Toylar Azərbaycan insanına... necə toy tutur? - ARAŞDIRMA
14 fevral 2022 17:12 (UTC +04:00)

Toylar Azərbaycan insanına... necə toy tutur? - ARAŞDIRMA

“Təxminən 1 ay əvvəl qızıma toy etdim. 35 min manata yaxın xərcim çıxdı. Əvvəllər 100 manata aldığım qazan, indi 200 manat olub. Bütün qiymətlər od tutub yanır”.

Yaxın vaxtlarda qızına toy edən Mirvari xanım bazardakı qiymətlərdən çox narazıdır. Deyir, təkcə “həri” üçün 800 manatdan çox xərci çıxıb.

“Təki, qızım xoşbəxt olsun, hər şey ona qurbandı. Gərək valideynlər övladlarından heç nəyi əsirgəməsin”.

Lent.az Mirvari xanımın bu sözündən yola çıxaraq, bircə dəfə toy etməyin azərbaycanlı ailəsinə neçəyə başa gəldiyini maraqlanıb. 

Öncə bir çox gənc qızın arzusu olan gəlinliklərdən başladıq. Müşahidələrimiz onu göstərir ki, ötən illə müqayisədə qiymətlərdə artım olmayıb. Satıcı Mehriban xanım hətta qiymətlərdə endirimlərin olduğunu da bildirdi:

“Ötən illərin modellərinə endirimlər edirik. Modelindən asılı olaraq gəlinliklərin bir günlük icarə qiymətləri 250-1000 manat arasında dəyişir”. 

Əlbəttə, yalnız bir gün üçün 500, 600, 800, 1000 manat vermək kasıb, ortabab təbəqənin cibinə hesablanmayıb. Müştəri kimi maraqlandığımız gəlinlik satılan mağazalarında da qiymətlər 200 manatdan 1000 manata kimi dəyişirdi.

Nişan-xınayaxdı, toylarımızın bəzəyinə çevrilən xonçaların qiyməti isə istənilən cibə uyğundur. Mağazalarda qiymətlər müxtəlif olsa da, məbləğ 10, 20, 50, 70 manat arasında dəyişir. Toy üçün vacib olan əşyalardan biri də güzgü və şamdandır ki, onların da qiymətində artım müşahidə olunur.

Belə ki, iki şamdanlı gəlin güzgüsü 50-120, nabat 30-110, çıraqların qiyməti isə 25-50 manat arasındadır. Toy gününə həvəslə hazırlaşan gənc gəlinlərimiz üçün paltar önəmli olduğu qədər makiyaj da vacibdir. 

Saç ustası Ülviyyə xanım deyir ki, salonlarında gəlin bəzədilməsi 150-400 manat arası dəyişir:

“Qız, həm də oğlan toyu üçün bizim salonda bəzənərsə, bir az endirim mümkündür, ortalama təxminən 300 manat. Yalnız bir toy üçün qiymət isə 200 manatadır. Uzağı 20-30 manata endirim edə bilərik. Qiymətlərə gəlinin saç yığımı, makiyaj, qaşların alınması, manikür, pedikür daxildir”.

Yaxınlaşdığımız digər gözəllik salonlarında isə qiymətlər belə idi: 150-200-250 manat.

Toyun ən çox pul aparan məqamlarından biri də necə deyərlər, qır-qızıl alınmasıdır. Xüsusən də bəy evi üçün... 

Satıcılarla söhbətimizdən də bəlli olur ki, bazarda ötən illə müqayisədə qiymətlərdə artım var. Belə ki, ötən il 2000 manata satılan qızıl dəstinin qiyməti 2200-2500 manata qədər artıb.

Satıcı Arifin təklif etdiyi qiymətlər isə belədir: “Gəlinin nişan üzüyünün qiyməti 200 manatdan başlayır. Komplektlər isə 1500-dən 9000 manat arası dəyişir”.

Bəy üçün üzüklərinin qiyməti isə müxtəlifdir. Bəzi yerlərdə 100, 120, 150, bəzi yerlərdə isə 400-700 manat arası dəyişir.

Bazarda sarı qızılla müqayisədə ağ qızılın daha çox alındığını nəzərə alsaq, qiymətlərin də müxtəlif olduğunu söyləyə bilərik. Məsələn, sarı qızıl dəsti 400 manatdan başlayır. Ağ qızıllarda isə qiymət 1000-dən.

Bazardakı ümumi qiymətlər isə belədir:

Komplektlər 400-9000 manat, kişi üzüyü (qızıl) 100-900 manat, bəy üçün brilliant üzük 1200–2000 manat, İtaliya istehsalı olan gəlin nişan üzüyü 300-2000 manatdı.

Gəlin maşınlarının icarə qiymətləri də müxtəlifdir: 100-1000 manatadək. İcarədar Aqil dayı deyir ki, istənilən qiymətə, cibə münasib gəlin maşınları var:

“İki qapılı, yalnız bəy-gəlin üçün nəzərdə tutulan üstüaçıq maşınlarımız var, qiyməti 150 manatdır. “Porşe Panamera” markalı avtomobillərin kirayəsi 400 manatadır. “Mersedes”lər də çox sərfəlidir, 170 manata. “Maserati, “Bentley” 500-600 manata. “Rolls Royce” isə bazarda təklif olunan ən bahalı gəlin maşınıdır: günü 1300 manata”.

