90-dan artıq yaşı olan 7001 pensiyaçımız var
01 oktyabr 2013 17:05 (UTC +04:00)

90-dan artıq yaşı olan 7001 pensiyaçımız var

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı bir qrup ahıl pensiyaçı ilə görüş keçirilib.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov deyib ki, ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil artır, yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və onların pensiyalarının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

 

Səlim Müslümov bildirib ki, ahıl pensiyaçıların problemləri daim diqqət mərkəzində saxlanılır və onların pensiyalarının təyinatı, vaxtında və ən mütərəqqi metodlarla (plastik kartlarla bankomatlardan və ya POS-terminallardan) ödənilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda kənd yerlərində yaşayan və pensiya ödənişi aparılan pensiyaçıların 98,8%-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,5%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Bu məqsədlə ümumilikdə 701, o cümlədən kənd və qəsəbələrdə 159 bankomat fəaliyyət göstərir. Yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyədək ölkə prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 7 sərəncam verilib, bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib. Pensiyaların artırılması istiqamətində görülən davamlı tədbirlər bütün ahıl pensiyaçıların yoxsulluq səviyyəsindən yuxarı olan pensiya məbləğləri almalarına gətirib çıxarıb. Hazırda bu qəbildən olan vətəndaşların yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 190 manat təşkil edir.

 

Səlim Müslümov bildirib ki,  sentyabrın 30-dək  olan operativ məlumatlara əsasən, Azərbaycanda əmək pensiyaçılarının 342 min 373 nəfəri ahıl vətəndaşlardır. Onlardan 207 269 nəfəri qadın, 135 104 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 259 724 nəfəri 70-80 yaş arası, 75 648 nəfəri 80-90 yaş arası, 7001 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.

 

Görüşdə pensiyaçılara xatirə hədiyyələri təqdim olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803
avatar

Oxşar yazılar