Torpağına qurban, Şuşa...
18 may 2022 13:56 (UTC +04:00)

Torpağına qurban, Şuşa...

Şuşa haqqında hamı yazır, danışır və bu, hər kəsin haqqıdır. Çünki əzəldən hər kəsə əziz olan Şuşa azad olunduqdan sonra hamımız üçün daha doğma və əziz oldu.

Şuşanı ruhunda yaşadanlar - şuşalılar isə Şuşa haqqında sadəcə danışmır və yazmır, onlar Şuşanı yaşayaraq vəsf edir, 28 il qəlblərində yaşadıqları o müqəddəsliyi xəfif pıçıltı ilə anladırlar. Çünki Şuşa şuşalılar üçün işğal olunmamışdı. Şuşalıllar Şuşanı qəlblərinin dərinliyində yaşadır, bununla da özləri üçün Xan yurdunun paklığını qoruyub saxlayırdılar...

Şuşa azad olunan gün biz şuşalılar yenidən gəldik dünyaya, ruhən yeni bir həyata başladıq. Dünya gözəlləşdi bizimçün. Torpaqlarımızın hər qarışının, hər kəndin, hər rayonun azad olunmasına nə qədər sevinmişdiksə, Ali Baş Komandanın “Şuşa, sən azadsan!” nidası bizi hələ də izah edə bilmədiyimiz bir aləmə apardı. Reallıqdan uzaqlaşdıq, nağıllar, xəyallar aləminə düşdük sanki. Sonradan neçə-neçə doğmalarla söhbətdə də bir daha əmin oldum ki, hamı bu və ya digər dərəcədə oxşar hisslər keçirib həmin gün. Deməli, Vətən, yurd nisgili və torpağa ruhi bağlılıq eyni hissləri yaşadıb bizlərə. Hətta hisslərimizdəki eynilik və həmrəylik də məni sevindirdi xeyli. Bəlkə illərlə ümidsizlikdən də məhz həmrəyliyimiz və birliyimiz, ruhən yaşatdığımız doğma yurd xəyalları sayəsində qurtula bilmişik elə.

Tək Azərbaycanın deyil, Türk dünyasının, İslam dünyasının cazibə mərkəzi, şərq müdrikliyini yaşadan Şuşa mənə elə gəlir ki, dünyanın ən sadiq şəhəridir. Öz sahiblərinə sadiq qalan, bir qərinəyə yaxın müddət keçsə də, ruhunu dəyişmədən qoruyub saxlayan, sahiblərinə qovuşduqdan sonra ruhunun donu açılan Şuşam. Hər daşı, hər ağacı, hər yolu, hər cığırı müqəddəs Şuşam, şükürlər olsun ki, sənə vəfa borcumuzu qaytara bildik, sənə qovuşa bildik.

Şuşaya olan bütün sevgilər, bütün münasibətlər fərqlidir, ən yüksək ehtirama layiqdir. Kiçik bir uşaqdan ağsaqqaladək, əsgərdən generala qədər hər kəs Şuşaya öz doğması kimi münasibət bəsləyir. Bu cazibənin sirri də yəqin ki, Şuşanın müqəddəs ruhuna bağlıdır.

Ancaq düşünürəm ki, bir münasibət hamını təsirləndirir, hər kəsi başqa cür həyəcanlandırır. Bu, Ali Baş Komandanımızın – Prezident İlham Əliyevin Şuşa haqqında fikirləri və Şuşaya hər səfərində Qarabağın tacına qarşı müşahidə etdiyimiz münasibətidir. Şuşaya ayaq basmağa ən çox haqqı olan müzəffər Ali Baş Komandan sanki bu ulu yurdun hər qarışına sığal çəkir, Şuşanın işğal dönəmində çəkdiyi acıları, aldığı yaraları unutdurmağa çalışır. Şuşada aparılan milli koloritli, sistemli və unikal quruculuq işləri, göstərilən ali diqqət həm də bu məqsəddən irəli gəlir.

Şuşa da yorulub, usanmışdı işğaldan, yad tapdağından. Ona görə azad olunan gündən Şuşa bir başqadır, quruculuq meydanıdır, toylu-büsatlı, çal-çağırlıdır. Varlığı ilə düşmənə göz dağı olan Xan şəhəri, öz əzəmət və qürurunu qaytarmaqda, doğmalarını qarşılayıb-yola salmaqdadır. Yəqin fikir verirsiniz, Şuşaya hər kəs müqəddəs məkan kimi sanki ziyarətə gedir, geri qayıdanda oradan su, çörək gətirərək yaxınlarına paylayır.

Əslən Şuşadan olan, hələlik özündə cəsarət tapıb Şuşaya gedə bilməyən, xəyalındakı şəhərini dağılmış görmək istəməyən nə qədər adam tanıyıram. Mən də əslən şuşalı olsam da, oraları 3 yaşından sonra görməmişəm. Ancaq valideynlərimin, doğmalarımın dediklərindən elə təsəvvür edirəm ki, o yerləri qarış-qarış tanıyıram. Bu yaxınlarda xəyallarımın Şuşasına səfər etməyi planlaşdırıram. Qəribə hisslər keçirirəm, uzun illərin həsrətinin ayırdığı doğmaların qovuşmadan öncə keçirdiyi həyəcansayağı duyğular yaşayıram. Şuşanı azad edən igid Vətən oğullarının, müqəddəş şəhidlərimizin ruhu və igid qazilərimizin qarşısında baş əyirəm. Nə etsək də, onlara bir ömür boyu borcumuzu qaytara bilmərik.
Səməd Vurğun o qədər gözəl vəsf edib ki, Şuşanı: “Səndə vardır başqa lətafət, Şuşa!”. İnanıram ki, doğma yurda qovuşanda hisslərimi daha aydın anlaya, ifadə edə biləcəm. Ona görə hələlik sonu vüsal olan həsrətin izaholunmaz hissləri də doğmadır mənə. Adı kimi hər anlamı doğma olan Şuşam kimi...
Əziz Şuşam, sənə qovuşmağın həsrəti də gözəldir mənim üçün, bizim hamımız üçün, milyonlarla həmvətənimiz üçün. Canımızı fəda dediyimiz xan şəhərimiz, sən dönüşünlə ruhumuza güc verdin. Ruhumun şəhəri, yəqin ki, sənə qovuşmaqla ikinci – daha məsum, daha rahat, daha əmin, daha şirin həyat dönəmimizə qədəm qoyacağıq. Sənin saflığın, sənin ucalığın, sənin qürurundan ruhlanaraq belə düşünürəm. Torpağına qurban, Şuşa... 

Xədicə Məmmədova,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı


 

# 1644
avatar

Oxşar yazılar