O, mənim üçün virtual dünyadakı simurq quşudur, dara düşdünsə, anında özünü yetirir. Kompüter qarşısında çarəsiz qalıb kömək axtaranda sosial şəbəkədən dadıma çatıb. Və belə tanış olmuşuq. Bu günə qədər onun çözə bilmədiyi problemim olmayıb.
Hardasa yanvar ayı idi, görüşməyi təklif elədim:
“Açığı, çoxdan belə təklif gözləyirdim. “Qadın Klubu”nu da bağladız. Həmişə orda Aygün Aslanlı ilə sənin qonağın olmaq istəyirdim. Amma siz məşhur kişiləri çağırırdız...”
Yazmağa söz tapmadım... O davam elədi: “Havalar qızsın, görüşək. Mənim evdən çıxa bilməm üçün gərək günəş doğa... Yoxsa soyuq olar...”
Bir-birimizə bulvar mövsümünü bərabər açacağımıza söz verdik. Günəş ilk şəfəqlərini saçanda dənizkənarı bulvarda görüş təyin elədik. Səhər görüşəcəkdik ki, gecə zəng elədi:
- Vüsalə, mənimlə görüşmək istədiyindən əminsən?
- Əlbəttə...
- Görkəmimdən utanmayacaqsan?
Bu sözü “amma siz “Qadın Klubu”na məşhur kişiləri çağırırsız”dan da ağır oldu... Cavab verə bilmədim... Telefonu söndürəndən sonra öz-özümə gör bizim cəmiyyət insanı necə düşünməyə vadar edə bilər dedim... Heç kimə sirr deyil ki, bizdə insanı peşman eləmək üzrə ali dərəcəli mütəxəssislər var...
Həftə sonu “Azneft” meydanında, bayrağın altında görüşürük. Həyatda virtualda olduğunda da pozitiv enerji saçır. Bulvarda ailəlikcə gəzməyə çıxan qəzəbli insanlardan fərqli olaraq dodağından gülüş, dilindən zarafat əksik deyil. Sahil boyu irəliləməyə başlayırıq. Ya yanımızca gedənləri görmürük, ya da doğrudan da “axına qarşı”yıq. Hamı üzü bizə tərəf gəlir, nəzərlər üstümüzdədir, təpədən-dırnağa süzülürük... Onları görməzdən gəlməyə çalışırıq. Gözlərini həyasızca bizdən çəkməyən insanların dodaqaltı “nırç-nırç-nırç” eləməklərini eşitməyək deyə ikimiz də daha bərkdən gülürük...
Tural Əlisoyla oxşar yanımız karikatura sevməyimizdir. Tanıdığım ən yaxşı kinomanlardandır, bildiyim ən böyük Cem Yılmaz heyranıdır. “Onu sevirəm. Gülüşü unutmamağıma kömək edir” deyir – “Onunla özümü motivasiya edirəm...”
Demək olar ki, bütün söhbətlərimizə ondan sitatlarla yekun vurur.
Xeyli getdikdən sonra mən yoruluram. Ağaclardan birinin kölgəsinə çəkilirik. Mən skamyada əyləşirəm, o isə arabasını skamya ilə üz-üzə çevirir. Özü haqda danışmağa başlayır:
- Bel əzələsinin atrofiyasıdır... Doğulanda sağlam olmuşam, hətta çox tez yerimişəm. Bir yaşımdan sonra isə birdən dayanmışam, yeriməmişəm. Sonra belimi əyə-əyə, ördək yerişi deyirlər, bax elə yeriməyə başlamışam. On yaşına kimi rahat gəzirdim. Sonra çəliklə gəzməyə başladım.
- Neçə yaşına kimi?
- Hardasa 18 yaşıma qədər çəliklə gəzdim. Tez yorulurdum. Ayaq üstdə dayanmağa çətinlik çəkirdim. Yaş artdıqca xəstəlik irəliləməyə başladı. Əvvəllər bir-iki dəqiqə ayaq üstdə dayana bilirdimsə, sonra ona da gücüm çatmırdı. Amma yenə də 23-24 yaşıma qədər birtəhər yeridim...
- Məktəbə gedirdin, yoxsa...
- Ev təhsili alırdım. Çox yaxşı müəlliməm olub. Xüsusi ilə riyaziyyata maraq göstərirdim. Düz 4-cü sinfə kimi belə davam elədi. 5-ci sinifdən 9-cu sinfə qədərsə məktəbə getməyə başladım. Müəllimin evə gəlməsi problem oldu, həm də özüm məktəbə getmək istədim. Adam çıxmaq, insan görmək, münasibət qurmaq istəyir.
- Məktəbə getmək çətinlik yaratmırdı?
- Bir müddət səhərlər atam qucağında aparırdı, sonra anam gəlib gətirirdi. O vaxtlar boyum da uzun deyildi, çəkim az idi. Tənəffüslərdə sinifdə otururdum, arada bir çıxırdım, az da olsa gəzirdim, hərəkət eləyə bilirdim. Qardaşımla bir sinifdə oxuyurdum, hərdən evə onunla da gəlirdim. Ya da sinif yoldaşlarım köməkləşib, bir yerdə məni evə gətirirdilər. O vaxtlar 5-ci mərtəbədə qalırdıq, çıxıb-düşmək çətin olurdu... Yeriyə bildiyim müddətcə pillələri tək-tək çıxırdım. Hardasa bir saata çıxıb qurtarırdım. Sonra nənəmgilə köçdük. Həyət evi idi, rahatlıqdı. Onlara köçəndən sonra isə adım məktəbdə getdi, amma özüm getmədim...
Sonra universitet düşündüm, o da alınmadı... Bir müddət bekarçılıq... Həyatımı ölümümü gözləyən adam kimi yola verirdim. Sonra... Belə də davam edəcəkdi, əgər kompüterim olmasaydı... Atamın xalası oğlu çox sağ olsun, kompüterimin pulunun yarısını o vermişdi... Yaxşı ki, verib... Qısası, buralara kimi gəldik...
- Evdən kompüterlə rahat işləyə bilirsən. İş təklifləri olur?
- 2011-ci ildə “Əngəlsiz həyat” layihəm var idi, sonra davam eləyə bilmədim. Sonra KinoTap layihəsi yarandı, onun üçün kino sahəsindən xəbəri olan adam axtarırdılar. Beləcə, indi o layihənin idarəedicisiyəm.
- Bir az işdən danışaq. İşə neçədə başlayırsan?
- (Gülür) Vallah, bu qardaşımdan asılıdır. O işə gedəcəksə səhər tezdən mənim günə başlamağıma kömək eləyir. Yox, əgər o evdədirsə, mən də səhərlər arxayın yatıram.
Bu yerdə əngəllərdən danışmağa başlayırıq. Onun kimi insanların o qədər əngəli var ki... Özü də o əngəlləri biz yaradırıq. Bizə nə var, təpədən-dırnağacan əngəlik.
Turalın gücü ondadır ki, bütün həssas mövzuları zarafata çevirə bilir. “Kaş ki, belə olmayaydı”lardan danışanda isə gülüşü üzünü tərk eləyir. Kaş ki olmayaydı dediyi tək şey atasının ölümüdür. Onu bir neçə il əvvəl itirib:
- Çox... çox... belə çox pis bir şeydi... Onsuz da adam bilir ki, axırı ölümdü... Amma yenə də istəyirsən ki, atan-anan həmişə yanında qalsın...
Ən yaxın dostu Eltac zəng edir. Bir neçə dəqiqədən sonra bulvar gəzintimizə üçlükdə davam edirik. Çay içmək istəyəndə araba ilə girə biləcəyimiz kafeni tapmaq asan olmur, amma tapırıq.
Eltac Zeynalov. Hərbi xidməti başa vurmağına üç ay qalmış ayaqları tutulub:
Eltac: Səbəb yoxdur. Tibb acizdi... Nə tibbi günahlandıra bilirəm, nə də hərbini. İki ilə yaxın yeriyə bilmədim. Yataq xəstəsinə çevrilmişdim...
Zamanla müalicə təsirini göstərir. Çətinliklə də olsa ayağa qalxa bilir.
Eltac: Evin böyük oğluyam, ailənin çox sevimli uşağı olmuşam. Qəbul eləyə bilmirdilər ki, xəstələnmişəm... Özümə də çətin idi o maneələri aşmaq. Artıq belə çətinliklə yeriyəndən sonra evdən çıxmağa gücüm yox idi. Əvvəlcə çarpayımdan qalxıb qapıya qədər gəlib, sonra geri qayıtmışam. Sonra qapımızın dəstəyini açıb, qapıdan bayıra addım atmışam. Küçədə görüblər ki, Eltac artıq evdən çıxdı. Amma ordan da geri qayıtmışam... Səhəri gün özümdə güc tapıb küçəni o üzə keçmişəm. O biri gün mağazayacan getdim... Yəni hər gün bu cəmiyyətə doğru bir addım atmışam. Xəstəlikdən sonra mən axı əvvəlki adam deyildim. İnsan tamam başqa biri olur. Çox həssas olursan. Əvvəlki kimi yeriməyəndə sənə qarşı olan baxışlar da dəyişir.
