“TikTok”da yerlə sürünən papaqlar - REPLİKA
18 sentyabr 2023 17:27 (UTC +04:00)

“TikTok”da yerlə sürünən papaqlar - REPLİKA

Çin dünyanın canına “TikTok” adlı bir zombiləşmə proqramı salıb. Bəlkə də razılaşmaya bilərsiniz, mən bu sosial şəbəkəni insanları zombiləşdirən platforma hesab edirəm. Düzdür, bu sosial şəbəkədə insan öz ağlına, dərrakəsinə uyğun kontent də tapa, maariflənə də bilər. Amma böyük əksəriyyət trend olub önə sürülən, qeyri-ixtiyari təqdim olunan videoçarxların hücumuna məruz qalır. Bu aləmdə “yox” yoxdur. Qadın kimi nazlı-duzlu kişilər, xoruz səsi eşitməmiş  ən arsız söyüşlər söyüb pul qazanan qadınlar, bədənini satanlar, satılanları alanlar, yar tapanlar, pul tapanlar, şarlatanlar, şər atanlar.... 

Deməklə bitməz. Başqa vaxt dolanışıqdan giley edən xalqımın nümayəndələri “TikTok”da dönüb olurlar Xəlil İbrahim səxavətində, düşünərəkdənmi düşünməyərəkdənmi bilmirəm, başqalarını da varlandırırlar, şəbəkənin yaradıcılarını da. Ehtiyac içində olan qohumuna, qonşusuna əl tutmayanlar bu platformada bir birlərinə şir, gül, ürək, papaq (bunların hamısı pul ekvivalenti ilə ifadə olunur və reallaşdırılır) ata-ata həm Çinin şəbəkəsini genişləndirirlər, həm də qarşılarında şou göstərəni. Elə papaq ata-ata papağımız da yerlərdə sürünür.

Bir az pullanıb izləyici sayını artıran bizim tiktokerlər özlərini mafiya babası kimi aparmağa başlayırlar. Çıxıb onu-bunu hədələyənimi deyim, şantaj eləyəcəyi ilə qorxudanmı deyim. Abırlı abrına qısılıb susur, biabır olmaqdan, el-aləmin dilinə düşməkdən qorxur. Haqsız da deyillər. Mama yeyəndən pəpə deyənə qədər ellikcə “Tik Tok”dayıq. Rəsmi şəkildə üzv olmayanımız da passiv izləyici qismində saatlarla “TikTok”da zaman itirir. Hipnotik təsiri varmış kimi başını aşağı salıb baxırsan, özündən asılı olmayaraq Baboşu da tanıyırsan, Ləmoşu da tanıyırsan. Şüur altına yeriyir ki, kişi ilə belə olurmuş, ağzısözlü, həyasız, əzilib-büzülən. Qadın da canlı yayımlara çıxıb orasını, burasını burcuda-burcuda rəqs edərək pul qazanırmış, ailəsini dolandırarmış.

Müasirləşmək, yeni texnologiyaları təqib eləmək deyəndə bizim cəmiyyətin “TikTok camaatı” dediyimiz hissəsi bunu anlayırmış.

Az öncə qeyd etdim, “TikTok”da xoşu gəlməyən adamları şantaj edib, hədələyib pul qazananlar az deyil. Bəs bu məsələyə əlaqədar qurumlar niyə reaksiya vermir? Söz azadlığı başqasının şəxsiyyətinin təhqir olunduğu yerdə bitir. Hüquq-mühafizə orqanları evində oturub “dünyaya meydan oxuyanlara”  nəzarət tətbiq etməsə, qanunsuzluq baş alıb gedəcək, virtual savaşlar real şillə-yumruğa çevriləcək. Dəli dəliyə qoşulanda dəyənək göydən yağar axı. Dədə-babalarımız deyərdilər ki, qanan qanmaza borcludur.   

Bu söhbətdə qanan olaraq polisin borcu çıxış yolu tapıb, sosial şəbəkələrdə tətbiq etməkdir.

# 5631
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar