlər kinostudiyasında, Müdafiə Nazirliyinin Tibb İdarəsində çalışdım. Beləliklə, düşdüm ordunun içinə. Elə səngərdə, orduda formalaşdı o mahnılar. İndi isti otaqda, kresloda, şəhərin bu qaynar mühitində həmin mahnıları yazmaq mümkün deyil. Düzdür, yazı-pozum olur, hərdən esselər yazıram, mətbuatda da nəşr olunur. Amma o yaradıcılıq elə müharibə illərində qaldı.

 

  • - Müharibə başlasa necə?

 

  • - Qarabağ hələ də işğaldadır. Mən inanmıram biz o torpaqları sülh yolu ilə ala bilək. Bir gün yenə müharibə başlayacaq. Amma həm də istəmirəm haçansa müharibə başlasın. Çünki mən yaşa doluram, oğlum böyüyür. Bu problem bizim idisə, gərək biz də həll edəydik. Bunu gələcək nəsillərə saxlamamalıyıq. Bu baxımdan lazım olsa həkim kimi, bəstəkara ehtiyac varsa bəstəkar kimi əlimdən gələni edəcəyəm.

 

  • - Səngərdə mahnı necə yaranırdı?

 

  • - Yaradıcı adamlar yaxşı bilər, ümumi qayda belədir ki, mahnının əvvəlcə sözləri olmalıdır. Sonra ona melodiya bəstələnir. Amma mən çox mahnılarımın həm sözlərinin, həm də musiqisinin müəllifi olduğum üçün çox vaxt əvvəlcə melodiyanı yazırdım. Sonra sözlər yazılırdı. Düşmənlə üz-üzə olanda, o həyəcanın öz ritmi, küləyin vıyıltısının, güllənin səsinin, ürəyin-nəbzin döyüntüsünün, nəfəsin də öz ahəngi var. Həmin ritmlər yavaş-yavaş melodiyaya çevrilirdi... Elə mahnılar da olub ki, Müdafiə Nazirliyinin rəhbərliyi və ya sıravi vətəndaşının ideyası əsasında yaranıb. Mən mahnılarıma tez-tez qulaq asmağı xoşlamıram. Amma hərdən darıxıram. Birdən elə olur ki, elə bilirəm mahnımı eşitdim. İstər-istəməz qayıdıram o illərə. Fikirləşirəm ki, mən bu mahnıları necə yazmışam? 95-96-cı illər idi, dəqiq yadımda deyil, bir dəfə Qədirli xəstəxanasının yanında işdən yorğun çıxmışam, yolu keçmək istəyirəm. Mənimlə birgə bir ağsaqqal kişi də yol keçmək istəyirdi. Yolun əks tərəfindən, Salyan kazarması tərəfdən bir tağım əsgər marş oxuya-oxuya gedirdi. Əvvəlcə anlamadım, sonra bildim ki, öz mahnımdı. “İgid əsgər” mahnısı idi. Çox fərəhləndim. Ağsaqqal da qayıtdı ki, görürsən, belə lazımdı, öz mahnımızdı, gənclər belə olmalıdı. Bilmədim nə deyim, çox təsirlənmişdim.

 

  • - İndiki vəziyyəti necə görürsünüz?

 