- Əvvəldən yaxşı tanıdığınız cəmiyyət idi. Evdən ikinci dəfə çıxandan sonra onlarda nə sezdiz?
Eltac: Gördüm bizim kimi insanlara qarşı hədsiz basqı var. Cəmiyyətdə baxışları ilə adamı sıxırlar. Yazıqları gəlir. Kömək eləmək istəyirlər...
Tural: Amma köməkləri adamı lap pis vəziyyətə salır. Çünki bizim insan küçədə əlil görəndə onu dilənçi hesab edir. Elə bilirlər əlilə kömək eləmək üçün onun ovcuna nəzir basmaq lazımdı... Bax, bizdə hamı ağzını açanda allahdan, dindən danışır, amma heç bir dində yazılmayıb ki, insana baxıb qulağını çək...
- Qulaqlarını da çəkirlər?
Tural: Eh, qulaq çəkmək adı şeydir, 20 qəpik verən olur... Ana uşağına pul verib göndərir ki, “apar ver”... Səkidən düşmək üçün əlini kiməsə uzadırsan, çıxardıb 20 qəpik ovcuna basıb gedir, heç dönüb üzünə də baxmır ki, axı sən onun əlindən tutub səkini düşmək istəyirdin. Atamın qucağında məktəbə gedən vaxtlarım idi, baxıb “nırç-nırç” eləyirdilər... Uşaq idim, eşidirdim... Hərdən də marçıltı gəlirdi, dönüb baxırdım ki, qulaqlarını çəkirlər...
- Fikir vermə, öz qulaqlarıdı, çəkirlər də...
Tural: (Gülür)
- Qulaqdı də, çəkdikcə uzanır, çəkdikcə uzanır və axırda olurlar...
Tural: (Gülür) Tək qulaq çəkmək deyil, baxışlar var... Elə yazıq baxışlarla baxırlar ki, “bu arabadadır”...
Eltac: Hə, Tural düz deyir. Bu insanların qarşısında duruş gətirə bilmək güclü iradə istəyir. Mən deyirdim görən avtobusa necə minə bilərəm? Bir gün risk elədim, evdən çıxıb avtobusa oturub getdim Qara Qarayevə. Ordan da Maştağaya, ruhi xəstəxanaya. Orda tələbələr könüllü işləyir, getdim qoşuldum onlara. Hardasa iki iləcən hər şənbə günü ora gedirdim. Mənim üçün ora əla idi, bir yerdə rəsmlər çəkirdik, nə isə düzəldirdik. Psixologiya mənim üçün çox maraqlıdır. Sonra uşaq evlərinə gedən tələbələri tapıb, onlara qoşulurdum. QHT-ləri araşdırdım, gördüm onlar başqa havadadırlar. Başladım internetdə aktivləşməyə, Facebookda özüm kimi insanları axtarıb tapdım. Əvvəlcə mesaj yazırdım, sonra da gedirdim evlərinə. Turalla da elə tanış olduq.
- Tanımadığın ailələrə getmək çətin deyildi?
Eltac: Problem mən tərəfdən yox, ailələr tərəfdən olur. Onlarla görüşə gərək hazır olasan. Çox vaxt əlil uşağı olan valideynlər onu göstərmək istəmirlər. Bu Turala aid deyil, onun ailəsi məni yaxşı qarşıladı.
Tural: Mənim bircə nənəmlə babam görünüşə önəm verən insanlardı. Anam, qardaşım, gəlinimiz elə deyil...
Eltac: Bu ümumiyyətlə, cəmiyyətimizin problemidir. Adama deyirlər nə marağın, xeyrin var ki, bura gəlmisən? Sonra autizmli uşaqları tapdım, onların evinə getdim, söhbət elədim. İstənilən halda çətindir. Gərək elə işdə çalışasan ki, onlara ayırmağa zamanın qalsın. Bu tip insanlara az ilgi göstərilir, sən də bir dəfə gedirsən, sonra vaxtın olmayanda getmirsən, darıxırlar... İnciyirlər... Hardasa 5-6 nəfər olsa, bu gün mən, sabah o biri getsə yaxşı olar. Bizim kimi insanlar bir az küsəyən olurlar. O vaxtlar mən də küsəyən idim. Bacım çayı bir az gec gətirəndə küsürdüm.
