Bu gün prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin açılışında iştirak edib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə,
müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib ki, Polşanın “Yakuş” şirkəti ilə birlikdə yaradılan mərkəzin ümumi sahəsi 12 hektardır.
Mərkəz xüsusiyyətlərinə görə bir-birindən təhlükəsiz məsafələrdə yerləşdirilmiş və mühafizə sipərləri ilə əhatə olunan 24 obyektdən ibarətdir. Buraya utilizasiya proseslərini həyata keçirmək üçün modul tipli 20 konteyner, transformator yarımstansiyası, müxtəlif növ partlayıcı maddələr və utilizasiya məmulatları saxlanılan anbarlar, zərərsizləşdirmə kamerası, kompressor binası, döyüş sursatlarının texniki vəziyyətinin qiymətləndirilməsi sahəsi və s. daxildir.
Ali Baş Komandan İlham Əliyev utilizasiya mərkəzinin fəaliyyətini əks etdirən filmə baxdı. Mərkəz müxtəlif çaplı mərmili atəş yığımlarının, artilleriya minalarının, qumbaraların, reaktiv mərmilərin, partladıcıların, siqnal və işıqlandırıcı patronların sökülməsi, tərkib hissələrinə ayrılması, tullayıcı və partladıcı atımların presləmə və əritmə üsulu ilə çıxarılaraq toplanması, yenidən forma dəyişikliyi verilərək qablaşdırılması üçün nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev mərkəzi işə saldı.
Qeyd olundu ki, mərkəz alışdırıcı və partladıcıların tərkib hissələrinin zərərsizləşdirilməsi üçün texnologiyaya uyğun avadanlıqla təchiz olunmuşdur. Utilizasiya məqsədilə gətirilən döyüş sursatları tiplərinə və növlərinə görə qruplaşdırılaraq müvəqqəti saxlama anbarlarına yerləşdirilir. Sonra döyüş sursatlarının hər növündən nümunələr götürülərək texniki qiymətləndirmə laboratoriyalarına gətirilir. Xüsusi ayrılan otaqda böyüdücü vasitələrdən istifadə olunmaqla müayinədən keçirilir və ilkin qiymətləndirmə prosesi aparılır. Tipindən və ölçülərindən asılı olaraq utilizasiya prosesi müxtəlif konteynerlərdə bütün texniki təhlükəsizlik qaydaları nəzərə alınmış avadanlıqlarda avtomatik idarəetmə və xüsusi zirehli kameralarda kənardan nəzarət olunmaqla həyata keçirilir.
Ali Baş Komandan utilizasiya prosesini izlədi.
Proses zamanı partlayıcı maddələrin çıxarılmasından sonra alınan materialların təkrar xammal kimi istifadə edilməsi nəzərdə tutulmuşdur. Burada il ərzində 5 min ton müxtəlif döyüş sursatlarının utilizasiyası aparılacaq. Layihə üzrə işçilərin sayı 62 nəfərdir. Mərkəzin bütün sahələrində yerli mütəxəssislər çalışacaqlar. Onlar “Yakuş” şirkətinin aparıcı mütəxəssislərinin təşkil etdiyi kurslara cəlb olunmuş və bilavasitə sahələrdə quraşdırılan texnoloji avadanlıq üzərində təcrübə keçmişlər. Utilizasiya sahəsində tullantısız texnologiyalar əsasında ekoloji tələblərə cavab verən təhlükəsiz metodlar tətbiq edilib.
Sonra Prezident İlham Əliyev Şirvan “Araz” zavodunun döyüş sursatlarının doldurulması mərkəzinə gəlib. Ali Baş Komandan burada mərkəzin fəaliyyətini əks etdirən filmə baxıb
Mərkəzin ümumi sahəsi 4 min kvadratmetrdir. Burada 60, 82 və 120 millimetrlik minaların gövdələrinin partladıcı maddələrlə doldurulması üçün xüsusi avadanlıq quraşdırılıb.
Dövlət başçısı mərkəzi işə salıb
İş prosesi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, doldurma mərkəzində 60 millimetr çaplı minaların gövdələrinə trotil maddəsinin presləmə yolu ilə, 82 və 120 millimetr çaplı minaların gövdələrinə isə trotil, trotil-dinitronaftalin partladıcı maddə qarışığının şnekləmə üsulu ilə doldurulması həyata keçirilir. Mərkəz texnologiyaya uyğun tələb olunan istehsal və nəzarət avadanlığı ilə təchiz edilmişdir. İstehsalat sahəsində dörd xətt quraşdırılıb. Hazırlıq, köməkçi və doldurma işlərini yerinə yetirmək üçün təhlükəsiz iş şəraitini təmin edən sahələr hazırlanıb. Birinci xətdə 60 millimetrlik minanın, ikinci lent şəkilli xətdə 82 və 120 millimetrlik minaların sökülməsi və doldurmaya hazırlanması işlərini aparmaq, üçüncü konveyer xəttində 120 millimetr çaplı mərmilərin, dördüncüdə isə 60 və 82 millimetr çaplı mərmilərin yığılması üçün texnoloji iş sahələri yaradılıb. Doldurma mərkəzi il ərzində bir növbəli iş rejimində 20 min ədəd 60 millimetr çaplı, 40 min ədəd 82 millimetr çaplı və 40 min ədəd 120 millimetr çaplı mərmilərin doldurulması və yığılmasını təmin edən istehsal gücünə malikdir.
“Araz” zavodunun kapsulların hazırlanması sahəsi müxtəlif növ alışdırıcı kapsulların istehsalı üçün nəzərdə tutulmuşdur. Kapsulların doldurulması, dozalaşdırılması, yoxlanılması və qablaşdırılması ən müasir texnoloji avadanlıqla avtomatik rejimdə həyata keçirilir. Mərkəzdə il ərzində birnövbəli iş rejimində 40 milyon kapsul istehsalı nəzərdə tutulub.