Kinoşünas Aygün Aslanlı ilə “Künəfə evi”ndəyik. Əməkdar artist Qurban İsmayılovu gözləyirik. Danışdığımız kimi, 16.00 olan kimi Aygün pəncərəyə işarə etdi:
- Qurban müəllim gəldi!
- Teatr adamı belədi. Dəqiqəsinə söz ola bilməz...
Hələ o yaxınlaşmamış diktofonu yandırırıq. Bilirik ki, söhbət çox maraqlı ola bilər, diktofonu unudarıq. Söhbətə saytlardakı şərhlərlə başlayırıq:
- Şərh yazıblar ki, biz bu aktyoru tanımırıq. Həvəsim olsa girib mən də cavab yazardım ki, aktyoru tanımaq üçün teatra gəlmək lazımdı. Axı aktyor televiziya aktyoru deyil. İndi hər gün çıxıb otururlar lazımsız verilişlərdə, ekspertlik edirlər, efirlər az qalıb ki, ginekologiya haqda da danışanda aktyoru çağıralar.
Vüsalə:
- Günah çağıranlarda yox, gedənlərdədir. Aktyor getməyə bilər axı. Aktyorlarımız haqda bir söz deyiləndə hay salırlar ki, sən mənim oynadığım roluma bax, şəxsi həyatımı niyə müzakirə edirsən. Amma özləri bütün günü efirdən hamının həyatına müdaxilə edir, ekspert kimi çıxış edirlər. Kimisə mühakimə edirsənsə, səni də haqlı olaraq mühakimə edəcəklər...
Aygün:
- Hələ dünən bir aşıq efirdə dedi ki, “Baxmayaraq ki, gəncəm məni bir çox verilişlərə ekspert kimi çağırırlar”. Düşündüm ki, ay Allah, hanı bu ölkənin psixoloqları, sosioloqları?
- Mən onları qınamıram. Niyə? Bayaq dedim. Məsələn, mən sırf teatrda işləyirəm, kimsə sabah deyəndə ki, mən bu aktyoru tanımıram, harda idi? Bir dəfə efirdə toplaşıb müzakirə edirdilər ki, “Xalq artisti” adını xalqın tanımadığı adama vermək olmaz. İsmayıl Osmanlı SSRİ xalq artisti idi, guya onu SSRİ-də hamı tanıyırdı? Lap elə Azərbaycanı götürək. Bir həkimə əməkdar həkim fəxri adı verilir, guya o bütün ölkəni müalicə edib?
Aygün:
- Sizə elə gəlmir ki, bütün bunlardan ən yaxşı çıxış yolu bu adların hamısını yığışdırmaqdır?
- Yığışdırılsın. Mən də fikirləşirəm ki, o yoldaşlar o verilişlərə getməməlidir. Amma bir yandan da xalq artistləri bu mövzuda müzakirə aparıb deyirlərsə xalq tanımayan adama “Xalq artisti” adı vermək olmaz, deməli hər yolla xalqa tanınmaq lazımdır ki, sabah sən bu adı alanda hamı səni tanısın.
Aygün:
- Vüsalə ilə razıyam, bu sırf insani keyfiyyətdir. Adam oturub bir verilişdə kiminsə həyatı haqda hökm çıxartmaq haqqını özündə hiss eləyirsə bu artıq onun insaniyyətinə və yaxud da insaniyyətsizliyinə aid olan bir məsələdir.
- Mən artıq qınamağı yığışdırmışam. Bibliyada deyilən kimi, qınama, qınanarsan. Sabah daxilimdə bir tanınmaq hissi baş qaldırsa və yaxud kiminsə “səni tanımırlar” sözü xətrimə dəysin deyəcəm, “Ay yoldaşlar, məni də çağırın o verilişlərə, mən də tanınmaq istəyirəm”. Vaxt ilə olub, biri “Əməkdar artist” adı alıb, anam deyib ay bala, sən elə deyirsən özümü sənətə həsr eləmişəm, acından ölürsən, bəs sən nə vaxt alacaqsan? Bu gün o xalq artistləri dərk eləməlidirlər ki, adı ona sənətin inkişafına, özünü sənətə ac – susuz həsr elədiyinə görə verirlər, ona görə vermirlər ki, sən nə ilə efirə çıxırsan çıx, səni tanısınlar.
Vüsalə:
- Elə “tanınmıram, tanınmıram” deyirsiz. Amma sizin evlilik xəbəriniz ən çox oxunan xəbər oldu.
- Sadəcə bilməyiblər də kimdir. Əməkdar artist yazılmışdı, açıblar görsünlər kimdi?
Aygün:
- Siz əməkdar artist adını 2012-ci ildə aldız. Bu ad həyatınızda nəyi dəyişdi?
- Siz bir jurnalist kimi mükafat alsaz, amma bilsəz ki, bunu sizə tapşırıqla yox, həqiqətən...
Vüsalə:
- Mükafatı almasa, versələr...
- Hə, versələr! Sizə bir jurnalist kimi mükafat versələr nə hiss edərsiz?
Aygün:
- Fəxr eləyərəm.
- Mən də fəxr edirəm ki, əvvəl-axır sənətimi qiymətləndirdilər.
Aygün:
- Bununla belə “O kimdir?” şərhləri davam edirsə?
- Mən o şərhlərə əhəmiyyət versəm, gedib o verilişlərə çıxaram. Yəni onlar özləri haqda o cür sözləri oxumamaq üçün hər verilişə çıxırlar.
Vüsalə:
- Sizcə hansı daha ağır ittihamdır? “Mən bu aktyoru tanımıram”, yoxsa “Bu adam kim olub ki, başqasının həyatına bu qədər müdaxilə etmə haqqı alıb?”
Aygün:
- Və yaxud “Bu aktyor filan verilişdə danışan filankəsdir”.
- Mən qınamıram, ciddi səbəbləri var.
Aygün:
- Kino, yoxsa teatr?
- Teatr! Kino texnikanın məhsuludur. İşığı düz qoymasalar, bütün əziyyətin batar. Xətt çəkirlər ki, burdan bir addım kənara çıxma...
Vüsalə:
- Kino “azadlığı” məhdudlaşdırır?
- Hə, hər bir mənada. Sonda nə olur? Dayan bir də get, gəl.
Aygün:
- Teatrda da olur ki, bir tamaşanı 25 dəfə oynayırsız.
- Amma hər dəfə bir az inkişaf elətdirə bilirsən. Həm də bir tamaşada on dəfə dayanmırsan ki, yaxşı oynamadın, get bir də gəl. Birnəfəsə oynayırsan.
Vüsalə:
- Sizcə, şərəfini itirən sənətkarın yaratdığı sənətə cəmiyyətin ehtiyacı var?
Aygün:
- Şəxsiyyətini itirmiş bir adam necə şəxsiyyət yarada bilər?
- Gəlin belə danışaq. Şəxsiyyətini itirmiş adam deyəndə mən sizə çox böyük adamların adını deyə bilərəm ki, bir qəpiklik şəxsiyyətləri olmayıb.
Vüsalə:
- Əvvəldən olmayanda başqa, biri də var sonradan itirirlər...
- Mənim üçün istedadsız aktyor yoxdur. Yaxşı və pis, yəni zəif aktyor var. Ola bilsin siz hansısa sənətkarı tanıyırsız, şəxsiyyətinə bələdsiz, amma zalda əyləşən tamaşaçının onun şəxsiyyətindən xəbəri yoxdur. Ona aktyorun oyunu maraqlı gəlir. Sənət şəxsiyyəti ilə insan şəxsiyyəti tamam başqa – başqa şeylərdir. Amma elə yaxşı aktyorlar var ki, həm də çox yaxşı adamdılar.
Aygün:
- Yəni aktyorluq sadəcə sənətdir?
- Bəli! Şərt deyil ki, aktyor ancaq böyük şəxsiyyət olsun. Zəif şəxsiyyətlə də böyük aktyor olmaq olar. Bunları qarışdırmaq olmaz.
