“Azərsu”dan şad xəbər: Su problemi birdəfəlik həll olunacaq
24 sentyabr 2013 16:13 (UTC +04:00)

“Azərsu”dan şad xəbər: Su problemi birdəfəlik həll olunacaq

"Bakı şəhəri və ətraf qəsəbələrdə 190 layihə üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi işlərinin aparılması “Azərsu” ASC-yə həvalə olunub”. Lent.az-ın məlumatına görə, bunu Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, proqrama uyğun olaraq Abşeron yarımadasının kənd və qəsəbələrinin dayanıqlı içməli su təchizatı üçün Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin  Qala qəsəbəsinə qədər olan hissəsi istismara verilib: “ Bu kəmərlə Abşeron rayonunun Mehdiabad, Digah, Məhəmmədli, Binəqədi rayonunun Gülüstan yaşayış massivi, Sabunçu rayonunun Balaxanı, Zabrat, Sabunçu, Ramana, Xəzər rayonunun Qala, Şüvəlan, Mərdəkan qəsəbələrinə içməli su verilir. Qeyd edim ki, həmin yaşayış məntəqələrinin bir çoxunda ümumiyyətlə su şəbəkəsi olmayıb. Şəbəkə olan yerlərdə isə əhali bəzən həftədə 1 dəfə su ala bilirdi. Növbəti mərhələdə Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Qala qəsəbəsindən Pirallahıyadək olan 35 km-lik hissəsinin tikintisi həyata keçiriləcək. Bununla da Türkan, Zirə, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrinə suyun verilməsi təmin olunacaq. Ümumilikdə, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu və Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı kəməri istismara verildikdən, həmçinin kənd və qəsəbələrdə yeni şəbəkələr qurulduqdan sonra Abşeron yarımadasında yaşayan 1 milyondan artıq insanın içməli su problemi birdəfəlik həll ediləcək. Sutəmizləyici qurğunun və magistral kəmərin tikintisi ilə yanaşı Abşeron yarımadasının kənd və qəsəbələrində mərkəzləşmiş içməli su şəbəkəsi yaradılır. Hazırda 30-dan artıq kənd və qəsəbədə tikinti işləri davam etdirilir”. 
 

Cəmiyyət sədri onu da vurğulayıb ki, Bakı şəhəri ətrafında və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla müasir standartlara uyğun yenidən qurulması hədəf götürülüb: “Bizim sifarişimizlə böyük təcrübəsi olan  Türkiyə şirkətləri Master Plan hazırlayıb. Sənəd hazırlanarkən şəhərin perspektiv inkişaf planı, ümumi əhali artımı, turizmin inkişafı, sənaye və yol infrastrukturunun genişlənməsi faktorları əsas götürülüb. 2035-ci ilə qədər əhalinin artımı, Abşeron yarımadasında magistral su kəmərləri, su anbarları, kanalizasiya kollektorları, çirkab sutəmizləyici qurğuların məhsuldarlıqları və həcmləri müəyyənləşib. Master Plana uyğun olaraq Abşeron yarımadasında 5900 km su, 7100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcəkdir. Bunlarla yanaşı qarşıdakı illərdə ümumi tutumu 1 milyon 345 min kubmetr olan 80-dən çox su anbarı, ümumi məhsuldarlığı sutkada 1 milyon 375 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisi də nəzərdə tutulur”. 

# 2652

Oxşar yazılar