Bu ilin I rübündə - “Azərenerji” ASC-də fəaliyyət göstərən 186 nömrəli “Qaynar xətt” xidmətinə ümumilikdə 2247 zəng daxil olub. ASC-dən Lent.az-a verilən məlumata görə, fasiləsiz olaraq, sutka ərzində 24 saat operativ fəaliyyət göstərən xidmətə ünvanlanan sorğular, məlumatlar və şikayətlər dinlənilərək qeydiyyata alınıb. Bütün zənglər həftənin şənbə və bazar günləri də daxil olmaqla nəzərdən keçirilib, araşdırılıb və aidiyyəti üzrə istiqamətləndirilib.
Təkcə Novruz bayramı ilə əlaqədar olan qeyri-iş günlərində, “Qaynar xətt” xidməti üzrə ümumilikdə 208 zəng qeydə alınıb. Paytaxt Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonlarından zəng edən müxtəlif kateqoriyalı qrupların müraciətlərinin əksəriyyəti, yəni, 99 faizdən çoxu “Azərenerji” ASC-nin vəzifə və funksiyalarından kənar olan məsələlərlə əlaqədar olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsində enerji sisteminin dayanıqlığı və fasiləsizliyi ilə bağlı xüsusi rejim tətbiq edilmiş və əlavə tədbirlər görülüb. Baş verə biləcək hər hansı bir problemin aradan qaldırılması üçün operativ qəza xidmətləri hazır vəziyyətə gətirilib.