“Tarqovı”nun “Mikki”si – Ərim mənə xəyanət etdi
15 aprel 2021 20:15 (UTC +04:00)

“Tarqovı”nun “Mikki”si – Ərim mənə xəyanət etdi

Onları “Torqovı”da (Nizami küçəsi)  hamımız görmüşük. Bəzən ifrat dərəcədə bezdirirlər. Amma etiraf edək ki, uşaqların sevimlisidirlər. Bilirsinizmi kimlərdən danışırıq?

Onlardan, cizgi film personajlarının paltarlarını geyinib, uşaqları foto çəkdirməyə səsləyən “oyuncaq adam”lardan.
Axşamdı. Loru dillə desək, şəhər “qaynayır”, onların dilincə isə “alver”in qızğın vaxtıdır.

Ətrafda “Mikki Maus”  qiyafəsində “böyük oyuncaq”gəzir. Yaxınlaşıb, müsahibə almaq istədiyimi deyirəm. Nəsə naz edir. Anlayıram, işinin qızğın vaxtında ona mane oluram.

Birtəhər razı salandan sonra, - müsahibə üçün 10 manat vermək məcburiyyətində qaldım. “Mikki” ilə birgə sakit bir yer axtarırıq. Əyləşib söhbətə başlayanda, ilk şərtini deyir: “Fotolarda üzüm görünməyəcək”. Razılaşıram. Geyimi başından çıxaranda qarşımda belə gözəl xanımın olacağına inanmazdım.

Qəhrəmanım “Mikki” ailəsinin tək övladıdır. Anası qan xərçəngindən əziyyət çəkir, atası dövlət müəssisələrinin birində çalışır. Anasının xəstəliyi və işsizlikdən rayondan Bakıya köçürlər. Özü isə...

Özü isə 15 yaşında zorən ailə həyatı qurur. Deyir, biz də belə adətdir, qızlar tez ailə qurur. 5 il ailəli qalan “Mikki” həyat yoldaşı ilə birgə işləmək üçün Türkiyəyə gedirlər. Növbəti belə get-gəlin birində o, burada, Azərbaycanda, həyat yoldaşı isə Türkiyədə qalır. Və “Mikki” xəyanətin qurbanı olur. Bunu biləndə isə düşünmədən həyat yoldaşından ayrılır. İki və üç yaşında qızı var:

- Mən onları kuklam, dostum kimi bilirəm. Onlarla böyüyürəm. Hərdən paltarı evə aparanda qızlarımla oynayıram. Onlara oyuncaq alanda çox vaxt “Mikki” alıram”.

Atası narazı olsa da, anası onun “Mikki” olmasına etiraz etmir. Bu işi ona rəfiqəsi tapıb. 3-4 aydır ki, işləyir. Deyir, həm əyləncəlidir, həm də uşaqlarla maraqlı vaxt keçirirəm. Model kimi çox təkliflər alıb. Amma üzü görünəcək deyə heç birini qəbul etməyib.

Çalışdığı aylarda “Qar qız”, “Bahar qızı”, “Tıq-Tıq xanım” və bir də “Mikki Maus” paltarını geyinib, uşaqlarla şəkil çəkdirib. Bu paltarda üzü görünməsə də, deyir personajlar içində ən gözəl yaraşanı “Mikki”dir:
 - “Tıq-tıq xanım” qiyafəsində narahat oluram. O biriləri də bayramdan-bayrama məcbur olub geyinirəm. Ad günlərinə dəvət alanda artıq müştərinin istəyinə görə personaj geyimlərimizi seçirik.

“Mikki”nin qazancını soruşuram:

- Günlük planımız 30-40 manat arası dəyişir. Həftə içi “alverimiz” zəif olur. Günə ən çox qazandığım 70-80, ən az isə 30-40 manatdır. Müdirimiz çox yaxşı insandı. Pulun az hissəsini özünə, çox hissəsini bizə verir. Təsəvvür edin, ad günü tədbirinə getmişdik. 50 manat danışmışdım. Planı verməyə gələndə 10 manat özünə götürdü, 40 manat mənə verdi. İş saatımız da sərbəstdir. Günorta  saat 11-2 arası gəlib, planı verəndən sonra nə vaxt istəsək, gedə bilərik. Çox vaxt gecə saat 10-11-də evə gedirik.

