“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilib
Bu gün Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.
Lent.az xəbər verir ki, tədbirdə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin üzvləri, respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri iştirak edib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov çıxış edərək bildirib ki, Vaqif Abdullayevin müəllifi olduğu "“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi " kitabı siyasi, ictimai, sosial sahəyə yeni elmi baxışın nümunəsi hesab edilə bilər. Əsərdə siyasi, iqtisadi, sosial, humanitar proseslərin düzgün və obyektiv, fəlsəfi-analitik təhlilini görmək mümkündür.
Nizami Cəfərov qeyd edib ki, Heydər Əliyev 50 il əvvəl respublikamıza rəhbərlik etməklə Azərbaycanın inkişafında mühüm bir mərhələnin əsasını qoyub. Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlayan Heydər Əliyev milli heysiyyatı gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirib, Azərbaycan milli elitasının formalaşması prosesində müstəsna xidmətləri vardır.
Nizami Cəfərov onu da bildirib ki, “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabı dərin və zəngin elmi-tədqiqat nümunəsi kimi elm və təhsil, siyasi-fəlsəfi sahələrin mütəxəssisləri üçün dəyərli vəsaitdir.
Millət vəkili Musa Quliyev qeyd edib ki, bu gün təqdimat mərasimi keçirilən nəşrdə respublikamızın çoxəsrlik qədim və zəngin dövlətçilik ənənələri nəzər salınır, müstəqillik illərində davam etdirilən çoxşahəli islahatlar təhlil edilir.
YAP Yasamal rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Tağı Əhmədov DEYİB Kİ, Azərbaycan tarixində çox nadir şəxsiyyətlər, dövlət xadimləri tapmaq mümkündür ki, onların fəaliyyətini Heydər Əliyevin fəaliyyəti ilə müqayisə etmək olsun.
Millət vəkili, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas bildirib ki, “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabı, ümumilikdə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev və Prezident İlham Əliyev, Birinci vitse-Prezidentin fəaliyyəti ilə bağlı hərtərəfli və zəngin məlumat əldə edilməsi baxımından məzmunlu, sanballı tədqiqat əsəri hesab oluna bilər.
Xalq şairi Nəriman Həsənzadə qeyd edib ki, Heydər Əliyev Azərbaycanın ziyali elitasının, elm və mədəniyyət xadimlərinin, ictimai fikrin, düşüncənin sahibi olan insanların hamisi idi”.
Millət vəkili Çingiz Qənizadə bildirib ki, Azərbaycanın inkişafı ilə bağlı geniş elmi analitik yanaşmanın məhsulu olan kitabda milli dövlətçilik və demokratik ənənələrinə yer verilib.
Mərasimdə çıxış edən İsgəndər Quliyev, Əlikram Nağıyev, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas və digərləri kitabın nəşrini yüksək qiymətləndiriblər.
Vaqif Abdullayev təqdimat mərasimində iştirak edən hər kəsə minnətdarlığını bildirib, Heydər Əliyevin siyasi irsinin öyrənilməsində bu nəşrin faydalı olacağına inandığını vurğulayıb.
707