"20 Yanvar şəhidlərinin qanlı paltarları bu günə qədər saxlanılır".
APA-nın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş "20 Yanvar-Şəhidlik zirvəsi" mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları sədrinin müavini Fuad Nurullayev deyib.
F. Nurullayev bildirib ki, əslində şəhidlər paltarları ilə dəfn edilməli idi: "Ancaq o dövrdə insanlarımız bunu fərqli başa düşürdü. Həmin vaxt Azərbaycan dövləti başsız idi, bir neçə ağsaqqal Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başına yığılmışdı. Şeyxülislam Allahşükür Paşazadə və ağsaqqallar da bunu nəzərə aldı.
Ancaq şəhidlərin o qanlı paltarları saxlanıldı, bu gün də saxlanılır. Çünki bu, bir tarixdir. Bir məqamı da qeyd edim. O zaman şəhidlərin doğulduqları rayonlarda dəfn edilməsi istənilirdi. Rejim rəhbərləri istəyirdilər ki, şəhidlər müxtəlif rayonlarda dəfn olunsunlar, bu faciə də ört-basdır edilsin. Ancaq şəhidlərin köhnə Çəmbərəkənd qəbiristanlığında dəfninə nail olundu. O qəbiristanlıqda əsrin əvvəlində ermənilərin qətlə yetirdiyi insanlarımız dəfn edilmişdi".