İşə başlamazdan öncə 3 gün təlim keçirlər. Uşağı necə qucağa almaq, müştəri ilə davranış qaydaları və s. öyrədilir. Bir də...

- Bir də gördüyünüz bu oyuncaqları, şarları satan da bizim komandadandır. Bəzən uşağa “gəl sənə oyuncaq verəcəm, şar verəcəm”, deyib, onun da satışına kömək edirik. Düzdü, valideynlərin çoxu narazı qalır, amma bu da bizim işmizdi.
Bəzən valideynlərin kobudluğu “Mikki”ni çox ağladıb:

- Valideynlər bizi az qala koronavirus gözündə görür. Anlayıram, qorxurlar, uşaqlarını qorumaq istəyirlər. Amma bunu kobud şəkildə, bizi hər kəsin gözü önündə itələyərək yox, “inciməyin, virusa görə ehtiyat edirəm, qoruxam”, deyib də etmək olar. Belə olanda əlbəttə hamımız susuruq, reaksiya vermirik. Sonra bir kənara çəkilib, ağlayıram. Evdə də beləyəm. Məni ərköyün öyrədiblər. İnciyəndə həmişə bir küncə qısılıb ağlayıram.Amma bir dəfə uşaq mənə tərəf qaçdı, qucağıma alıb onunla oynadım. Anası, atası sevindilər, videoya çəkdilər. Belə də olur. İnsanlar müxtəlifdi.

“Mikki” ilə söhbətimiz yekunlaşır. Şəkil çəkmək üçün “Torqovı”nın sakit küncündən insanların sıx olduğu yerə keçirik.

Bir az gedəndən sonra “ayı”nı - Xudunu göstərir:

- “Ayı”mız ordadır. İçimizdə ən yaxşı işləyən odur. Gedim yanlarına. Bir az da onlarla işləyim.

“Ayı” da burada “Spider-Man” birgə “ova çıxıb”. Amma hələ tilovlarına “balıq” düşməyib.

Yaxınlaşıb, bir az da “ayı”nı sorğu-sual edirəm.

Xudunun 21 yaşı var. Yeni ailə qurub:

- Sabirabaddan işləmək üçün Bakıya gəlmişəm. Bir il 3 aydır ki, “ayı”yam. Bunlar - “Mikki” ilə  “SpiderMan” göstərir - ancaq uşaqlarla şəkil çəkdirir. Onda da valideyn görürsən narazılıq edir, pulu vermir. Amma mən qarşıdan gələnə baxıram. Kim “mama uşağı”dı, dərhal yaxınlaşıb, şəkil çəkdirib pulumu alıram.”

Sözarası pandemiyadan da şikayətlənir. Deyir pandemiya bizə də ziyan vurdu:

- Heyf deyildi, koronasız günlər. Günə ən azı 100 manatla evə gedirdik. Bu günə qədər ən çox günlük qazancım 195 manat olub.

Puldan danışdığımız yerdə gözləri yol çəkən Xudu ərəbləri arzulayır:

- Heyf deyildi ərəblər? Elə yaxşı qazanırdıq ki...

Bəs ən təcrübəliləri kimdir?

Məlum olur ki, ustadları “Tom”du. 8 ildir işləyir...

Aprel ayıdı. Amma Xudu indidən iyunun birini - Uşaqlar gününün xəyalını qurur:

- Bilirsən, iyunun biri burada qırğın olacaq. Yəqin planı verəndən sonra özümüzə də 200 manat qalar. Evə pul aparmaq lazımdı, pul…
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14034
avatar

Nigar Adil

Oxşar yazılar