İslam terror deyil!
Bütün qara PR-a baxmayaraq İslam dini dünyanın əsas dinlərindən biri olaraq qalmaqdadır. Zaman keçdikcə İslamın gerçək müddəaları ilə tanış olan şəxslərin bu dinə olan sevgisi, hörməti daha da artır. Bu isə təbii ki, İslam dini sıralarına qoşulanların sayının da getdikcə artmasına təkan verir. Bu gün İslam Qərbdə ən sürətli böyüyən dinlərdən birisidir və bəzi məlumatlara əsasən inananların sayı baxımından Avropanın ən böyük ikinci dini statusunu qazanmışdır. Qərb dünyasını qorxudan və sarsıdan amillərdən aparıcısı da məhz budur: İslam birliyi. Tarixi faktlar da sübut edir ki, Qərb daim müsəlman dövlətlərin birliyindən ehtiyat etmiş, onları bir-birinin əli ilə məhv etməyə istiqamətlənən strategiya yürütmüşdür. Qərbin güclü müsəlman rəqiblərini yox etmək üçün əl atdığı ən sevdiyi düstur: Qərb fitnəsi – müsəlman qırğını- tamaşaçı mövqeyi.
Qərb ölkələrində müsəlmanlardan qorxu xəstəlik halına dönüşüb. Bu vəziyyət elə bir şəkil alıb ki, daim azadlıq, ədalət, bərabərlik çağırışları edən Qərb ölkələrinin çoxsunda müsəlmanlara qarşı gizli mübarizə üsulları seçilmişdir (hicaba qadağa və s.). İsveçrə kimi - Qərbin “azadlıqlar ölkəsi” olaraq tanınan ölkəsində hətta minarəyə qarşı mübarizə aparılmış, 2009-cu il 29 noyabr tarixində yeni minarə tikilməsinə qadağa qoyulub qoyulmaması ilə bağlı referendum keçirilmiş və əhalinin 57 %-dən çoxu qadağanı dəstəkləmişdir.
İslam humanizm, dostluq, qardaşlıq, yardımlaşma, sülh, əmin-amanlıq, sabitlik dinidir. İslam dünyada ədaləti, bərabərliyi bərpa etməyə çalışan bir dindir. İslam insanların bir-birinə düşmənçiliyinə son qoymağa, irqindən, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq dostluğa çağırışa yönələn bir dindir. İslam inkişaf, elm, yenilik dinidir. İslam dininin müddəaları terrora, zorakılığa qarşıdır. İslam terror deyil! Terror, qeyri-müsəlmanları İslama gətirmə üsulu deyil və olmayacaq da! İslamı ləkələməyə çalışanlar, İslam adından sui-istifadə edənlər bu dinin pərdəsi altında öz arzu və niyyətlərini reallaşdıraraq dini ləkələməyə çalışırlar...
Nailə Məmmədova
Azerbaijan Realities
226