“Ağ ölüm” Azərbaycanda: narkocinayətlər təhlükəli sürətlə artır
11 mart 2009 15:00 (UTC +04:00)

“Ağ ölüm” Azərbaycanda: narkocinayətlər təhlükəli sürətlə artır

Ekspertin fikrincə, narkotik maddələr ölkəmizdən daha çox Gürcüstana və Rusiyaya aparılır

Narkotik maddələrin satışı, dövriyyəsi ilə bağlı hər gün o qədər xəbər yayılır ki, artıq bu mövzuda hər hansı məlumat kimsəni təəccübləndirmir. Lent.az-ın bu gün verdiyi məlumata görə, Bakıda Nigeriya vətəndaşlarından 21 kq heroin götürülüb. Cinayət əməli kimi miqyasına və ciddiliyinə görə kifayət qədər diqqət çəkən olaydır. Amma sosial problem olaraq bu tip hadisələrə diqqət arzulanan qədər deyil. Başqa tərəfdən, təbii ki, narkotik maddələrlə bağlı hər gün onlarla cinayət faktı haqda xəbər yayılanda oxucu mövzuya etinasız yanaşar. İstənilən xəbər agentliyinin, internet qəzetin, çap orqanlarının xəbər lentinə diqqət yetirsək, hər gün narkotik maddələrlə bağlı nə qədər insanın saxlanıldığını, mütəşəkkil dəstələrin aşkarlandığını müşahidə edərik. Təsəvvür edin ki, bu statistika gedərək artır, polis bir tərəfdən aşkarlayır, narkotik maddələrin alverçiləri o biri tərəfdən öz işlərini görür. Bu minvalla, Azərbaycanda hər 100 adamdan biri narkotik maddələrlə bağlı saxlanılacaq. Vəziyyətin belə inkişafı ciddi narahatlığa səbəb olmalıdır.

Daxili İşlər Nazirliyindən bildirirlər ki, polis narkotiklə bağlı cinayətlərə qarşı daha güclü mübarizə aparır və bu səbəbdən də cinayətlərin açılması barədə bu qədər çox məlumatlar yayılır. Məsələnin bu tərəfi ilə razılaşmaq olar, amma narahatlıq doğuran odur ki, bu mübarizə niyə nəticə vermir? Necə olur ki, artıq neçə illərdi mübarizə getməsinə baxmayaraq, cinayətlərin sayı artmaqda davam edir.

Sabiq polis rəisi, “Miqrantlara Hüquqi Yardım Mərkəzi”nin sədri Əlövsət Əliyev ölkədəki bu vəziyyətlə bağlı araşdırmalar aparıb. Vəziyyətlə bağlı geniş təsəvvürə malikdir. Ekspert təhlillərə əsasən deyir ki, ölkəyə gələn narkotik maddələrin 90 faizdən çoxu İran İslam Respublikasından və Əfqanıstandan gətirilir: “Azərbaycanda erməni separatçılarının Dağlıq Qarabağın ərazisində narkotik bitkilər əkib-becərməsi və bizim ölkənin ərazisindən istifadə edərək başqa ölkələrə göndərimələri barədə məlumatlar var. Amma Azərbaycanda bu deyilənlərlə bağlı hələlik cinayət işi başlanmadığından dəqiq heç nə söyləyə bilmərik. Təsəvvür edin ki, artıq neçə vaxtdır narkotik vasitələrin yayılmasının qarşısını almaq üçün polis regional idarələr yaradıb. Amma buna baxmayaraq, bu tip cinayətlər hər il ötən ilə nisbətən 10-15 faiz artır. Özü də təkcə cinayət faktlarının sayı yox, götürülən narkotik vasitələrin miqdarı da artır. Həmçinin Azərbaycanda narkomanların sayı sürətlə artır. Ən böyük bəla da elə budur”.

Ə.Əliyevin sözlərinə görə, ölkədə narkomanların sayı rəsmi rəqəmlərdə göstərilənlərdən dəfələrlə çoxdur. Ekspert onu da deyir ki, biz yalnız aşkarlanan və mətbuata çıxarılan cinayətlərdən söhbət edirik, amma hələ nə qədər aşkarlanmamış olaylar da baş verir. Bu səbəbdən də həmsöhbətim təklif edir ki, hazırkı mübarizə üsulu ilə kifayətlənmədən bu mübarizə bir neçə istiqamətdən gücləndirilməlidir.

