“Son on il ərzində 170 minə yaxın köçkün yeni evlərə köçüb. Ancaq hələ ki, ağır vəziyyətdə yaşayanlar da var. Ona görə, gələcək illərdə əlbəttə ki, bu sahədə tikinti işləri davam etdiriləcək”. APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev yanvarın 21-də Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olarkən deyib.
Dövlət başçısı bu gün uşaq bağçalarında, məktəblərdə, hərbi hissələrin ərazilərində yaşayanlar üçün daha yaxşı şəraitin yaradılmasının vacibliyini qeyd edərək, əsas tikinti işlərinin torpaqların işğaldan azad olunandan sonra başlanacağını vurğulayıb: “Biz buna hazırlaşırıq, hazır olmalıyıq. Bu gün gücümüz də, texniki imkanlarımız da, peşəkar inşaatçılar da var. Bütün bu şəraiti bizim yerli inşaatçılar yaradırlar, tikirlər. Ona görə, işğala son qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcəkdir, - biz Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaq”.
Prezident İlham Əliyev o günün gələcəyinə əmin olduğunu bildirib: “O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır. Keçən il Azərbaycanda 170 mindən çox uşaq doğulub. Yəni, il ərzində təbii artım 120 min nəfər olub, getdikcə daha da artacaq. İndi əhalinin sayı 9 milyon 500 mindir, getdikcə artacaq. Demoqrafiya, iqtisadiyyat, hərbi güc Qarabağ probleminin həllində əsas rol oynayacaq”.
Azərbaycan prezidenti qeyd edib ki, bu gün Ermənistan xarici yardım olmadan yaşaya bilmir: “Nəinki inkişaf edə, yaşaya bilmir. Özləri, ən yüksək vəzifəli şəxslər açıq etiraf edirlər ki, biz xarici yardımsız yaşaya bilməyəcəyik. Nəyə görə? Çünki işğalçı siyasət onları bu vəziyyətə salıb. Azərbaycan isə bu işğala, çətinliklərə baxmayaraq, son 20 il ərzində müstəqil dövlət kimi görün nə qədər inkişaf edib! İnkişaf hələ daha da sürətlə davam edəcək. Ona görə, ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq həll ediləcək. Heç kimdə bu barədə şübhə olmasın. Eyni zamanda, mən bu barədə demişəm və bir daha demək istəyirəm ki, gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdır. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olub. İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq”.
Dövlət başçısının sözlərinə görə, 20 ildən artıq işğal çox ağrılıdır, ədalətsizlikdir, insanlara əzab verir, əlbəttə, ölkənin inkişafına böyük maneədir: “Ancaq 20 il tarix üçün o qədər də böyük vaxt deyil. Biz gələcəyə baxmalıyıq, 20 ildən, 30 ildən, 50 ildən sonra necə olacaq, Azərbaycan necə inkişaf edəcək?! Əminəm ki, biz o qədər də uzaq olmayan gələcəkdə bütün tarixi torpaqlara qayıdacağıq. O zaman tarixi ədalət tam şəkildə bərpa ediləcək. Birinci mərhələdə işğal edilmiş torpaqlar boşaldılmalıdır. Dağlıq Qarabağda, ondan sonra bütün başqa yerlərdə azərbaycanlılar yaşayacaq. Biz hamımız çalışmalıyıq ki, bu günü yaxınlaşdıraq. Ancaq müvəqqəti olaraq indi bu şərait də var. Mən əminəm ki, bu, müvəqqəti bir yaşayış yeridir. Ancaq müvəqqəti də olsa, yaxşı olmalıdır”.