Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sistemindən istifadə edən vətəndaşların sayı artmaqdadır. Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Lent.az-a verilən məlumata görə, sistemin tətbiq olunduğu 3 ay ərzində Fond tərəfindən 558 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub. 11 oktyabr 2013-cü il tarixə olan statistikaya əsasən, təyinat aparılan şəxslərin 184 nəfəri Bakı şəhərində, 374 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlardır.
Yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına bu il iyulun 11-dən başlanılıb. Bu sistem Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir. Sistemin üstünlüyü ondan ibarətdir ki, pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən “190-0 Cağrı Mərkəzi” nə zəng vuraraq real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu, sistemdə şəffaflığın daha da artmasını təmin etməklə yanaşı, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.