"Şadlıq sarayları beynəlxalq standartlara uyğunlaşdırılmalıdır”.
Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, Azərbaycanda toy mədəniyyəti xalqımızın ən gözəl adətlərindən biridir: “Lakin etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var. Bu, nə dini baxımdan, nə milli ənənə baxımından, nə də iqtisadi məntiqlə izah oluna bilər. Bizim toylarımız sevinc məclisi olmaqdan çıxıb, sanki sosial yarışa çevrilib. İsrafçılıqla mübarizə təkcə maliyyə məsələsi deyil, həm də sosial məsuliyyətdir”.

Deputat toylarda musiqinin səsinin də ciddi problem olmasına diqqət çəkib: “Dünyanın bir çox ölkəsində – məsələn, Türkiyə, Avropa Birliyi ölkələri və Yaponiyada restoranlar üçün xüsusi akustik standartlar var. Musiqinin səs gücü adətən 85–90 dB həddini keçə bilməz. Bu hədd insan qulağı üçün təhlükəsiz hesab edilir. Zalın divarları səsi udan panellərlə, tavan xüsusi akustik örtük ilə təmin olunur. Bizdə isə bir çox şadlıq evində bu tələblər yoxdur, nəticədə musiqinin səsi 100–110 dB həddinə qədər yüksəlir ki, bu da sağlamlıq üçün təhlükəlidir.
Təklif edirəm ki, şadlıq evlərinin lisenziyalaşdırılmasında akustik standartlar məcburi olsun, səs gücü üçün yuxarı limit tətbiq edilsin, akustik panellər və səsizolyasiya dövlət standartının bir hissəsinə çevrilsin. Şadlıq sarayları beynəlxalq standartlara uyğunlaşdırılsın. Əks halda toy sahibi musiqini eşitmək əvəzinə, sadəcə səs-küy eşidir".