11 ayda QHT-lərə 51 milyon manat verilib
03 dekabr 2013 18:14 (UTC +04:00)

11 ayda QHT-lərə 51 milyon manat verilib

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda dövlət başçısının “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 noyabr 2013-cü il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.

 

Bildirilib ki, qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam edir, nazirlikdə dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 2.900-ü ötüb. Təkcə bu ilin 11 ayı ərzində 51 milyon manatdan çox məbləği əhatə edən 1230 qrant müqaviləsi qeydiyyata alınıb.

 

Nazir QHT-lərə elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi və görülən işlərin səmərəliliyinin artırılması üçün daha qətiyyətli addımların atılmasında ölkə başçısının qeyd olunan Fərmanının müstəsna əhəmiyyətini və qarşıda duran mühüm vəzifələri xüsusi vurğulayıb.

 

İclasda çıxış edən nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov “Qeyri-kommersiya hüquqi şəxsləri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin, nazirlik tərəfindən göstərilən elektron xidmətlər sırasında QHT-lərin və digər qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru, eləcə də onların dövlət reyestrinə daxil edilməsi ilə bağlı məlumatın verilməsinə dair yeni işlək funksiyaların yaradıldığını qeyd edib. Həmçinin, QHT-lərə daim metodiki köməklik göstərilərək tövsiyə və məsləhətlər verilir, əyani vəsaitlər təqdim olunur.

Kollegiyada kadr işinin təkmilləşdirilməsi, o cümlədən gənc mütəxəssislərin qulluğa qəbulu prosesinin daha da yaxşılaşdırılması, onların səmərəli tədrisi və peşə vərdişlərinə mükəmməl yiyələnməsi ilə bağlı aidiyyəti tapşırıqlar verilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767

Oxşar yazılar