Restoranları isə qiymətinə və toy edənlərin sosial durumuna görə, aşağıdakı kimi ümumiləşdirmək olar:

İmkanı aşağı olan təbəqə üçün 40-50 manat (bir adama), orta təbəqə üçün 50-70, daha imkanlı ailələr üçün 100-150 manata.

Elə qız evinin xərci də oğlan evi ilə müqayisədə az deyil. Qız evi üçün ən böyük xərc isə cehizdir. Əsas da mebel alınması. Bir neçə mebel dükanında apardığımız kiçik araşdırmadan bu nəticəyə gəldik.

Yataq və qonaq dəstlərinin ayrılıqda qiymətləri 2200-dən 9000 manatadəkdir. Dəstə divan-kreslo daxil deyil. Divan-kresloların qiyməti isə maraqlandığımız mağazada 800-dən 1600 manat arasındadır.

Satıcı Günel xanım deyir ki, endirimdə olan mebellər cibə daha münasibdir:

“Endirimdə olan mebellərimiz var ki, onların qiyməti 3000 manatdan yüksək deyil. Yataq, qonaq dəsti ilə birgə 4000 manata kampaniyaya qoyduğumuz mebelin üzərində divan-kreslo da hədiyyə olaraq verilir”.

Amma ötən illə müqayisədə mebellərin qiyməti, demək olar ki, dəyişməyib. Satıcı modeldən asılı olaraq alıcıya qiymətlərdə endirim etdiklərini deyir:

“Məsələn, üzərində qiyməti yazılmayan mebellərə endirim edirik. Endirimin nə qədər olması modeldən asılıdır. 100, 300, 400, hətta min manatadək endirimlər olur. Üzərində qiymətləri yazılan mebellərə endirim etmirik, bu son qiymət kimi göstərilir”.

Bəy geyimləri ilə də maraqlandıq. Bəylik kostyumlarının qiyməti isə belədir: 150-350 manat. Qalstuklar 20-30, sancaqların qiyməti isə 10-15 manatdan başlayır. Bəy köynəkləri isə 50-80 manatadəkdir.

Qaldı qızın digər cehizləri... Burada isə qiymətlər təxminən belədir:

Televizorlar 200-2200, paltaryuyanlar 500-1200, soyuducular 500-2500, kondisionerlər 400-2500, ütülər 70-350, xalça 120-500, qab-qacaqlar 250-300, çilçıraqlar (yataq və qonaq üçün) 300-500, pərdələr (1 metri) 30 manat civarındadır.

Bunlardan əlavə, yorğan-döşək salmaq isə 300-350 manata başa gəlir. Qız anası Mənsurə xanımın da xərcləri az olmayıb:

“Qızımı köçürtmək üçün hər dəfə kəndə gedəndə 10 kilo yun almışam. Buradan almadım, Bakıda qiymətlər bahadır. Altı manatdan cəmi 50-60 kilo yun aldım. Ümumilikdə, 300-350 manat xərcim çıxıb. Cehizlərə ən azı 7-8 min xərcim çıxdı. Əl-üz silən dəsmalından tutmuş lazım olan hər əşyayacan aldım. Bəy üçün isə yalnız hamam geyimi aldım. Kostyum almadım. Bəy üzüyü isə 450 manata oldu. Bütün xərcləri də toydan yığdığım pulla ödədim. Şükür olsun ki, restorandan da üzüqara çıxmadıq”.

Həmsöhbət olduğumuz Sevinc xanım isə qızını yayda köçürəcək. Artıq hazırlıqlarına da başlayıb: 

“60 kilo yuna 450 manat pul vermişəm. Toya aylar öncə hazırlaşmaq lazımdır ki, çox yük düşməsin”.

Oğlan anası Südabə xanım deyir ki, qızıllara 7000 manatadək xərci çıxıb:

“Qızıllardan əlavə, 5 minədək də toya xərcimiz çıxdı. Gəlinin xına paltarı, iki toy üçün gəlinliyi ümumilikdə 500 manat oldu. Qız toyuna 200, oğlan toyuna isə 300 manat gəlin maşınına pul verdik”.

Restoranın pandemiyadan öncə ilə müqayisədə baha olduğunu deyən Südabə xanım narazılığını da gizlətmədi:

"Danışdığımız restoranın menyusu isə 75 manata idi. Amma bu qiymətə dəyməzdi”.

Babalarımızın belə bir məsəl var: sənə bir toy tutum ki... Bəlkə də dədələrimiz uzaqgörən olduqları üçün elə bugünkü toy mərasimlərini deyirmişlər… 

Amma...amma bütün bunlara baxmayaraq, təki toy olsun...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8463
avatar

Fidan İlqar

Oxşar yazılar