Sürücüləri "borclu" çıxarırlar - Bakıda nə qədər parklanma yeri olmalıdır?
02 fevral 2022 17:16 (UTC +04:00)

Sürücüləri "borclu" çıxarırlar - Bakıda nə qədər parklanma yeri olmalıdır?

Milli Məclisin fevralın 1-də keçirilən iclasında parklanmalarla bağlı yeni qərarlar qəbul olundu. Bundan sonra avtomobili düzgün yerdə saxlamayan sürücülər artıq 20 manat deyil, 40 manat cərimə ediləcəklər. Amma bu cərimələrlə yanaşı, Bakının parklanma problemi də olduğu kimi qalır.

Ekspertlər paytaxtın əvvəlki parklanma probleminin bu qərarla da düzəlməyəcəyini düşünürlər. Onların sözlərinə görə, paytaxtda artan tələbata uyğun olaraq parklanmaların sayının çoxaldılmaması problemi daha da kəskinləşdirəcək.

Məsələ ilə bağlı avtomobil eksperti Elməddin Muradlı Lent.az-a bildirib ki, Bakıda parklanmaların sayının artırılması əvəzinə, dayanacaqlarda belə obyekt tikiblər:

“Parklanma yerləri ilə bağlı danışanda bəzi dövlət qurumları deyir ki, dünyada artıq avtomobillərdən istifadənin azaldılmasına doğru addımlar atılır. Piyadayönümlü layihələr hazırlanır, iri şəhərlərin infrastrukturları piyadaların hərəkəti üçün sadələşdirilir. Yaxşı, qoy elə olsun. Axı bu sözü deyən məmur sonra gedib hansısa uşaq bağçasını, vacib tikilini sökür, ağacları kəsdirib bina, otel tikdirir. Parklanma yerləri yaratmır. Sürücülər bu haqda soruşanda da cavab verirlər ki, “siz maşın alanda onu harda saxlayacağınız barədə bizimlə məsləhət etməmişdiniz”.  

21-ci əsrdə kimsə maşın alanda gedib məmurla məsləhətləşməlidir? Əksinə həmin məmur işini düzgün qurmalıdır. Bina tikirlər, amma parklanma yerini düşünən yoxdur. Ona görə də o binalardan ev alanlar maşını yolda, səkidə, harada gəldi  saxlayır. Adam 150-200 min verib ev alır, amma maşını saxlamağa yer tapmır.

Nəticədə BNA, DYP gəlib cərimələyir və narazılıq yaranır. Bakıda bəzi dayanacaqlarda belə obyekt tikiblər. Deyirlər ki, Avropada bəzi şəhərlərə avtomobillərin girişinə icazə verilmir. Mən də deyirəm ki, Avropada səkidə çayxana tikmirlər, səkidə hündürmərtəbəli binanın təməlini qoymurlar. Amma bizdə bunlar olur. İndi belə şəraitdə parklanmalara görə cərimələrin artırılması çarə deyil.

Çıxış yolunu dövlət başçısı göstərib. Əvvəlcə şərait yaradılmalıdır, sonra cərimələnməlidir. Amma aidiyyatı qurumlar ancaq cərimələyir ki, şərait yoxdur, hər yerdə tikinti var və s. İctimai nəqliyyat vaxtlı-vaxtında işləsə, interval az, avtobusların sayı çox olsa, əlavə trolleybus və tramvaylar da işləsə, şəxsi avtomobillərdən istifadə azalar. Maşın alanlar ya imkanlılardır, ya da ictimai nəqliyyatdan təngə gələnlər, xəstəliklərdən özünü daha çox qorumaq istəyənlərdir”.

Bəs, Bakı kimi iri şəhərlərdə parklanma yerlərinin sayı nə qədər olmalıdır?

Bu barədə mütəxəssislərin fikri fərqlidir. Bəziləri son illər ümumən dünyanın iri şəhərlərində parklanma sahələrinin sayının çoxaldılmasının sərf etmədiyini deyirlər. Onlar bildirir ki, belə sahələrin sayı şəhərin nəqliyyat siyasətindən, həmçinin infrastrukturdan irəli gələn məsələdir.

Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçirilən iclasında qəbul olunan qərara əsasən, bundan sonra avtomobillərin yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və sonrakı cərgələrdə, qanunsuz olaraq səkilərdə, habelə hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və durmasına görə 40 manat cərimə müəyyən edilir. Əvvəl isə bu cərimə 20 manat təşkil edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3519
avatar

Mehman Nəbiyev

Oxşar yazılar