Söhbətimiz uzanır, çaylarımız yenilənir... Şəxsiyyət söhbətindən kişi söhbətinə gəlib çıxırıq. Bəzi fərziyyələrə görə, axı bu sənət kişi işi deyil. “Kişi işi nədir?” soruşuruq:
- Heç bu haqda düşünməmişəm. İnsan əgər başqasının cibinə girmir, boğazından kəsib öz uşağının boğazına tökmürsə, zəhməti, vicdanı ilə qazanırsa, bu kişi işidir.
Vüsalə:
- Baxın biz aktyoru çox haqsız qınayırıq. Biz onlara heç nə verməmişik. Hər addımda “Kişi işi ilə məşğul” ol deməklə aşağılamışıq . Ən azı bir nəfər də tanımıram ki, evini aktyora kirayə verəndə ona əlli manat endirim eləsin. Amma bu xalq müğənniyə hər şey verib və ondan heç nə istəmir. Heç vaxt sözünü dəstəkləməsini, yanında olmasını istəmir.
Aygün:
- Adları üstündə, manısdılar, ona görə.
- İnsan tək özünə yox, sevdiklərinə görə də cavabdehdir. Bax, bu sözləri eşitməmək üçün ya gülləni başına çaxmalısan, ya da sakitcə yaşamalısan. Aygün xanım isə sənə bir yol qoyur – gərək gülləni çaxaydın. Hamı da desin, gör necə böyük şəxsiyyət idi, dözə bilmədi. Mənə elə gəlir ki, bəzən insanlara seçimi təklif eləmirik, “Sən elə bunu seç” deyirik. Elə deyil. Teatrda təklif olunmuş vəziyyət var. Bizim dramaturgiyada zəif cəhətlər var. Təklif olunmuş vəziyyətdə dramaturq elə banal çıxış yolu qoyur ki, bu uşağın da ağlına gələr. Ona görə də, xarici dramaturgiya bizi daha çox çəkir. Həyat elə deyil axı? Bizim dramaturgiyadakı kimi banal, primitiv deyil. Təklif olunmuş vəziyyətlərdə o qədər çıxış yolları var ki, hansılar ki, onların 80 faizi şərəfsizliyə gətirib çıxardır...
Aygün:
- Onda teatr, kino bizi aldadır?
- Aldatmır. Elə şeylər var ki, mən sizə aktyor kimi göstərirəm, amma həyatda özüm o situasiyaya düşməmişəm. Onda belə çıxır ki, sizi kim aldadır? Xeyrin qalib gələcəyi fikri. (Barmağını yuxarı qaldırır) Ordan aldadırlar. Elə dramaturqu da, bizi də... Gör neçə kitab gəlib, hamısında da deyilir ki, xeyir qalib gələcək. Bəs haçan?
Aygün:
- Analar aldatdı bizi?
- Anaları da Allah aldadıb. Onlara missiya verib ki, uşaq doğun. Onlar da elə biliblər yaxşı uşaqlar doğacaqlar...
Vüsalə:
- Mən Universiteti bitirib teatra yeni gəlmişdim. Heç iyirmi yaşım yox idi, Ağaxan Salmanlı qrim otağımıza gəldi, axşam efirdəki çıxışından danışdıq. Efirdə dediklərini yenə təkrar elədi: “Axşam efirdə də dedim. Gənclər yaxşıdı, amma qiraətlə məşğul olmurlar. Gərək bunun haqqında ciddi düşünələr, məşğul olsunlar”. O, otaqdan çıxan kimi teatrın o vaxtkı aparıcı gənclərindən biri soruşdu: “Nə deyirdi o? Neyləyək? Deyir nə ilə məşğul olaq? Qiraət neyləməkdir ki?” Yenə vəziyyət elədi?
- İstedadlı uşaqlar yenə var... Nə bilim... Cavanlar var, indi gələcəklər də...
Vüsalə:
- Nə vaxt? Hardan?
- Ümumiliyyətlə, mənə elə gəlir ki, cəmiyyətin teatra münasibəti dəyişməlidir.
