Təhsil müəssisələrində təhsil və tərbiyə alanların sağlam qidalanması, həyat və sağlamlıqlarının qorunması, bu sahədə müasir qidalanma sisteminin yaradılması və tələblərin müəyyən edilməsi məqsədi ilə AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı” qəbul edilib. Bu barədə Lent.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Standart təhsil müəssisələrində təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə təhsil müəssisələrində qidanın təhlükəsizliyinə, tərkibinə, dəyərliliyinə, həcminə, keyfiyyətinə və qidanın qəbul şəraitinə, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən texnoloji şəraitə vahid tələbləri müəyyən edir.
Dövlət Komitəsi yanında Dövlət Nəzarəti Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən 23 uşaq bağçasında adıçəkilən standartın tələblərinin icrası ilə bağlı dövlət nəzarəti həyata keçirilib, araşdırmalar zamanı bağçaların bir çoxunda AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinə əməl olunmadığı aşkar edilib.