…Bu yerlərin hər yeri tarixdi. Və özü də hələ o qədər də yaxşı öyrənilməyən tarix. Azərbaycanın “Şimal qapısı” olan Qusarda qədim qəbiristanlıqlar, məqbərələr ayrıca öyrəniləsi və araşdırılası mövzulardı. Məsələn, 4 il əvvəl rayon ərazisində eramızdan əvvəl II minilliyə aid olunduğu bildirilən qəbiristanlıq aşkarlanıb. Bu qədim qəbiristanlıq Qusarın Zindan Muruq kəndində yerləşir.
Qəbiristanlıqdan söhbət düşmüşkən, Həzrə kəndində nə az, nə çox düz 7 qəbiristanıq var. Onlardan birindən isə ümumiyyətlə Azərbaycanda yoxdu, yəni yeganədi. Həzrədən söz düşmüşkən, rayondan 30 km şimalda, Rusiya ilə sərhəddə yerləşən kəndin tarixi çox uzaqlara gedib çıxır. Kəndin ilk adı Quryan olub. Həzrə isə öz adını Şeyx Cüneydin “Həzrət” ləqəbindən alıb. Məlum olduğu kimi, Şeyx Cüneyd nüfuzlu Səfəvi şeyxlərindən biri, Şah İsmayıl Xətainin babası idi. O, Şirvana etdiyi hərbi yürüş zamanı 1460-cı ildə Samur çayının sol sahilindəki Qıpçaq kəndi yaxınlığında baş verən döyüşdə öldürülmüşdü. Daha sonra isə müridləri onu indiki Həzrə kəndinə gətirib dəfn etmişdi. 1544-cü ildə isə onun qəbrinin üstündə türbə tikilmişdi. Şeyx Cüneyd türbəsi indi nəinki rayonun, bütün Şərqin ən qiymətli abidələrindəndir. Bişmiş kərpicdən inşa edilən türbə binası, daxildən və xaricdən düzbucaqlı plana malikdi. Şeyx Cüneydin məzarı olduğu yerdə ağacdan nəfis işlənmiş şəbəkəli çərçivə üzərinə minbər qoyulmuş sənduqə var. Türbənin dörd bir tərəfində hücrələr, Qərb qapısı üzərində isə yeddi sətirdən ibarət kitabə var. Kitabənin üstündə isə belə yazılıb: “Əgər dünya bir adamdan ötrü əbədi olsaydı, onda (ölməz) peyğəmbərlər üçün bu həmişəlik olardı. Çətin ki, bir adam ölümdən xilas ola, o zaman Məhəmmədin (ə.s.) silahdaşları ölümdən xilas olardılar”. Şeyx Cüneyd türbəsinin həyətyanı sahəsindəki qəbiristanlıq da qədim tarixə malikdir. Burdakı qəbir daşları üzərinə oyma üsulu ilə çəkilmiş müxtəlif ornamentlər və şəkillər maraq doğurur. Bəzilərinin üzərində qəhvədan, ayaqqabı və qalxan şəklinə rast gəlmək olur.
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Kənd ağsaqqalı Cavanşir Beyovun 82 yaşı var. Cavanşir baba deyir ki, kənddə ümumiyyətlə 7 qəbiristanlıq var. Demək olar ki, hər məhəllənin bir qəbiristanlığı. Bir qəbiristanlıq isə digərlərindən çox fərqlənir. El arasında bura “Sevgililər qəbiristanlığı” deyirlər. Qəbir daşlarının yuxarı hissəsinin yastı formada olanı qadın, papaq şəklində olanı isə kişi qəbri olmasına nişanədir. Deyilənlərə görə, sevgi ilə ailə qurub, ömrünün sonuna qədər bir-birinə sadiq qalan, bir yerdə ibadət edən ər-arvadlar burda dəfn olunublar.
Kənd ağsaqqalı Cavanşir Beyov
Maraqlısı odur ki, burda elə qəbirlərə var ki, onların uzunluğu iki metrdən çoxdur. Bu tarixi yerdə təəssüf doğuran məqamlara da rast gəldik. Təsəvvür edin, elə qədim qəbirlər var ki, oranın ətrafı artıq zibilliyə çevrilib.
Qusarın ən qədim kəndlərindən biri də Əniğdi. Yeri gəlmişkən, doqquz kəndi əhatə edən Qusarçay vadisi də bu kəndin adıyla “Əniğ vadisi” adlanır. Bir maraqlı fakt; “Əbu Müslümün tarixi” adlı kitabda X əsrdə Azərbaycanda mövcud olan bir neçə kəndin, o cümlədən Əniğin adı çəkilir.
Rəvayətə görə, kənd adını vaxtilə burada yaşamış yerli hakim Əniğ ağanın adından alıb. Digər fərziyyəyə görə, Əniğ hun tayfalarının adı ilə bağlı toponimdir. Əvvəllər "ünüğ" olub, sonra dəyişərək “Əniğ” formasını alıb.
Hə, bir maraqlı rəvayət də dolaşır bu yerlərdə. Kəndin mərkəzində yerləşən məscid Hindistandakı Tac Mahala bənzədiyinə görə, oranı elə belə də adlandırırlar. Rəvayətə görə, isə bu məscidi tikdirən adam Hindistana səyahət zamanı Tac Mahalı görüb və öz kəndində buna bənzər məscid tikdirməyə qərar verib.
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Laza kəndi isə Azərbaycanda turistlərin ən çox üz tutduqları yerlərdən biridi. Bu kənd dəniz səviyyəsindən 4200 metrdə çox hündürlükdəki Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. Kəndi əhatə edən sıldırım qayalıqlardan çoxlu şəlalə axır. Bura əcnəbi turistlər daha çox gəlir. Kənddə 100 nəfərdən bir qədər artıq adam yaşayır. Elə turistlər də məhz onların evində qalırlar. Kənddə dörd illik məktəb var. Uşaqların əksəriyyəti ingilis dilini bilir. Ən, azı turistlərlə ünsiyyət qurmaq üçün.
Bu hələ Qusarda gördüklərimizin çox cüzi hissəsidir. Əslində, bu rayonu mübaliğəsiz “Azərbaycanın İsveçrəsi” də adlandırmaq olar. Nəzərə alsaq ki, ölkəmizin ən böyük zirvələri - Bazardüzü və Şahdağ məhz bu rayonun ərazində yerləşir. Alp dağlarından nəyi pisdir ki?
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Qusarın Həzrə kəndinin qəbiristanlığı
Lamiyə Məmmədova
Səbuhi Məmmədli