Aygün:
- Bunun üçün neyləmək lazımdır?
- Dəfələrlə demişəm. Bizim xalqa teatrın sərfəliliyini nə televiziyada, nə də təhsil sistemində başa salan yoxdur ki, o kişilər, maarifçilər teatrı niyə yaradıblar.
Aygün:
- Elə bilirsiz bircə siz deyirsiz? Mədəniyyət saytları daima bu haqda yazır. Elə təkcə bu gün bu haqda üç məqalə görmüşəm.
- Onu elə eləmirlər. Bu gün ən çox nəyin reklamını görürsüz? Məsələn, deyək “Coca Cola”nın. Siz hər dəfə o reklamdan sonra teatrın reklamını görməlisiz. Amma afişa kimi yox. Qarsiya Lorka deyirdi ki, əgər bir millət yoxsa və sən onu yaratmaq istəyirsənsə, əvvəlcə onun teatrını yarat. Sonra... Məsələn, qabaqlar qadınlar bəzənib - düzənib Musiqili Komediya Teatrına gəlirdi. Ərlərini məcbur eləyirdilər bilet almağa. İndi niyə gəlmirlər? Çünki ayda neçə dəfə toya gedib nəyi var şadlıq evində göstərir. Bizdə artıq teatra yox, toya getmək ənənəsi formalaşıb. Hamı ordadır onsuz da - aktyor da, müğənni də. Heç olmasa kişi toyları olsa, daha yaxşı olardı. Hər toydan sonra qadınlar kişiləri məcbur eləyərdi onları tamaşaya aparsınlar. O vaxt elə idi, kişi toyu idi, qadınlar getməyə yer tapmırdı, ümidləri qalırdı kinoya, teatra. Rusiyada teatr fənni var və onu heç olmasa ayda iki dəfə keçirlər. Qoy bizdə də olsun, lap biz gedək pulsuz dərs deyək. Bizim təhsil sistemindəki ziyalılar məktəblərdə bilet satışına qadağa qoyurlar, amma düşünmürlər ki, bəs bu Üzeyir Hacıbəyov boyda nəhəng adamın nəyinə lazım idi?
Aygün:
- Bunu Milli Tele-Radio Şurası da eləyə bilər. Necə ki, efirdən tualet, seks sözlərini deməyə qadağa qoyur, elə də bir əmr verə bilər ki, hər kanal həftədə ən azı iki dəfə teatr haqda maarifləndirici veriliş verməlidir, əks halda cərimə olunacaq.
- Yenidənqurma vaxtı teatrlar bağlandı, aktyorlar bir- bir, iki- iki toplaşıb “xəkəndaz truppaları” yaradaraq rayonlara getdilər. Yaşamaq üçün pul qazanmağa. İndi isə həmin aktyorlar şikayət eləyirlər ki, niyə camaat estrada janrına daha çox üstünlük verir. Teatrın o qolunu məhz onlar inkişaf elətdirdilər. Adamlar, onların səhnəciklərinə baxanlar elə bildilər ki, teatr budur.
Aygün:
- Amma estrada janrını inkişaf elətdirmədilər.
- Yox, o mənada demirəm. İnsanlara belə bir janr olduğunu tanıtdılar. Bu gün bir valideynə de ki, istəyirsən uşağın ağıllı olsun, onu ayda iki dəfə teatra apar. O uşaq bir neçə vaxtdan sonra başqa cür düşünməyə başlayacaq. Məktəblərdə rus bölmələri qalır. Mən Təhsil Nazirliyindən çox xahiş edirəm, qoy Azərbaycan bölməsindəki müəllimələri toplayıb ayda bir aparsınlar o rus bölmələrinə, soruşsunlar ki, siz bu uşaqlara nə öyrədirsiz ki, onlar tamaşaya baxanda zalda milçək uçsa səsi eşidilir. Nə qədər ki, rus bölmələri tam bağlanmayıb, qoy öyrənsinlər. Qoy, Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi birgə komissiya yaradıb, tamaşalara baxsınlar və yaş həddinə görə seçsinlər. Ayda bir dəfə məktəblərə tapşırıq versinlər ki, filan siniflər filan tamaşaya getsinlər. İsveçdə belədir. O teatrın pulunu şəhərin təhsil şöbəsi ödəyir. Türkiyədə isə məktəb teatrın biletini satır, rəsmi şəkildə əlli faizini götürür, daha heç kimdən süpürgə pulu yığmır, həmən pulu xərcləyir. Mən inanmıram ki, bilet valideynin ayağına gedəndən sonra bir valideyn onu almaqdan imtina eləsin.
