Şuşada görüşünədək...
06 yanvar 2021 17:31 (UTC +04:00)

Şuşada görüşünədək...

“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir”.

Bu sözlərin ardınca Prezident bir məqamı da xüsusi vurğuladı: “Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”.

Haqlıdır. Nahaq yerə Şuşaya "Qafqazın konservatoriyası”  adı verilməmişdi ki. Təsəvvür edin, hələ XIX əsrdə Şuşa artıq mədəniyyət mərkəzi idi.

Şuşa Qafqazın, Yaxın Şərq və Orta Asiyanın müxtəlif guşələrindən gəlmiş şair, yazıçı və musiqiçilərin, teatr xadimlərinin toplaşdığı şer, sənət məkanı idi.

"Şuşa qəribə bir şəhər idi. 1500 metr hündürlükdə yerləşən bu şəhər əsrlərdən bəri Qafqaz, İran və Türkiyə arasında bir körpü olmuşdu. Ətrafını dağlar, meşələr və çaylar bürümüş gözəl bir şəhər idi. Dağlarda və vadilərdə çiy kərpicdən tikilmiş balaca komalar ucalırdı. Yerlilər uşaq sadədilliyi ilə bu komaları saray adlandırırdılar”.

Qurban Səidin "Əli və Nino” əsərindəndi.

Hə, qəribə bir şəhər idi; Şuşasız Azərbaycan sanki ruhsuz idi.

Hə, qəribə şəhər idi; əslən şuşalı olmayan da belə bir Şuşa nisgili vardı. Sanki yarımçıq idi Azərbaycan Şuşasız.

Hə, qəribə şəhər idi Şuşa; Ona bəzən “Kiçik Paris” də adlandırırlar. Niyəsini bilmirəm, amma Paris qədər romantik şəhərdi Şuşa. Elə Paris qədər sirli, simvollu.

Hansını deyək? Dünyanın harasında bitir “Xarı bülbül”. Bəli, dünyanın heç bir yerində rast gəlinməyən “Xarı bülbül” tanrının bizə göndərdiyi ən böyük möcüzədir. Təbiətin möcüzəsidir.

Təbiətin yaratdığı Cıdır düzü, min bir dərdin dərmanı olan bulaqlar. Həmin Parisin, Fransanın dünyaya səs salan “Evian”ından belə məlhəmlidi Turş su.

Qəribə şəhərdi Şuşa; təkcə mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, muğam sənətimizin beşiyi deyil, milli kimliyimizin də simvoludu.

Sanki milli kimliyimiz bərpa olundu həmin gün: Prezidentin bütün dünyaya yaydığı bu sözlərlə: “Əziz Şuşa, sən azadsan. Biz Şuşaya qayıtdıq”.

Və təkcə biz yox, Şuşanın ənənələri də azad oldu, indi doğma şəhərinə varid olur. “Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır”. Prezident dedi bu sözləri.

Vaqifin uçub getmiş ruhu qayıdır, Vaqif poeziya günləri ilə bərabər.

““Xarı bülbül” festivalı bərpa olunmalıdır”. Bunu da Prezident dedi.

Demək, böyük bir mədəniyyət bayramı qayıdır Şuşaya. Şuşanın ruhu qayıdır Şuşaya. Pənahəli xan Cavanşir, Xan qızı Natəvan, Üzeyir bəy, Qasım bəy Zakir, Mir Mövsüm Nəvvab, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Bülbül, Lətif Kərimov, Niyazi, Rəşid Behbudov qayıdır Şuşaya.

Azərbaycan qayıdır Şuşaya.

Şuşada görüşənədək!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar