Ayətullah Xamneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”. Belə dedi Qafqaz Müsəlmanlarının Şeyxi, Hacı Allahşükür Paşazadə. Bayram namazında.
İlk bayram namazı idi, Zəfərdən sonra. Həmin gün, hə, Şeyxin bu sözləri dediyi mübarək gündə başda Şuşa olmaqla əsirlikdən azad olunmuş bütün yurd yerlərimizdə 28 ildən sonra bayram namazı qılınırdı, qurbanlar kəsilirdi. O torpaqlarda ki kiminsə fətvasıyla yox, Ali Baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan ordusunun qətiyyəti, ağlasığmaz qəhrəmanlığı, tarix dərsliklərinə düşəcək rəşadəti ilə azad olundu. Qələbənin sahibi isə hansısa fətva yox, Azərbaycan xalqı və Ali Baş Komandan İlham Əliyevdir.
Əslində, 44 günlük müqəddəs Vətən müharibəsi ortaya bir həqiqəti də qoydu. Dostlarımızı, bizi sevməyənləri tanıdıq. Yanımızda olanlar səmimiydilər, amma səmimi olmayıb “yanınızdayıq” deyənləri də gördük. Elə hörmətli Şeyximiz də gördü yəqin ki. İllər sonra 3 minə yaxın şəhidimizin qanı bahasına azad edilmiş vətən torpaqlarında salamat qalmış məscidlərdə namaz qıldı Şeyximiz. O məscidlərdə ki, əsirlikdə olduğu illər ərzində düşmən donuz saxlamaqdan belə çəkinməmişdi. Müsəlmanın, Allahın müqəddəs evində bu rəzalətə görə, fətva verilməmişdi axı nədənsə. Ümumiyyətlə, adıgedən fətvanın nə vaxt verildiyi də bəlli deyil. Ən azı müqəddəs Zəfərin başlandığı 27 sentyabrdan, ta Qələbə gününə, 8 noyabra qədər eşitmədik axı hər hansı fətva barəsində.
Qarabağ türk torpağıdır, islam torpağıdır. Buna şəkk edən yoxdu təbii. Amma bu islam torpağı, türk torpağında müsəlman ümmətinin qəbirləri dağıdılanda, müqəddəs yerləri murdarlananda da eşitmədik axı hansısa fətvanı. Qələbə, müqəddəs qələbə kiminsə fətvasının nəticəsi deyil. Azərbaycan xalqının, onun lideri, ordusunun qətiyyəti və qəhrəmanlığının nəticəsidir. Bu düsturdu, bu formuldu, bu məntiqdi.
İctimai fikri çaşdırmaq isə, mümkün deyil. Azərbaycan insanı 44 gün öz ordusuyla, gözləri televiziya ekranlarına dikili, öz prezidentinin qələbə müjdəli çıxışlarıyla nəfəs aldı.
Hə, əllərini açıb Allahına dualar da etdi.
Hə, övladı sağ-salamat gəlsin deyə, elə bu Qurban bayramına qurbanlar dedi.
Hə, müqəddəs şəhidlərini son mənzilə uğurladı. Amma fətvasız, həmrəy olaraq, bəlkə də heç bir xalqa nəsib olmayan milli ruhla.
Hər şey bu qədər sadə yəni…