Aygün:
- Sadəcə bizim insanlara demək lazımdır ki, məsələn, “Məhərrəmlikdə toy olmayanda teatra gedə bilərsiz”
Vüsalə:
- Məhərrəmlik demişkən, teatrda yenə aşura günlərində tamaşa oynamırlar?
- Nəyə lazımdı həmən gün tamaşa? Oynanmasa yaxşıdı. Mən belə şeylərə inanıram və ehtiyatlıyam. İçən vaxtlarımda lap məhərrəmlikdə də içirdim...
Vüsalə:
- İndi içmirsiz?
- On yeddi ildir tövbə eləmişəm. Yoxsa o qədər içkini ki mən içirdim, indiyə çoxdan ölmüşdüm. Əgər cəmiyyət nəyəsə hörmət eləyirsə, sən də hörmət eləməlisən. Sən ona hörmətsizlik eləməklə hörmət qazanacaqsansa, lazım deyil. Hüseynağa Atakişiyev rəhmətə getməzdən bir il əvvəl bu hadisələrlə əlaqədar “Gənclər” teatrında bir tamaşa qoymuşduq. İmam Hüseyni oynayan aktyorun ilk baxışı günü ağzı əyildi. Baxmayaraq ki, tamaşada üzü görünmürdü. Öz aramızda deyirəm ha, bunu yazma. Mən qılıncı çəkib oturdum, qını girdi mədəmə, qıpqırmızı qan oldum...
Vüsalə:
- Rekvizit qırıq imiş də...
- Hə də... Axı o tamaşa nəyə lazım idi ki?
Aygün:
- Tənqidi tamaşa idi ki?
- Yox, sadəcə o hadisələri göstərirdi. Mən teatrın belə şeylərə müraciət eləməsinin əleyhinəyəm. Teatrın dinə qarışmasına, səhnəyə gətirməsinin əleyhinyəm.
Aygün:
- Sənət bir az dinə qarşı deyilmi?
- Sənətin mahiyyətində demək olar ki, hər şeyə, o cümlədən də dinə qarşı müxalifətlik var. Mənim belə inancım var ki, belə şeylər yaxşı şey deyil.
Vüsalə:
- İlin sonuna gəldik. Qazanc oldu?
- Elə il yoxdur ki, biz nəsə qazanmayaq, ən azından təcrübə qazanırıq. İnsan sənəti ilə bağlı pessimizmə də qapıla bilər, hətta də o qazancdır, təcrübədir. Çünki, onun səhəri bir aclıq başlayır. Onda işə daha həvəslə girişirsən. Sənətin ən yaxşı cəhətlərindən biri odur ki, toxluğun arxasınca mütləq bir aclıq gəlir. Bəzən insanlar guya acdılar. Elə danışırlar... Mən də elə danışırdım ki, “Ay rejissor, filan...” İndi xaricdən rejissor gəlib, ingilisdir, mən isə məşqdə dedim ki, gedim müsahibə verməyə. Dedim ki,, sənin də adını çəkəcəm. Qızlara da dedim bunun adını yazın verin müsahibədə adını çəkim. (Əlini cibinə salıb bir kağız parçası çıxardır) Ada bax, Yan Vilyan Vandenbox! Belə pis səsləmir, görək necə olur də. Yəni o gəlib bizimlə işləməyə, biz isə artıq başlamışıq... Halbuki dünənə qədər deyirdik xaricdən rejissor gəlsin, işləyək. Uşaqlara deyirdim ki, “Vallah belə deməyin. Əgər Tovstonoqov özü qəbirdən dirilib gəlsə, səhər gəlib deyəcəksən serialda çəkilişim var, icazə ver. Saat ikidə məni burax.”