Ekspert əvvəlki illərlə müqayisədə daha qorxulu olan bir məsələnin üzərində xüsusilə dayanır. O deyir ki, aşkarlanan cinayət faktlarına baxanda görürük ki, narkotik vasitələrin dövriyyəsində əli olan xeyli hüquq-mühafizə orqanı əməkdaşı var: “Nəzərə alaq ki, prokurorluq hüquq-mühafizə orqanları içərisində ən sivili hesab edilir. Çünki bu orqanda hamısı ali təhsilli hüquqşünaslardır. Polisin 80 faizi orta təhsillidir. İndi təsəvvür edin, hətta prokurorluq əməkdaşları arasında narkotik maddələrlə bağlı həbs edilənlər mövcuddur. Bu, çox qorxulu tendensiyadır”.

Sabiq polis rəisinin sözlərinə görə, ən əvvəl narkotik vasitələrin Azərbaycana gətirilməsinə qarşı mübarizə sərtləşdirilməlidir. O deyir ki, hər il Dövlət Sərhəd Xidməti, MTN, DİN, Gömrük Xidməti tərəfindən aşkarlanan narkotik vasitələrlə bağlı hesabat açıqlanır: “Bu hesabatları müqayisə edəndən sonra müəyyən etmək olar ki, Dövlət Sərhəd Xidməti və MTN tərəfindən daha çox fakt aşkarlana bilərdi. Deməli, bu istiqamətdə mübarizənin ciddi şəkildə gücləndirilməsinə ehtiyac var. Bundan başqa, hər gün yayılan məlumatlarla bağlı monitorinq aparılmalı və ilin sonunda elan olunan hesabatlardakı rəqəmlər müqayisə edilməlidir. Fərq ortaya çıxacaq. Bundan başqa, aşkar olunan cinayət işləri ilə bağlı nə qədər məhkəmə proseslərinin keçirildiyini araşdırmaq lazımdır. Bəlli olacaq ki, cinayətkarların çoxu məhkəmə salonuna getmədən azad olunurlar”.

Ekspert onu da qeyd edir ki, Azərbaycan narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar, heç şübhəsiz, tranzit ölkədir. Ə.Əliyev bildirir ki, ölkəmizin ərazisindən 1989-cu ildən sonra tranzit kimi istifadə olunur və narkotik vasitələr daha çox Gürcüstana və Rusiyaya aparılır.

Ə.Əliyev qeyd edir ki, əgər polis mübarizəni artırdıqca cinayətlərin sayında da artım müşahidə olunursa, onda bu ziddiyyətin səbəbini tapmalıyıq. Onun sözlərinə görə, ziddiyyət mübarizənin effektli olmadığını göstərir: “Mən mübarizənin kifayət qədər artırıldığını görmürəm. Bakıda, eləcə də rayonlarda, hər məhəllədə, hər tində məhz kimlərin narkotik vasitə satdığını əksəriyyət bilir. Necə olur ki, narkomanlar asanlıqla gedib bu alverçilərə çıxırlar, amma polis onların hamısını birdən aradan götürə bilmir? Polisin mübarizəsinin effektsizliyinin bir səbəbi də odur ki, bu cinayətlərə qarşı ictimai mübarizə yoxdur.

Maraqlıdır, Azərbaycanda narkobaronlar varmı? Bu suala həmsöhbətimizin diqqət çəkən cavabı oldu: “Təbii ki, var. Bu, çox narahatedici məsələdir. İndiyə kimi bizdə bir nəfər də olsun vəzifəli şəxs narkotik vasitələrin dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb olunmayıb. Halbuki, bu tip cinayətlərin arxasında bəzi vəzifəli şəxslərin dayanması çoxları üçün sirr deyil. Məlumatlar var ki, belə kriminal dairələrin İtaliya, Çin, Yaponiya ilə çox ciddi əlaqələri var. Bu barədə müəyyən məlumatlar dövlətin də əlində var”.

Ə.Əliyev onu da bildirdi ki, Azərbaycanda təhlükəsizlik sektoruna parlament nəzarətinin mövcud olmaması bu kimi problemlərin böyüməsinə gətirib çıxarır: “İndi bu məsələlər Milli Məclisdə müzakirəyə çıxarılsa belə, effektli olmayacaq. Biz günahın hamısını polisin üzərinə sala bilmərik. Bu qurum təklikdə narkotik vasitələrlə bağlı cinayətkarlığa qarşı səmərəli mübarizə apara bilməz. Necə ki, heç vaxt Müdafiə Nazirliyi təkcə ordu ilə hər hansı zəfər əldə edə bilmədiyi kimi. Bütün bunların üzərində ictimai nəzarət olmasa, bəzi strukturlarda yuxarı pillələrdə oturanların başgicəllənməsi halları baş verəcək”.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar