Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 11-17 mart Dünya Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən bildirilib.
Verilən məlumata görə, konfransda oftalmoloqların məruzələri dinlənilib, qlaukoma, onun müasir diaqnostik təhlilindən, müalicəsindən danışılıb və xəstəliyin aradan qaldırılmasına dair fikir mübadiləsi aparılıb.
Bildirilib ki, qlaukoma göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Xalq arasında göz təzyiqi və ya “qarasu” olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir.
Günəş işığı və isti mühit qlaukomanın yaranmasına birbaşa səbəb olur.
Statistik məlumata əsasən dünyada qlaukoma xəstələrinin sayı 44.7 milyon nəfərdir.
Bu xəstələrin 2.8 milyon nəfəri ABŞ-da yaşamaqdadır.
Aparılan hesablamalara əsasən 2020-ci ildə 58.6 milyon şəxsdə qlaukoma xəstəliyinin olacağı proqnozlaşdırılır.