“Günün sonuna kimi "Azəristiliktəchizat" ASC-nin bütün qazanxanaları qış qrafiki üzrə çalışacaq”.
Bunu "Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətləri şöbəsinin rəisi Rafiq Əliyev Lent.az-a açıqlamasında bildirib.
R. Əliyev qeyd edib ki, bütün “Azəristiliktəchizat” ASC-nin tabeliyindəki qazanxana və istilik məntəqələrinə artıq göstəriş verilib və qrafikə uyğun olaraq hamısı işə salınacaq: “ Gün ərzində 540 qazanxana, 92 istilik məntəqəsinin işə salınması nəzərdə tutulub. Günün sonuna kimi bütün qazanxana, istilik məntəqələrinin işləməsi nəzərdə tutulub. Bütün xətlər yoxlanılıb, sınaqdan keçirilib. Heç bir problem yoxdur”.
R.Əliyev qeyd edib ki, bəzi qazanxanaların xidmət zonasına 200-ə yaxın yaşayış binası, səhiyyə, məktəb kimi idarələr daxildir: “ Həmin qazanxanalardan 20-yə qədər məntəqəyə istilik gedir, məntəqədən də binalara paylanılır. Açılmalar getdikcə təzyiqlər tənzimlənir. Qazanxanaların texniki pasportu imkan vermir ki, birdən - birə yüksək təzyiqdə qaz vurasan. Temperatur tədricən qaldırılmalıdır”.