“Kişi ətirlərini daha çox sevirəm” REPORTAJ
28 sentyabr 2013 12:02 (UTC +04:00)

“Kişi ətirlərini daha çox sevirəm” REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət, nə qədər pul xərcləyir?

 

Onunla görüşümüz adətən bazarlıq etmədiyi supermarketin qarşısında oldu. Mətanət xanım bazarlığa həyat yoldaşı ilə gəlmişdi. Amma yoldaşı bəzi səbəblərdən layihədə iştirakdan imtina etdi.

 

 

- Əvvəlcə onu deyim ki, hazırda alış-veriş etdiyimiz məkana tez-tez gəlmirəm. Əksər hallarda evə yaxın olan supermarketdən bazarlıq edirəm. Keçək layihənizə... Maraqlıdı, fərqlidi. Soruşa bilərsən ki, nəyə görə bəyənirəm? (Gülür) Açığı çox fərqli formatdadır. İndi görək, burda başımıza nə olay gələcək? (Gülür) Bir söz deyim, bu gün alacağım ərzaqlar həqiqətən də evdə azalıb və çəkiliş naminə almıram.

 

- Hardan başlayaq?

 

 - İlk əvvəl ət satılan şöbəyə gedək. Ət alacam, mal əti. Bizdə qoyun əti yeyilmir.

 

- Mətanət xanımın alış-verişlə arası varmı? Bu işin öhdəsindən siz gəlirsiz, yoxsa...

 

-Alış-verişlə aram yaxşıdır. Amma buna zamanım olmur. Amma işdən sonra vaxt tapıb özüm də nələrsə alıram.

 

Satıcı ilə söhbətindən belə başa düşürəm ki, sümüklü-sümüksüz və mal-qoyun ətindən əməlli-başlı anlayışlı var. Əlini mal ətinə uzadıb satıcıdan ət çəkməsini xahiş edir.

 

 

- Zəhmət olmasa, bax, o ətdən mənə çək.

 

- Sümüklü yoxsa, sümüksüz?

 

- Sümüksüz olsun. Amma təzə və qırmızı ət olsun. Yaxşı olmasa, bir də sizdən almayacam (Gülür)

 

Satıcı da, Mətanət xanımın dediyi kimi edir və 4 kiloqram mal əti çəkir.

 

- İndi də toyuq əti alım. Toyuq filesindən kotlet hazırlayacam. Burda yaxşı kolbasa və sosiska da görürəm. Amma almayacam. Çünki, Alişka (balaca oğlun nəzərdə tutur) bu aralar çox kökəlib. Mən onun qidasına xüsusi diqqət edirəm. Əsas özümü yox, övladımı düşünürəm. Görürsən, bayaqdan nə alıramsa, deyirəm ki, bundan Alişkaya olar, ya da olmaz.

 

- Evdə yeməyi özünüz bişirirsiniz, yoxsa...

 

- (Sözümü yarımçıq kəsir) Yox. Mən çox nadir hallarda yemək bişirirəm. Evdə tapılıram ki, nəsə bişirim? İki oğlum var. Birinin iyirmi bir yaşı var, o, işə-gedib gəlir. Beş yaşında da bir oğlum var, ona da bacım baxır. Onların da yeməyini hazırlamağa vaxt az olur.

 

- Bəs yeməklə aranız necədi?

 

- Yeməklə aram yaxşıdır. Amma sizə mən bir sirr açım. Neçə ildir ki, mən on beş saatlıq iş rejimində çalışıram və bu müddətdə yemək yemirəm. Yalnız şokoladla çay içirəm. Yeməyi isə evdə yeyirəm.

 

Keçirik ağartı məhsulları satılan şöbəyə. Oradan 1 kiloqram 400 qram pendir, kəsmik, yoğurt alıb, keçirik konserv məhsulları almağa. Mətanət xanım bu şöbədə bir şirkətin keçirdiyi kompaniya ilə tanış olur və 2 ədəd badımcan pastası əldə edir. Lakin satıcı qız Mətanət xanımdan bir xahişdə bulunur.

 

- Mətanət xanım olar sizdən bir şey xahiş edim?

 

-  Buyurun.

 

- Mən hər saatın tamamında sizin xəbərlərə qulaq asıram. Amma çox xahiş edirəm ki, xəbəri həyəcanla deməyin. Olar? Vallah, siz xəbər oxuyanda mən həyəcanlanıram.

 

- (Bir qədər düşünür və gülümsəyərək deyir) Mən elə xəbər oxumasam, bəs mənim xəbərlərimə kim qulaq asar? Amma diqqətinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm.

 

Tərəvəz də alırıq: 2 kiloqram xiyar, badımcan, pomidor və 1 kiloqram bibər.

 

- Aha? Burada çox gözəl kompotlar görürəm. Bir neçə dənəsini mütləq almalıyam.

 

Dediyi kimi də edir. 2 ədəd armud, 1 ədəd zoğal, 1 ədəd də şaftalı kompotu alıb, keçirik parfümeriya şöbəsinə.

 

- Bu şöbədən çox şey alacam. Yuyucu toz, şüşə təmizləyici və bir iki ətir alacam. Sizə bir sirr açım mən yalnız bir ətirdən istifadə etmirəm. Üç-dörd ətri qarışıq istifadə edirəm. Özü də nədənsə  kişi ətirlərini daha çox sevirəm. Birdə görürsən ki, həyat yoldaşım bir ətir alır, iyi xoşuma gəlir, götürürəm. Deyirəm ki, indi get özünə başqasını al. (Gülür) Kişi ətirlərini sevməyim xarakterimdən irəli gəlir. Bir az kişi kimiyəm. 

 

Bu vaxt gözü vitrindəki şərflərə sataşır...

 

- Bax, bu şöbədən mənim tapıntım bu şərf oldu.  Yaşıl rəngdədi, sevdiyim rəngdə, bu şərfi çox bəyəndim. Fotoqraf, çək mənim bu şərfimi, qiyməti də münasibdir. Dörd manat əlli qəpik.

 

Parfümeriya şöbəsindən bir ətir, yuyucu toz, şüşə təmizləyicisi alıb, alış verişi yekunlaşdırmaq qərarına gəlir.

 

- Başqa nə isə unutmadınız ki?

 

- (Bir az düşünür) Yox, deyəsən hər şey aldım, bircə çörək almadım. O da evdə var.

 

- Bəs sizcə bu qədər mala nə qədər ödəyəcəksiz?

 

- Maraqlı sualdır. Nə qədər ödəyəcəyimi bilmirəm. Amma bu qədər malın içində mənə qalan şərf olacaq.

 

Beləliklə, Mətanət xanımın aldığı məhsullar hesablandıqca, o da pul kisəsinin ağzını açır.

Satıcı da sonuncu məhsulları hesablayır və sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 121 manat, 72 qəpik...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3996
avatar

Yalçın UĞUR

Oxşar yazılar