“Azərsu” dan abunəçilərə xəbərdarlıq
09 yanvar 2014 17:00 (UTC +04:00)

“Azərsu” dan abunəçilərə xəbərdarlıq

Son illər Bakıda və regionlarda mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinə qoşulan abunəçilərin sayında ciddi artım müşahidə olunur. Bu barədə Lent.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bu sahədə görülmüş işlərlə  paralel olaraq istehlakçıların su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlərin verilməsi qaydalarının sadələşdirilməsi istiqamətində növbəti addım atılıb. Belə ki, indiyədək Bakı şəhəri və Abşeron rayonunda yaşayanlar texniki şərt almaaq üçün birbaşa “Azərsu” ASC-yə müraciət edirdi.  Bu sahədə aparılan islahatlar nəticəsində yerli su-kanal idarələrində texniki şərtlərin verilməsi üçün lazımi şərait yaradılıb. Artıq abunəçilər sənədlərini rayon su-kanal idarələrinə təqdim edib texniki şərtləri oradan ala bilərlər.

Texniki şərt almaq üçün şəxsiyyət vəsiqəsinin, həmçinin mənzillərin mülkiyyət hüququnu təsdiq edən və ya torpaqayırma sənədinin surətləri təqdim edilməlidir.  Müraciət edildikdən sonra “Azərsu” ASC-nin müvafiq sukanal idarəsinin mütəxəssisləri sifarişçinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulacaq fərdi yaşayış evinə və ya torpaqayırma sənədlərində göstərilən əraziyə yerində baxış keçirir, birləşmənin eskizini hazırlayır və “Su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq üçün texniki şərtlərin verilməsi” Qaydalarının tələblərinə uyğun olaraq sənəd təsdiq edilir.

Tətbiq olunan yeniliklər nəticəsində texniki şərtlərin verilmə müddəti də azaldılmışdır. Belə ki, indiyədək texniki şərtlərin hazırlanması və təsdiqi prosedurası  üçün 15 gün vaxt müəyyən edilmişdisə, artıq bu ildən vətəndaşlar həmin sənədlə cəmi 3 iş günü ərzində təmin olunurlar. 

“Azərsu” ASC bir daha bəyan edir ki, əhali qrupu üçün texniki şərtin verilməsi, eləcə də su sayğaclarının quraşdırılması pulsuzdur. “Azərsu” ASC vətəndaşlardan xahiş edir ki, texniki şərtin verilməsi və ya sayğac quraşdırılması zamanı hər hansı bürokratik amillə rastlaşdıqda dərhal 955 saylı Zəng Mərkəzinə məlumat versinlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1501
avatar

Oxşar yazılar