40 nəfər əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən istirahət mərkəzinə yola salınıb. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən xəbərə görə, əlilliyi olan şəxslər Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.
Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə təşkil olunacaq.
İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar keçiriləcək.
Nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq təşkil olunan tədbir əlilliyi olan şəxslərin yaz-yay mövsümündə mənalı istirahətinin təşkilinə xidmət edir.
Proqrama əsasən, 2014-cü il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub.