Sabah Ramazan ayının ilk günüdür. Lent.az-ın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası 4 gün əvvəl fətva verib. Bu axşam isə niyyət axşamıdır.
İyulun 28-i və 29-u Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.
Ramazan ayında hər gün şam azanı verildikdən sonra iftar etməyə icazə verilir. Namaz qılanlar axşam namazını qıldıqdan sonra iftar edirlər.
Halal yeməklərin hər hansı biri ilə iftar açmaq olar. Xurma, süd, halva, yaxud isti su ilə iftar açmaq xüsusilə savabdır.
Oruc tutan şəxs sübh azanı veriləndən axşam azanına kimi bir neçə əməldən çəkinməlidir.
Az, yaxud çox, bərk, yaxud maye, yeyilən istənilən qidanı qəbul etmək orucu pozar. Dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz.
Cinsi əlaqədə olmaq orucu batil edər.
Cinsi əlaqəyə girmədən, özündən cinsiyyət mayesini xaric edərsə (hər hansı üsulla olursa-olsun), oruc batil olar. Amma cinsiyyət mayesi qeyri-ixtiyari olaraq (məsələn, yuxuda) çıxsa, oruc düzgün sayılır.
Hər cür qatı toz və tüstünü udmaq, məsələn, narın un tozu, siqaret tüstüsü, su buxarı qatı halda olarsa, onları udmaq qadağandır.
İnsan qəsdən qusarsa, orucu batil olar. Qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində qusmaq istisnadır.
Bədənə imalə etdirməklə oruc pozular.
Şəxs cinsi əlaqədən sonra sübh azanına kimi qüsl etməsə, orucu batil olar. Oruc tutan şəxsin öhdəsində qüsl qalmamalıdır. Həmçinin, qadınlar onlara məxsus paklıq qüslünü sübh azanına kimi yerinə yetirməsələr, həmin günün orucu batil sayılır.
Oruc tutan şəxsin çimməsi arzu olunmaz hal sayılır. Amma çimməklə oruc batil olmaz. Çimən şəxs diqqətli olmalıdır.
Oruc tutan şəxsin suya baş vurması orucu batil etməz. Gərək bu zaman ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsin. Buna görə də suya baş vurmaq lazım gəlsə, mütləq ağız, burun və qulaq dəlikləri qapanmalıdır.
Ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, onu mütləq tüpürmək lazımdır.
Əgər dişini çəkdirərkən insan qan, su, yaxud dərman udmazsa, orucu düzgün sayılır.
Orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər (o cümlədən, diş çəkdirmək) arzu olunmazdır.
Xəstələnmiş şəxsin bədəninə yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədilə vurulan iynələr isə orucu batil etməz.
Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir.
Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər, onlar həm qəza orucundan, həm də kəffarədən (qəsdən pozulmuş orucun cəriməsidir) azaddırlar:
1. Həddi-buluğa çatmamış uşaqlar
2. Psixi cəhətdən qeyri-normal şəxslər
3. Qocalıb əldən düşmüş şəxslər
4. Aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr
Lent.az 2014-cü il üçün Ramazan ayının təqvimini təqdim edir: