<b>“Sosial sahədə ciddi yeniliklər gözlənilir” – </b><span style="color:red;">Baş nazirin müavini
28 sentyabr 2016 11:23 (UTC +04:00)

“Sosial sahədə ciddi yeniliklər gözlənilir” – Baş nazirin müavini

0

 

“Sosial müdafiəsi zəif olan əhaliyə qayğı və dəstək dövlətin sosial siyasətinin diqqət mərkəzində olan digər aktual problemdir. Ancaq həmin əhali kateqoriyasına dövlət dəstəyi yalnız pul şəklində verilən aylıq yardımlardan ibarət olmamalıdır”.

 

Lent.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

 

Ə.Əhmədov bildirib ki, sosial sahə, insanların rifahı ilə bağlı məsələlər daim Prezidentin və hökumətin diqqət mərkəzindədir: “Məlum iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda sosial sahənin maliyyələşməsi sahəsində hər hansı problem yaşanmayıb. 2016-cı ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdə davam edib. Maaşlar və pensiyalar təxminən 10 faiz artırılıb. İqtisadi və maliyyə çətinlikləri dövründə əksər ölkələr vəziyyətdən çıxış yollarından birini adətən, sosial sahəyə ayrılan büdcə vəsaitlərinin azaldılmasında görürlər. Qənaət rejiminə keçid bir qayda olaraq sosial müdafiə sferasından yan ötmür. İndinin özündə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin demək olar ki, əksəriyyətində əmək-haqlarının və pensiyaların “dondurulması”, bəzi hallarda isə hətta azaldılması adi praktikaya çevrilib. Azərbaycanda isə fərqli mənzərə göz önündədir. Burada nəinki yuxarıda qeyd olunan vəziyyət yoxdur, hətta, deyildiyi kimi, əməkhaqqı və pensiyalar artırılıb. Bunun əsas səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin sosial mahiyyətindədir”.

 

Baş nazirin müavini bildirib ki, sosial müdafiəsi zəif olan əhaliyə qayğı və dəstək dövlətin sosial siyasətinin diqqət mərkəzində olan digər aktual problemdir və fərqli səbəblərdən işləyə bilməyən və ya böyük ailəsi olan insanlar bizim sosial siyasətin fokusundadır: “Ünvanlı sosial siyasət həmin insanların vəziyyətinin yaxşılaşmasına, düşünürəm ki, ciddi dəstəkdir. Hər il dövlət bu məqsədə 200 milyon manatdan çox vəsait ayırır, 100 minə yaxın ailə dövlət yardımı alır”.

 

Bu sahədə ciddi yeniliklər gözlənildiyini və dövlət başçısının sosial müdafiəsi zəif olan insanlara və ailələrə dövlət dəstəyinin daha müasir və səmərəli formalarının tətbiq edilməsi ilə bağlı tapşırıq verdiyini qeyd edən Ə.Əhmədov vurğulayıb ki, həmin əhali kateqoriyasına dövlət dəstəyi yalnız pul şəklində verilən aylıq yardımlardan ibarət olmamalıdır: “Burada bir sıra hallarda qaçılmaz olan aylıq maliyyə yardımı ilə yanaşı, ailələrin öz kiçik bizneslərini qurmaq məqsədi güdən kompleks dövlət dəstəyi kimi formadan da geniş istifadə olunmalıdır. Hədəf bu gün işləməyən və ya işləyə bilməyən, lakin işləmək imkanı olan insanların normal əmək fəaliyyətinə qoşulmasıdır. Bu siyasət həm dövlətin yardımına ehtiyacı olan ailələrin sayını azaltmağa, həm də onların təminatının daha yüksək səviyyəyə qaldırılmasına imkan yaradacaq”. 

 

İcbari Tibbi Sığorta sosial layihəsinin tətbiqinə də toxunan Baş nazirin müavini bildirib ki, bu layihə insanlara tibbi xidmətin keyfiyyətinin ciddi şəkildə yüksəldilməsini nəzərdə tutulur. Bununla yanaşı, səhiyyənin inkişafına yeni maliyyə vəsaitlərinin cəlb edilməsi, səhiyyə idarəçiliyinin təkmilləşdirilməsi, neqativ hallara şərait yaradan səbəblərin aradan qaldırılması kimi problemlər də öz həllini tapa biləcək: "Hesab edirəm ki, icbari tibbi sığortanın tətbiq edilməsi səhiyyə sahəsində islahatları tamamlayacaq, onun nəticələrinin daha əhəmiyyətli və təsirli olmasına gətirib çıxaracaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 419

Oxşar yazılar