Uşaqlara hərbi forma geyindirmək doğrudur? – PSİXOLOQDAN CAVAB
28 sentyabr 2022 18:17 (UTC +04:00)

Uşaqlara hərbi forma geyindirmək doğrudur? – PSİXOLOQDAN CAVAB

44 günlük Vətən Müharibəsindəki qalibiyyətimizi hər kəs fərqli formada təbliğ edir. Təbliğatlardan biri və ən çox istifadə ediləni isə balaca uşaqlara hərbi formaların geyindirilməsidir. Burada diqqət çəkən bir məsələ azyaşlıların geyindiyi hərbi formanın onlara psixoloji təsiridir.  

Əsasən, şəhid övladlarının üzərində müşahidə olunan hərbi geyimlər uşaqların psixologiyasına necə təsir edir?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, 90-cı illərin uşaqlarına heç hərbi formanı geyindirməmişdilər, amma onlar 44 gündə tarix yazdı:
    
“Bu məsələdə valideynlərin həyata münasibəti əsas rol oynayır. 1990-cı illərin uşaqlarına heç hərbi forma geyindirmirdilər. Amma həmin uşaqlar 44 gündə tarix yazdı. Övlada vətəni sevdirmək, onu təbliğ etmək forma geyindirməkdən asılı deyil. O formanı geyindirməklə uşağına vətəni sevdirmirsən. 

Bu günlərdə şəhid övladları hərbi formanı geyinərək “Mən də atam kimi qəhrəman olacam” deyirlər. Həmin uşaqlar bunu anlayıb edir. O müharibəni dərk edir. Amma elə körpələr var ki, o geyimlər onlara birbaşa psixoloji təsir edir”.

Psixoloq anım günlərində azyaşlıya oyuncaq tapança verilməsinə də münasibət bildirib:

“Bunun içərisində aqressiv davranış var. Həmin uşağın psixologiyası qarşı tərəfə hər an hücuma keçməsi ilə formalaşır. Azyaşlı uşağa tapança vermək aqressiv davranışları təbliğ edir. Bu aqressiya bir müddət sonra valideynə doğru qayıdır. Uşaqlarda aqressiv davranışların yaranması valideynlərin övladlarını nəyəsə məcbur etməsi ilə yaranır. Qeyd etdiyim kimi, valideynlərin övladlarına göstəriş xətrinə hərbi geyim geyindirməsi düzgün addım deyil. Əgər vətənə sevgini təbliğ etmək istəyirlərsə, bunu hərbi geyim geyindirmədən də edə bilərlər. Uşaqların psixologiyasını aqressiya ilə korlamaq olmaz”.

Psixoloq Fidan Nəzirova isə qeyd edir ki, azyaşlıya hərbi geyimin heç bir mənfi təsiri ola bilməz:

“Uşaqlara hərbi formanı geyindirmək uşaqdan-uşağa fərqlənir. Yəni hər uşaq eyni psixoloji durumda deyil. Amma vətənpərvərliyin təbliğ olunması vacibdir. Bizim tariximizi nümayiş etdirmək üçün  belə addımlar vacibdir. Bəzi valideynlər deyir ki, hərbi geyim uşağımın psixologiyasına mənfi təsir göstərir. Əgər uşaq bunu qəbul edib geyinirsə, sevincli halda nümayiş etdirirsə, burda heç bir mənfi təsirdən söz gedə bilməz.

Təfəkkürü normal inkişaf etmiş uşaq var ki, onlara hərbi geyim mənfi təsir edə bilməz”.\

# 3009
avatar

Fidan İlqar

Oxşar yazılar