Sürücülər hansı halda 4-5 il maşın sürə bilməzlər? - AÇIQLAMA
04 may 2021 15:32 (UTC +04:00)

Sürücülər hansı halda 4-5 il maşın sürə bilməzlər? - AÇIQLAMA

Kobud yol hərəkəti qaydaları pozuntuları içərisində sərxoş halda avtomobil idarə etmək daim xüsusi yer tutur. İllərdir keçirilən reydlər nəticəsində həmin pozuntuların sayı get-gedə azalır. Amma hərdən sürücülər səhlənkarlıq edərək, sözügedən qayda pozuntusuna yol verməkdə davam edirlər.

Bəs görək, hazırda bu sahədə Azərbaycanda vəziyyət nə yerdədir? Sərxoş halda avtomobil idarə edən sürücülər necə cəzalandırılır?

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Lent.az-a son 3 ayda sərxoş halda sükan arxasına keçmə hallarının artdığını bildirib:

DYP-nin şöbə rəisi, Namidan Piriyev

 “Son 3 ayda sərxoş halda avtomobil idarə edən sürücülərin sayında artım var. Yol polisi daim kobud qayda pozuntularına qarşı reydlər keçirir. Bunlar arasında avtomobili sərxoş halda idarəetmə hallarına qarşı mübarizə üstünlük təşkil edir. İlk dəfə belə hal olsa, sürücüyə xəbərdarlıq edilir və 400 manat cərimə olunur. Həmçinin 6 aydan 1 ilədək sürücülük hüququ əlindən alınır. Növbəti dəfə isə 4-5 il sürücülük hüququndan məhrum edilir və ya 15 sutka həbs cəzası təyin olunur. Bununla bərabər, avtomobil də cərimə meydançasına yerləşdirilir”.

Avtomobil eksperti Eldəniz Cəfərov məsələ barədə Lent.az-a danışarkən yol polisinin keçirdiyi reydlərin alqışalayiq olduğunu dilə gətirib:

Avtomobil eksperti Eldəniz Cəfərov

“Düşünürəm ki, Azərbaycanda sərxoş sürücülərin sayı azalır, artmır. Bir neçə il əvvəldən onlara qarşı yol polisi tərəfindən reydlər keçirildi. Xüsusən, şənbə-bazar bu reydlər daha sərt xarakter almışdı. Həmin reydlər indi də davam edir. Zənnimcə, bu yaxşı nəticə verir. Sərxoş halda sükan arxasına keçən sürücülər yüksək məbləğdə cərimələnir, avtomobillər isə cərimə meydançasına aparılır. Hətta bəzilərinin sürücülük vəsiqəsinə xitam verilir. Bunlar hamısı düşünülmüş, doğru addımlardır və davam etdirilməlidir.

2015-ci ildə avtomobili sərxoş halda idarə etməyə görə, cərimələr artırıldı. İndi təxminən həmin cərimə 400 manat civarında tətbiq edilir. Cərimə ilə yanaşı, nəqliyyat vasitəsini idarəetmə hüququ 6 aydan 1 ilədək məhdudlaşdırıla bilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3030
avatar

Mehman Nəbiyev

Oxşar yazılar