Tural: Əlil oldunsa psixologiyan çox güclü olmalıdır, bu da asan deyil.
- Fikir eləməyin uşaqlar, bizim cəmiyyətdə yaşaya bilmək üçün ümumiyyətlə psixologiyan çox güclü olmalıdır.
Eltac: Hə, o reallıqdır. Ayağımı bir kənara qoyaq, saqqalım mənə daha çox əngəl yaradır. Fotoqraf işləmək üçün hara üz tuturam, birinci sual saqqalımla bağlı olur. Mən pozitivəm, optimistəm. Gülməsəm yaşaya bilmərəm. Sevdiyim işlər var, şəhəri gəzib şəkil çəkirəm, xoşbəxt oluram. Amma görürəm ki, insanlar neqativlə doludur.
- Çox aktivsən, ayağın incitmir?
Eltac: Ağrı var, amma bir yerdə dayana bilmirəm. Özümdən asılı deyil.
- Bu ağrıyla hərəkət eləməyə evdə qarşı çıxmırlar?
Eltac: Evdəkilərlə çox güclü iş aparmışam. Təbliğat çox güclü olub. (Gülür) Əlilin stimulu valideynlərdən gəlir. Valideynlər hər şeydir. Bir əlilin əli ayağı valideynləridir. Ailə var uşağının yanındadır, ailə də var...
Tural: Bax, bizdə nənəm elədi...
Eltac: Hə, Turala araba alanda nənəsi deyirdi niyə alırsız o arabanı? Nəyinə lazımdı onun? Amma anası elə deyil. Anası, qardaşı Turalın gücüdür. Mənim də anam. Məsələn, dağa çıxmaq istəyirdim, anama dedim, dedi get çıx... Düzdü, atama bu haqda mən dağdan enəndən sonra dedik. (Gülür)
- Dağa çıxmaq necə idi?
Eltac: Ölürdüm... (Gülür)
- Yaxşı uşaqlar, bir az qızlardan danışaq. Qızlar sizə necə baxır?
Tural: Qızlar demə, qızlar demə... “Çok yalnızız” (Gülür)
Eltac: Azərbaycanda bir əlilin ailə qurması... Bizim insan düşünür ki, əlilsənsə mütləq əlillə evlənməlisən. Bir qız səni sevə bilər, amma... Gedib ailəsinə desə ki, sevirəm, amma ayağında problem var, yüz faiz o ailə ona qarşı çıxacaq. Nadir hallarda ola bilər ki, etiraz eləməsinlər... Təcrübəmdən, müşahidələrimdən deyirəm. Qızın səndən xoşu gələ bilər, amma deyəcək ailəmə necə deyim ki, sənin ayağın...? Azərbaycanda heç bir qız gedib evdə anasına deyə bilməz ki, mən əlil oğlana aşiq olmuşam.
Tural: Tək problem bu deyil ki, əlilsənsə əlillə evlənməlisən. Əlilin yanında sağlam qız görən kimi deyirlər “Kesin bir şey var”. (Gülür) Bu başqa, ümumiyyətlə, əlilin evlənmə ehtimalını heç ağıllarına da gətirmirlər. Məsələn, mənim qohumlarla münasibətim yaxşıdı, amma onlarda bir şeydən xoşum gəlmir. Qardaşım evləndi, hamısı gəldi təbrik elədi, bir nəfərin də ağlına gəlmədi desin ki, “Tural üçün olsun!” Adamda azacıq da olsun ümid saxlamırlar ki, bəlkə qismət oldu... İmkan vermirlər ki, heç olmasa arzulayaq. (Gülür) Yəni o qədər də həvəslisi deyiləm, amma hərdən özümə deyirəm ki, olacaq! Məni hər halımla qəbul edən bir qız olacaq! Saçma da olsa, adam özünü inandırır, bilmirəm, bəlkə doğrudan da nə vaxtsa olacaq... Bəlkə kimsə məni bu halımla sevdi... Adam yox yerdən nə isə olacağına inanır. Mən də inanıram nəsə olacağına, amma bilmirəm nə olacaq. (Gülür) Hərdən ümidlə yaşayıram... Olur də, adamın bekar vaxtına düşür, xatırlayırsan... Deyirsən əvvəllər belə yeriyirdim, kaş indi də yeriyərdim. Filan yerə gedərdim. Bu arabadan qalxardım...
