“Mənim Milli Məclisin Sosial qanunvericilik şöbəsi ilə bağlı səsləndirdiyim tənqidin məqsədi şöbəni, parlamenti fəaliyyətsizlikdə ittiham etmək deyil. Təəssüf ki, bəzi saytlar bu xəbəri sırf təhrif olunmuş başlıqlarla verib”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
O qeyd edib ki, komitənin bu gün keçirilən iclasında o bəzi saytlarda yazıldığı kimi, parlamenti yox, komitə ilə daim əməkdaşlıq edən şöbəni bəzi sənədlərin hazırlanmasında daha da məsuliyyətli olmağa dəvət edib: “Amma həmin saytlar xəbərə elə başlıq qoyublar ki, guya mən şöbəni tamamilə fəaliyyətsizlikdə ittiham etmişəm. Komitənin iclasında deputatlardan Yaqub Mahmudov və digərləri də təsdiq etdilər ki, bu sessiya komitənin işi nəinki qənaətbəxş, yaxşı qəbul edilsin. Çünki bizim komitə cəmiyyətin sosial sferasını əhatə etdiyi üçün ən çox sənədlə işləyən, yük götürən komitədir. Biz bu işləri də təbii ki, müvafiq şöbə ilə görmüşük, görürük və görəcəyik. Sadəcə bəzi məsələlər var ki, şöbə o məsələlərdə daha diqqətli olmalıdır və əminəm ki olacaq. Çünki biz bu işlərin hamısını o şöbə ilə görürük. Bəzi mətbuat vasitələri isə mənim demədiyim sözü başlığa çıxarıb. Mətbuatdan xahişim budur ki, mənim demədiyim sözü başlığa çıxarmasınlar”.