“Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində həyata keçirilmiş növbəti layihə yekunlaşıb. Lent.az-ın verdiyi məlumata görə, Türkiyənin TeknoYapı şirkəti ilə əməkdaşlıq çərçivəsində 2013-cü ildə İstanbul şəhərində keçirilmiş təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş 160 mütəxəssisə sertifikatlar verilib.
Bu gün keçirilən tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkədə gənclər siyasətinin dövlətin prioritet məqsədlərindən olduğunu xatırladaraq Səhmdar Cəmiyyətdə gənc mütəxəssislərin işə qəbuluna, onların fəaliyyətinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Cəmiyyətin sədri ölkədə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək işlərin keyfiyyətli icrasını təmin etmək məqsədilə yeni texnologiyalardan və yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib ki, su təchizatı və kanalizasiya sektorunda yeni texnologiyaların tətbiqi əsas götürülərək gənc mütəxəssislərimizin xarici ölkələrə təcrübə kurslarına göndərilməsi gələcəkdə də davam etdiriləcək.
Tədbirdə iştirak edən Türkiyə Su İnstitutunun sədri Ahmet Saatçı təlimlərdə iştirak etmiş azərbaycanlı mütəxəssislərin bilik və təcrübə səviyyəsindən razı qaldığını bildirərək qeyd edib. Türkiyənin “TeknoYapı” şirkətinin idarə heyətinin üzvü Həsən Sarıkaya təlimlərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlardan istifadə olunduğunu bildirib. Təlimlərdə iştirak etmiş Azər Fərzəliyev, Sənginur Quliyeva, Samir İlyasov tədris prosesində qazandıqları bilik və təcrübənin gələcək fəaliyyətlərində tətbiq edəcəklərini deyiblər.
Tədbirin sonunda təlimlərdə iştirak etmiş gənc mütəxəssislərə sertifikatlar təqdim olunub.