Son 1 ay ərzində Azərbaycanda qeydə alınan ilan və həşərat sancmalarının sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, ötən 1 ayda 18 nəfər gürzə sancması, 4 nəfər əqrəb, 3 nəfər isə qaraqurd sancması ilə Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinə yerləşdirilib. A.Maqsudov qeyd edib ki, ilan sancan şəxslərdən 15 nəfər evə buraxılıb, qalan 3 nəfər şöbədə hələ də müalicəsini davam etdirir: “Qaraqurd və əqrəb sancması ilə mərkəzə daxil olanlar isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Əqrəb və qaraqurd sancması hadisələri əsasən Bakı ətrafı kəndlərdə qeydə alınıb. İlan sancma halları isə Azərbaycanın müxtəlif rayonlarında - İsmayıllı, Goranboy, Şamaxı, Hacıqabul, Kürdəmirdə, Bakı ətrafı rayonlardan-Qobustan, Qaradağ, Xəzərdə daha çox qeydə alınıb.
Hadisələrin sayını ötən ilin müvafiq dövrü ilə müqayisə edən A.Maqsudov qeyd edib ki, hələlik ciddi artım yoxdur. Onun sözlərinə görə, ötən ilin müvafiq dövründə hadisələrin və müraciətlərin sayı daha üstün idi. Amma getdikcə müraciətlərin sayının artması gözlənilir.