Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi və Qarabağ Seyid Ocaqlarının təşkilatçılığı ilə “Kərbəla hadisəsinin Azərbaycan şəhidlik məktəbində rolu” adlı konfrans keçirilib. Lent.az-ın məlumatına görə, ictimai Birliyin sədri Sevinc Əzimli konfransın əhəmiyyətindən danışıb.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Azərbaycanda olan Əhli-Beytin dövlətçiliyin qorunmasına və mühafizə olunmasında böyük əhəmiyyəti var. Onun sözlərinə görə, bu gün Azərbaycanda mövcud olan ənənəvi məzhəblərin birliyini pozmağa cəhd edənlər mövcuddur: “Bu birliyin pozulmasına imkan verməməliyik və bunun üçün də Kərbəla məktəbinin nədən ibarət olmasını gənclərə doğru təbliğ etmək lazımdır. İmam Hüseyn məktəbindən dərs alanlar heç vaxt cihad adı ilə uşaqların başını kəsməz, insanlara zülm etməz. Ölkəmizdə buna imkan verilməyib və bundan sonra da verilməyəcək. Azərbaycanda bu gün milli mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi dövlətimiz və Prezident İlham Əliyevdir”.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Niyaz Yaqubov bildirib ki, Azərbaycandakı tolerant mühit hər zaman dövlətimizə baş ucalığı gətirib. Onun sözlərinə görə, əsas məqsəd odur ki, mənəvi dəyərlər gənclər tərəfindən düzgün mənimsənilsin.
İlahiyyatçı Hacı Şahin Həsənlinin sözlərinə görə, zaman keçdikcə Azərbaycanda dini dəyərlər milli dəyərlər kimi formalaşıb. O qeyd edib ki, Aşura, tarixin çətin dövrlərindən bu günədək böyük bir yol keçib: “Məhz Kərbəla məktəbi Azərbaycanda ənənəvi məzhəblərin birləşməsinə gətirib çıxarıb. Bu gün tam məsuliyyətimlə deyə bilərəm ki, Əhli-Beyt Azərbaycanda ortaq dəyərə çevrilib”.
Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyatçı Qoşqar Səlimli bildirib ki, İmam Hüseyn tək İslam üçün deyil, dünya və bəşəri ədalət üçün döyüşüb. Onun sözlərinə görə, imamlıq məktəbi bir elm məktəbidir: “Bu səbəbdən Kərbəla hadisəsində döyüşən şəhidlər haqqında araşdırmalar aparılmalıdır”.
İlahiyyatçı Natiq Rəhimov deyib ki, hər zaman Aşuraya baxışda birtərəflilik görünür: “Amma bu hadisəyə kompleks şəkildə baxmaq lazımdır. Kompleks yanaşma olmadıqda beyinlərdə yanlış düşüncəyə yol açır. Tək İmam Hüseyn deyil, səhabələri ona layiq döyüşdülər, şəhid oldular. Kərbəla hadisəsində İmam Hüseyn ümumilikdə bir müsəlman olaraq əxlaqını göstərdi, rəzaləti, zülmü isə qarşı tərəf. Aşura qiyamı ümumbəşəri dəyərdir və bundan ibrət almalıyıq. İmam Hüseyn hadisəsinin məqsədi çox ağlatmaq yox, çox anlatmaqdır”.
Gəncliyə Yardım Fondunun rəhbəri Ahmet Tecim bildirib ki, türk coğrafiyasının sahib olduğu İslamda ilahi eşq, sevgi var. Onun sözlərinə görə, İmam Hüseyn məktəbi bir ibrət məktəbidir: “Biz bugünkü gəncliyə bu məktəbdən irəli gələrək ibrət götürməsinə vəsilə olmalıyıq”.
Tədbirdə ilahiyyatçı Ağa Hacıbəyli, Aslan Həbibov, tarixçi alim Dilavər Əzimli, Xəzər Universitetinin müəllimi Mail Yaqub və digərləri iştirak ediblər. Natiqlər qeyd ediblər ki, bu Kərbəla faciəsi ilə bağlı keçirilən və elmə istinad edən ilk böyük konfransdır və Azərbaycan dövlətçiliyinin qorunmasında, mühafizəsində mühüm əhəmiyyət kəsb edir.