Artilleriya generalı Əliağa Şıxlinskinin doğum günü qeyd olunub. Generalın məzarı önündə keçirilən tədbirə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, ictimaiyyət nümayəndələri qatılıblar. APA TV-nin xəbərinə görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində isə Əliağa Şıxlinskinin xatirəsinə həsr olunmuş fotosərgiyə baxış keçirilib. Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub. 1904-1905-ci illər rus-yapon müharibəsində Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırılıb. Ona 1912-ci ildə general-mayor rütbəsi verilib. Ə. Şıxlinski 1918-ci ilin iyun ayında Gəncədə Azərbaycan Demokratik Cümhuriyyətinin ilk alayını yaradıb. 1918-ci ilin dekabr ayında isə hərbi nazirin müavini təyin edilib.
Çar Rusiyasında minlərlə general olduğu halda “Artilleriya allahı” adını almış, Fransanın “Fəxri Legion” ordeni ilə təltif edilmiş yeganə generaldır.
O, 18 avqust 1943-cü ildə Bakıda vəfat edib.