Vətən müharibəsi qəhrəmanları üçün daha bir  YENİLİK
27 may 2021 15:05 (UTC +04:00)

Vətən müharibəsi qəhrəmanları üçün daha bir YENİLİK

Gənc ailə (yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan “Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları)” kateqoriyasına aid şəxslər də güzəştli mənzil əldə edə biləcəklər.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Lent.az-a verilən məlumatda qeyd edilib ki, Prezident İlham Əliyevin 4 may 2021-ci il tarixli fərmanı ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və MİDA-nın sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni kateqoriya əlavə olunub.

Dövlət başçısının bu fərmanını icra etmək məqsədilə ötən müddətdə agentlik “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparıb, həmin kateqoriyalara aid olan vətəndaşların təqdim etməli sənədlər müəyyənləşdirilb. Sənədlərin siyahısı ilə www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Yeni kateqoriyaya aid şəxslər 2021-ci il mayın 27-dən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan şəxslər mənzillərin seçimi zamanı daha öncə elektron kabinetə sahib olmuş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.

Qaydaya edilən digər bir dəyişikliklə “Milli Qəhrəman” adlı mövcud kateqoriyanın adı “Azərbaycanın Milli Qəhrəmanı” ilə əvəz edilib.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar