“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin, “Dəmiryolservis” MMC-nin və “Fövqəladə Hallar Qatarı” MMC-nin canlı qüvvəsinin və texnikasının gücü ilə 29 yanvar gecə saat 23.30-da Böyük-Kəsik-Bakı istiqamətində Muğan-Qarasu mənzilində hərəkət biryollu (Böyük-Kəsik-Bakı istiqamətində) bərpa edilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, sərnişin və yük qatarlarının hərəkətində heç bir ləngimə qeydə alınmayıb.
İkinci yolun bərpası istiqamətində içlər davam edir.
Qeyd edək ki, 29 yanvar saat 12.15-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl və 1 tikinti materialı vaqonu aşıb və yükü dağılıb. Nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb.