“Bakı Metropoliteni” QSC yeni loqosu təqdim edib. Yeraltı nəqliyyatın yeni loqosu metronun beş ayrı xətti – “Sarı”, “Mavi”, “Bənövşəyi”, “Qırmızı”, “Yaşıl” rənglərini ifadə edir.
Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
“Bakı Metropoliteni” xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq çəkiləcək yeni inşa edilən xətlərin hər birində qatarların hərəkət istiqaməti ayrı olacaq. Hazırda “Yaşıl xətt” “Xətai” stansiyasından başlayaraq “Dərnəgül” stansiyasınadək davam edir. Bu iki xətt bir-birindən ayrılandan sonra “Dərnəgül”dən birbaşa “Gəncliyə” getmək mümkün olacaq.
Qeyd edək ki, “Yaşıl xətt” üzrə yeni stansiyalar inşa olunur. Hazırda “Həzi Aslanov-2” stansiyası tikilir. Nobel prospekti boyunca isə “Xətai”dən sonra 3 stansiya olacaq. Gələcəkdə “Həzi Aslanov-2”dən sonra birbaşa yenidən “Dərnəgül”ə qədər stansiyalar tikiləcək və “Yaşıl xətt” dairəvi şəkil alacaq. Ümumilikdə, "Yaşıl xətt" boyu 10 keçid stansiyası olacaq.
Metronun “Qırmızı xətt”i "Həzi Aslanov" stansiyasından başlayır və "İçərişəhər"də bitir. Lakin "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə əsasən, "Qırmızı xətt" Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinə qədər uzanacaq. Gələcəkdə "İçərişəhər"dən sonra Badamdara qədər 4 stansiya inşa ediləcək.
"Bənövşəyi xətt"də də tikinti işləri gedir. "Bənövşəyi xətt" üzrə tikilən yeni "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında tikinti işlərinin əsas hissəsi başa çatıb. Daha sonra gələcəkdə bu xəttin də davamı olaraq paytaxtın "Papanin" adlanan ərazisində şərti adı B-3, (B - yəni bənövşəyi) olan yeni stansiya, daha sonra Heydər Əliyev adına İdman və Konsert Kompleksinin arxasında, Tbilisi prospektinə paralel B-4 stansiyası tikiləcək. Hazırda bu stansiyalarda da tikinti işləri gedir. "Bənövşəyi xətt" üzrə ümumilikdə 12 stansiya və bir depo olacaq. "Bənövşəyi xətt" Beynəlxalq Avtovağzalın yanından başlayaraq "Xətai" stansiyası və Keşlə qəsəbəsindən keçməklə Qaraçuxur qəsəbəsinədək uzanacaq.
“Mavi xətt" isə Yeni Yasamaldan başlayaraq Keşlə qəsəbəsindən keçməklə Bakıxanov qəsəbəsinədək davam edəcək. Bu xətt üzrə 11 stansiya və bir depo olacaq. Beşinci "Sarı xətt" isə Binəqədi qəsəbəsindən başlayaraq Bibiheybət qəsəbəsinədək uzanacaq. Binəqədi ərazisindən başlayıb Şıx çimərliyinə kimi uzanacaq yeni "Sarı xətt"in üzərində bir neçə stansiyanın tikilməsi planlaşdırılır. Şərti adı "Bibiheybət" olan stansiyanın da həmin xəttin üzərində tikilməsi nəzərdə tutulur.
2030-cu ilədək Bakı Metropolitenində stansiyaların sayı 76-dək artırılacaq. Hazırda metroda 23 stansiya var.