Vüsalə:
- Bu arada, mən teatrda işləyən vaxtlar aktyorlar deyirdi yaxşı rejissor yoxdu, rejissorlar da deyirdi yaxşı aktyor yoxdu. İkisi bir yerdə oturanda da deyirdilər yaxşı əsər yoxdu... Bu söhbətlər hələ də davam edir?
- İndi də deyirlər. Aktyorlar hamısı işləmək istəyir, işləyəcəklər də. Hər halda adı da yaxşı səslənir. (Gülür, yenidən kağızdan oxuyur) Yan Vilyan Vandenbox!
Aygün:
- Heç teatrdan getmək istəməmisiz?
- Getmişəm. Qorbaçovun vaxtında, “Suxoy zakon” vaxtı idi, qırx şüşə konyak aparmışam. İki ay çəkdi, sonra başı aşağı, süzülə - süzülə qayıtdım.
Vüsalə:
- Heç nə çıxmadı?
- Əlimdə olanı da batırdım. Konyakları satıb puluna uşaq kalqotkası alıb gətirdim, o da tək – tək satıldı. Ələ bir şey gəlmədi... Getmək çarə deyil. Yaşamağı yüngülləşdirmək üçün daima içində polemika aparmalısan. Məsələn, mən filankəsi qınayıram, amma onun yerinə olsam bilmirəm necə eləyərdim.
Aygün:
- Özünüzü daima başqalarının yerinə qoymaq... Bəs özünüz?
- Məncə ağıl insana ona görə verilib ki, nə eləyirsən elə, amma sonra ona haqq qazandır. Başqa heç nə üçün. Yavaş-yavaş təcrübə gəldikcə, adam sakitləşir. Məsələn, əvvəllər kimsə qeybətini eləyəndə gəlib sənə çatırdı, bu sənə təsir edirdisə, indi deyirsən, ehh, axı mən də onun söhbətini eləyirəm. Yəni o mənada özünü kiminsə yerinə qoymaq. Mən getdikcə tam komfort istəyirəm, beyin, ürək və bədənin nəbzini razılaşdıra bilim.
Aygün:
- Alınır?
- Hər dəqiqə alınmır. Amma olur ki, günün on saatı alınır. 53 yaşım var, ondan çıxırsan on beşini. Bu yaşın içində mənə elə gəlir ki, həyatın hər üzünü görmüşəm. İnsan nə ilə qarşılaşa bilərsə qarşılaşmışam. Xəyanət də görmüşəm, xəyanət də eləmişəm. Hər şey, hər şey... Bütün bunlardan sonra insan sakitləşmirsə, onda o tez gedir dünyadan.
Vüsalə:
- Sakitləşmisiz heç?
- Hardasa hə.
Vüsalə:
- Qışdan çıxmış kimisiz... İkinci bahar yaşayırsız...
- Əşşi, yox e... (Gülür) İkinci baharı bir tərəfə qoyaq, gəl ondan danışaq ki, sən axı teatrdan niyə getdin? Yəqin əvvəl - əvvəl mənəvi cəhətdən çox əziyyət çəkdin, hə?
Vüsalə:
- Eh, əziyyət nədir? Teatrdan sonrakı iş yerimdən aldığım ilk maaşı nəzir kimi kasıblara payladım. Şükür elədim ki, ora ilə aramda heç bir bağlılıq qalmayıb...
- Hmm... Onda sən çox gec çıxmısan. Deməli, sənə vaxtında başa salmayıblar ki, rolu ifa edirlər.
“Künefe evi”ndən çıxıb, söhbətimizi təmiz havada gəzişə-gəzişə davam edirik. Mövzumuz – ikinci bahar və ... sevgi olandan sonra fəslin ümumiyyətlə önəmi yoxdur...