Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.
İyulun 17-dən transfer.edu.az portalından 810 nəfər tələbə orta ixtisas, 3350 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün elektron portaldan qeydiyyatdan keçib.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün tələbələr tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Elektron sənəd qəbulu avqustun 22-dək davam edəcək.