  • - İndi çox acınacaqlıdır vəziyyət. Vətənpərvərlik mövzusunun auditoriyası bir qayda olaraq bütün ölkələrdə geniş olmur. Çünki vətənpərvər insanlar bir az başqa cür olur.  Ümumiyyətlə, müharibəni görən insanlar 3 qrupa  bölünür. Birincisi, müharibəni xatirələrində yaşadanlar, ikincisi müharibəni bədənində daşıyanlar, hansılar ki, əlil olurlar, bədənində qəlpə gəzdirirlər və s. Biri də var müharibəni ordan götürüb cəmiyyətə, ailəyə gətirənlər. Çoxlarının yadına gələr, Qarabağ müharibəsindən sonra Bakıda avtobusda, küçələrdə, metroda sarıqlı, hərbi formada, bir gözünü itirmiş, əldən-ayaqdan əlil insanlar gözə dəyirdi. Nə əsgərə, nə hərbçiyə, nə də sıravi adamlara oxşayırdılar. Onlar müharibəni götürüb gətirmişdilər bura. Devizləri belə idi: Siz oturmusuz burda, biz orda can qoymuşuq. Amma indi elə şeylər yoxdu. Tamam cəmiyyət unudub, yaddan çıxarıb Qarabağı. Deyən yoxdu ki, bizim Qarabağ necə oldu? Əvvəllər bizim Şəmistanla birgə işbirliyimiz vardı, mahnılar yazırdıq, konsertlər verirdik, zabitlər evində, şəhərin müxtəlif  mədəniyyət evlərində. Xeyli adam gəlirdi konsertlərə. Biz də kifayətlənirdik ki, budur da auditoriyamız. İndi  onlar da yoxdu. Mən istərdim ki, başqa ölkələrdəki kimi bizdə də hərbi-vətənpərvərlik yaradıcı-qrupları olsun, bu istiqamətdə ixtisaslaşsınlar. Sanballı əsərlər yazılsın. Bir tərəfdən də dövlətin qayğısı olmalıdı bu işlərə. Məsələn, mənim qaynım əsgərlikdə idi, görüşdük. Dedi ki, “doktor, nə badə burda deyəsən ki, o mahnılar mən yazmışam. Səni çox istəyirlər , bilsələr, hamısı disk istəyəcək, disk çatdıra bilməzsən”. Mən də dedim ki, təki istəsinlər, çatmayan disk olsun. O mahnılar həmin dövrün məhsuludur, səmimi idi, bir tarix idi. Həmin illərin yadigarıdı. “Cənab Leytenant”  indiyə kimi populyardır. “Bay yurdum”,  “Qalx, qalx Azərbaycan”, “İgid əsgər”, Ramiz Rövşənin sözlərini yazdığım “Yalquzaq”, Nəsiman Yaqublunun arxivlərdən tapdığı Əhməd Cavadın “Bismillah” şeirinə yazılmış mahnılar indiyədək səslənir, yaşayır. O “Bismillah” mahnısını mən bir gecəyə yazdım.

 

  • - İndiki müğənnilərdən hansılara qulaq asırsınız, bəyənirsiz?

 

  • - Zövqlər müxtəlifdi. Mən deyə bilmərəm ki, kimsə yaxşı yazı, kimsə pis. Bəyəndiyim melodiya və ya mahnının bəzən müəlliflərini belə tanımıram. Bu yaxınlarda heç bilmirəm kim yazıb Natavan Həbibi ilə Elnurun oxuduğu dueti eşitdim, çox bəyəndim. Ölkə bəstəkarlarından  Tofiq Quliyevin , Emin Sabitoğlunun , Ələkbər Tağıyevin mahnılarını çox bəyənirəm. Özü də mənə elə gəlir ki, əcnəbilər bizim mahnıları oxuyanda da daha gözəl alınır. Bu yaxınlarda Şövkət Ələkbərovanın oxuduğu “Bir könül sındırmışam” mahnısını Sibel Can oxuyurdu, mənə çox ləzzət elədi. Adam bir daha vurulur. Amma indi bir az fərqlidi. Müğənnilərdən  İlqar Muradovu, Aygün Bəyləri, Eyyub Yaqubovu  bəyənirəm.

 

  • Cavanşir Quliyevdən xəbər yoxdu?

 

  • - Əvvəllər Xarici Dillər Universitetinin yanındakı binada yaşayırdı. Tez-tez görüşürdük, gedib-gəlirdim. Üç mahnımın aranjemanını da o edib. Amma sonradan çıxıb getdi ölkədən, əlaqə də kəsildi. Bir bəstəkar kimi çox böyük hörmətim var Cavanşir Quliyevə. Elə birinci marş da Cavanşir Quliyevin “Əsgər marşı” oldu. Sonra mənim “İgid əsgər”im. O vaxt Şəmistan Əlizamanlı ilə mən inanmırdıq ki, bu mahnı bu qədər populyar olar. “İgid Əsgər” mahnısını da qərara gəlmişdim ki, Faiq Ağayev oxusun.  Həmin vaxt Faiq dedi ki, mən Peterburqa gedirəm. Yusif Mirzəyev adlı dostumuz mən işlədiyim xəstəxanada müalicə alırdı, sonradan Milli Qəhrəman oldu. O dedi ki, qoy bu mahnını Şəmistan oxusun. Yusifin vəfatından sonra bu mahnını ona həsr etdik.

 

  • - Faiq Ağayev qayıdandan sonra heç nə demədi ki?

 

  • - Hə, sonra gəldi. Dedi ki, yəqin qismət deyilmiş. Bilirsiz necədi, bizim istənilən müğənninin repertuarında vətənpərvərlik mövzusu var. Amma necə? Çox vaxt onlar bunu plan doldurmaq xətrinə edirlər. Öhdəlik kimi. Məsələn ,məhərrəmlikdi, keçdik mərsiyəyə. İndi də 20 yanvardı, bunu oxuyaq. Hərbi hissələrə gedəndə, lazım olanda oxumaq üçün. Həmin illərdə Azərbaycanın ən populyar müğənniləri mənə zəng edirdilər, minnətçi düşürdülər, onlar üçün mahnı yazım. Maraqlısı da odur ki, əksər şairlər də istəyirdilər ki, onların sözlərinə mahnılar yazım. Bu o vaxtın tələbatı idi. Gedib haradansa tapıb gətirirdilər şeirləri ki, buna musiqi yaz. Tankçılar, topçular üçün. Müharibədən sonra bir dəfə olub. Tibb Universitetinin hərbi kafedrasının polkovniki iri bir mətn gətirmişdi...

 

 

  • - Bildiyimizə görə siz heç notları da bilməmisiniz o mahnıları yazarkən.

 

  • - Bəli elədir, mən nə konservatoriya, nə də bəstəkarlıq təhsilim var. Musiqi məktəbinə getmişəm, özü də tar dərsinə. O da kənddə mədəniyyət evində. Ələkbər Tağıyev necə yazırdı mən də elə, yazıram da. Mən musiqini zümzümə edirdim və yadımda saxlamağa çalışırdım. Melodiya yaranan kimi, diktofona yazırdım. Mən Milli Təhlükəsizlik Nazirliyinin 80-ci ildönümü ərəfəsində nazirliyin marşını yazmışam. Həm sözlərini, həm də musiqisini. Bu  çox çətin oldu mənim üçün. Martın əvvəlindən, ayın 25-26-na kimi həm söz, həm musiqini yazmalı idim, sonra aranjeman və “orkestrovka” tam hazır olmalı idi. Bilmirdim neyləyim. Bir mahnı da yox idi, nümunə üçün. “Baharın on yeddi anı” filmindən müəyyən melodiyalar  vardı. Amma o da kifayət etmirdi. Hər bir işi başlayanda birinci kilidi tapmalısan. Birdən ağlıma yol gəldi, gecə cırcıramaların səsi, filan. Açarı tapdım. Beləcə getdi. Həmin vaxt nazir, general-polkovnik Namiq Abbasovla mahnıya görə 4 dəfə görüşdüm.

 

  • - Cəbhədə, səngərlərdə olmusuz, hansı maraqlı xatirələr var yaddaşınızda?

 

  • - Bir yerdəki, qan var, qorxu var, adam istər-istəməz unutmaq istəyir və ya unutmağa çalışır. Mən cəbhəyə gələnə kimi başqa əhvalda idim. Ora gələndə anladım ki, burda hər şey başqadı. Bir dəfə çəkiliş idi. Operator da əsgər. Ayaqqabısının bağ açılmışdı. Kimsə kənardan dedi ki, ayaqqabının bağı açılıb, çəkiliş zamanı mane ola bilər. Əsgər əyildi. Elə o andaca güllə torpağa sancıldı. Ermənilər snayperlə düz başından nişan almışdılar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2408
avatar

Oxşar yazılar