Azərbaycanda ekoloji tədbirlər sistemi
23 dekabr 2014 11:55 (UTC +04:00)

Azərbaycanda ekoloji tədbirlər sistemi

 

Bu gün yer üzünün bütün zənginliklərindən yararlanmaq istəyən milyardlara insan gələcəyi düşünmədən təbiəti istismar etməkdədir.  Əhalinin sayı və istismar eyni dərəcədə artarsa yer kürəsinin bütün qaynaqları insan ehtiyaclarını qarşılaya bilməyəcək bir vəziyyətə düşə bilər. Bu səbəbdəndir ki, XXI əsrin gündəliyində irəli sürülən müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlıdır. Çünki təbiət, obrazlı şəkildə ifadə etsək bizim evimizdir və gələcəyimiz bizə əmanət olunan bu evin təmizliyinin qorunub saxlanmasına necə riayət etməmizdən çox asılıdır. Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi  davamlı inkişaf üçün vacib amillərdən biridir.

Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Bu imkanlar isə ekoloji təhlükəsizlik üçün proqressiv amil kimi qiymətləndirilməyə bilər. Çünki sənayenin inkişafı ekoloji problemlər doğurmaq iqtidarındadır. Belə problemlə üzləşməmək üçün ekoloji cəhətdən təmiz texnologiyaların Azərbaycana gətirilməsi stimullaşdırılmalıdır. 

Müstəqilliyimizdən sonrakı illərdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının yaradılması istiqamətində respublikamızda müəyyən işlər görülmüşdür. Məsələn,1998-ci ildə “Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət Planı” hazırlanmışdır. Davamlı inkişafa keçid prinsiplərinə uyğun olaraq ətraf mühit və təbii ehtiyatların sistemli idarə olunması istiqamətində müəyyən institusional tədbirlər görülmüşdür. Bu tədbirlərdən ən mühümü 2001-ci ilin  may ayında yeni strukturları əhatə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasıdır. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla icra olunmuşdur.

Azərbaycan qlobal ekoloji problemlərin həllində aktiv iştirak etməklə, regional  və beynəlxalq səviyyədə geniş fəaliyyət göstərir. Son zamanlar ekoloji problemlərin həllinə həsr olunmuş müşavirələrin, yerli və beynəlxalq konfransların keçirilməsi bu sahənin dövlətin prioritet məqsədləri sırasına daxil edilməsinin əyani sübutudur. Ölkəmizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə də diqqət artırılır, ekoloji vəziyyətin yaxşılaşdırılması istqamətində əhəmiyyətli addımlar atılır.  Beynəxalq konvensiyaların ratifikasiyası, beynəlxalq sahədə əməkdaşlığın genişlənməsi, eyni zamanda, milli səviyyədə qanunların qəbulu və həyata keçirilməsi sübutedici faktorlardır. Azərbaycan ekoloji cəhətdən gərgin regionda yerləşdiyi üçün ekoloji qayğı daim diqqət mərkəzindədir. 2010-cu ildə bu məqsədlə “Ekologiya ili” elan olunmuş, bu il ərzində Respublikada ekoloji durumun vəziyyəti, gənc nəslin maarifləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirilmişdir.

Nailə Məmmədova

Azerbaijan Realities

 

# 92
avatar

Oxşar yazılar