Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Elməddin Vəkilov Daşkəsəndə dəfn edilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi Daşkəsən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Qeyd edək ki, Respublika Hərbi prokurorluğunun dünən yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşmüş daha bir hərbçinin - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə, aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.
Şəhid hərbçimiz 1988-ci ildə Daşkəsən rayonunda anadan olub.