"Payız və qış mövsümündə rayon və şəhərdə sel və daşqınların yaratdığı fəsadların, insan sağlamlığı üçün təhlükəsindən demək olar ki, hər kəs xəbərdardı. Bu kimi təbii fəlakətlər zamanı yarana biləcək hansısa xoşagəlməz halın qarşısını almaq üçün yaşadığınız ərazidə yaxınlıqda olan su basmayan yüksəkliklərin yerini və oraya gedən ən qısa yolları əvvəlcədən öyrənmək lazımdır".
Bu fikirləri Lent.az-a açıqlamasında FHN-in ictimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı bildirib.
FHN-in ictimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı
Turqay Abbaslı qeyd edir ki, yaşadığınız ərazidə, rayonda davamlı sel və daşqın zamanı xoşagəlməz hallar baş verirsə, evinizdə içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasınızı həmişə əl altında saxlayın:
"Sel və daşqın zamanı təhlükə yarandıqda və təxliyyə haqqında göstəriş verildikdə əvvəlcədən müəyyənləşdirilmiş təhlükəsiz əraziyə gedin. Bu vaxt hazırladığınız ehtiyat çantasını götürməyi unutmayın. Evdən çıxarkən mütləq qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün, qapı və pəncərələri möhkəm bağlayın. Vaxt imkan verirsə, vacib saydığınız əşyaları evin yuxarı mərtəbəsinə və ya çardağa qaldırın, həyətdə suyun apara biləcəyi zəruri əşyaları yerindəcə bərkidin və ya təhlükəsiz yerə yığın".
Baş məsləhətçi onu da qeyd edir ki, kənd ərazisində yaşayan və təsərrüfatla məşğul olan sakinlər daşqın zamanı ev heyvanlarını sərbəst buraxmalı, korlana biləcək əşyaları zirzəmidən çıxarıb təhlükəsiz yerə yığmalıdır. O qeyd edir ki, insanlar fəlakət zamanı evi tərk edə bilmədikdə isə yardım gələnədək, yaxud suyun səviyyəsi enənədək yuxarı mərtəbədə və ya çardaqda qalmalıdırlar:
"Gündüz taxtaya bağlanmış aydın görünən parça, gecə isə işıq və ya səs vasitələri ilə yardım üçün siqnal verib, xilasedicilərin göstərişlərini sözsüz yerinə yetirməlidir. Su basmış ərazini müstəqil olaraq yalnız təcili yardım ehtiyacı, suyun səviyyəsinin sürətlə qalxması, xilasedicilərin gəlməsinə ümid olmadıqda tərk edilə bilərlər. Məlumdur ki, suda hərəkət bir müddətdən sonra insanı yorur. Bu zaman rahat hərəkət etmək üçün ağır və dar geyimləri çıxarılmalıdr. Yardım gələnədək suyun üzərində qalmağa imkan verəcək batmayan əşyadan bərk tutunmaq lazımdır".
Baş məsləhətçi qeyd edir ki, sel və daşqından sonra isə su çəkildikdə yalnız müvafiq qurumların icazəsindən sonra evə qayıtmaq olar: "Mənzilə qayıtdıqdan sonra qaz və elektrik təchizatı sisteminin sazlığına əmin olmadan onları yandırmaq təhlükəli ola bilər".
Turqay Abbaslı bildirir ki, yoluxucu xəstəliklərin yayılmaması üçün daşqın və sel sularının gətirdiyi zibili tez yığışdırıb həyət və evi təmizləmək mütləqdir:
"Bundan əlavə, içməli su mənbəyindən müvafiq sanitariya yoxlamasından sonra istifadə edilməlidir".