“Təbii ki, sözügedən strategiyanı işləyib hazırlayan komissiyanın üzvü kimi, mən təhsilin inkişafının strateji məqsədlərində 12 illik sistemə keçidin müəyyən edilməsini düzgün hesab edirəm”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulun üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə anspress-in sorğusuna cavabında bildirib.
Məleykə Abbaszadə ölkədə 12 illik ümumi təhsilə keçidin Dövlət Strategiyasına əsasən təsbit edildiyini bildirib: “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib. Həmin strategiyada Respublikamızda 12 illik ümumi təhsilə keçidin təmin olunması təsbit edilib”.
“12 illik təhsil sisteminə keçidlə əlaqədar olaraq TQDK-nın fəaliyyətində hansı dəyişikliklər olacaqmı” sualına Komissiya sədri Məleykə Abbaszadə sərəncama əsasən, 5 ay ərzində Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icra mexanizminin hazırlanıb Prezidentə təqdim edilməli olduğunu söyləyib: “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə ölkə prezidentinin fərmanına əsasən, təhsil sahəsində vahid dövlət siyasətini həyata keçirən qurum Təhsil Nazirliyidir”. Məleykə Abbaszadə strategiyanın hansı mexanizm üzrə hansı müddətə həyata keçiriləcəyini Təhsil Nazirliyinin müəyyən edəcəyini bildirib: “Bunu nazirlik müəyyən edəcək ki, strategiyada təsbit olunmuş hədəflər hansı mexanizm üzrə və hansı müddətdə həyata keçiriləcək”.
TQDK sədri 12 illik sisteminə keçidlə əlaqədar planlar açıqladıqca Komissiyanın fəaliyyətində müəyyən dəyişikliklər olacağını söyləyib: “Öz tərəfimdən isə onu deyə bilərəm ki, TN-nin taktiki planları açıqlandıqca, TQDK öz fəaliyyətini tənzimləyən normativ sənədləri işləyib hazırlayacaq”. M. Abbaszadə yeni sistemə keçidlə əlaqədar qəbul qaydalarında dəyişiklik ola biləcəyini də söyləyib. Məleykə Abbaszadə qəbul qaydaları ilə bağlı hər hanşı dəyişiklik olarsa, əvvəlcədən məlumat verəcəklərini söyləyib: “Ümumiyyətlə, təhsil sistemi canlı orqanizmdir. Hər bir orqanizmdə olduğu kimi, burada da hərəkət, dəyişiklik-həyatdır, durğunluq isə ölümdür. Şübhəsiz, yeni sistemə keçidlə bağlı qəbul qaydalarında hər hansı dəyişikliklərin həyata keçirilməsi zərurəti yaranarsa, bu haqda 1-2 il əvvəl məlumat veriləcək”.
M. Abbaszadə 12 illik təhsil sisteminə keçidin Azərbaycan təhsilinə təsiri ilə bağlı dərin və tutarlı araşdırmaların aparılmasının tərəfdarı olduqlarını qeyd edib. O hər il belə elmi araşdırmaların komissiya tərəfindən aparıldığını söyləyib. “Belə təhlillər həm sosioloqlar, həm demoqraflar, həm də iqtisadçılar tərəfindən aparıla bilər. Eyni zamanda, elmi konfranslar və seminarlar çərçivəsində peşəkarlar və mütəxəssislər tərəfindən belə məsələlər ətrafında fikir mübadiləsinin aparılması mövcud problemlərin dərk edilməsinin səviyyəsinin artırılması ilə nəticələnə bilər”.