Biz kafedən çıxanda ətrafda çay içən insanlar kimi stəkanı, kimi konfeti əlində arxamızca boylanırdı... Hətta sayəmizdə bir kişi çayını şirin elədi. Necə? Elə qəndi götürüb çayında islatmaq istəyəndə bizi gördü və sonra əlindəki qəndin isti çayda necə əriyib getdiyindən xəbəri olmadı... Həyat belədir, çox vaxt çayın başqasının sayəsində şirin olur...
Bu həyat dolu gənclərlə heç vaxt unutmayacağım bir həftə sonu keçirirəm.
Sağollaşanda Eltac Turalla mənim şəklimi də çəkir. Sonra Tural bir neçə gündən sonra “işə başlayacağını” deyir:
- Nə işi?
- Oteldə işləyəcəm. Artıq bəsdir evdə oturduq, hardansa başlamaq lazımdır. (Gülür)
Öyrənirəm ki, bu günlərdə Hilton otelində bir günlük fiziki məhdudiyyətli insanlar çalışacaq. Onlardan biri də Turaldır. Həmin gün Hiltona gəlirəm. Məni qapıda Tural qarşılayır. Otellə tanış eləyir, gün ərzində öyrəndiyi məlumatları mənə də verir. Zarafatla “Xəyallarımda radioda dj-likdən başlamaq var idi, qismətə bax, Hiltondan başlayıram” deyir.
Məni qeydiyyatda çalışan Sevda Səfərəliyeva ilə tanış edir. Çox şən xanım təsiri bağışlayan Sevda söhbətə Kulis.Az-ın “Ən qısa hekayə” müsabiqəsi ilə başlayır: “Veteran” hekayəniz çox xoşuma gəlmişdi. Hərdən qoltuq ağaclarım yanımda olmayanda özümü o veteran kimi hiss eləyirəm, ona görə də çox bəyənmişdim...
- Bu ilk iş gününüzdür?
Sevda: Yox, əvvəllər işləyirdim, sonra çətinləşdi... Mən 11 yaşımda idman dərsində yıxıldım, onurğamda ağrılar başladı. Bütün həkimləri gəzdik, dərdimi bilən olmadı. Axırda travmatologiya institutunda bir həkim səhv diaqnoz qoyub, mütləq əməliyyat edilməli olduğumu dedi. Elə əməliyyatdan da dərhal sonra ayaqlarım tutuldu. Sən demə, sinirimi zədələyibmiş... bir il sonra vəziyyətim daha da pisləşdi, Moskvadan həkim çağırdılar. Yenə əməliyyat... amma əməliyyat yarası sağalmırdı. Məcburən Moskvaya göndərdilər. Sonralar hər il Moskvada müalicə aldım. SSRİ dağılandan sonra isə ora göndərmədilər. Burda isə müalicəsi yoxdur... Beləcə...
- Bəs nə iş görürsüz?
- İngilis və rus dillərindən tərcümə edirəm. Əlil arabası ilə gündə işə gedib gəlmək çox məsrəflidir. Ümid qalır London taksilərinə. İşəgötürən də sənin əmək haqqını və gündəlik taksi xərcini ödəməkdə maraqlı deyil. Ona görə də evdən işləyirəm. Mən sizə konkret deyim. Əlil arabası istifadəçilərinin fərdi müstəqilliyi və ictimai nəqliyyatdan istifadə hüququ təmin edilməyənə qədər onların cəmiyyətə inteqrasiyası mümkün olmayacaq...
Tural: Doğrudur. Mən o gün bulvarda da sənə dedim. Evdən nə vaxt taksi pulumuz olursa, onda çıxırıq... Eh, yoxsa metroya minməyəli illər oldu. (Gülür) Hərdən o qızın “qapılar bağlanır” söhbəti üçün darıxıram. Əgər sənin nə vaxtsa “səsi gəlib özü görünməyənlərlə” bağlı bir layihən olsa, o qıza bir neçə sualım olacaq...
Hamı ilə tanış olmağa imkan tapmamış nahar fasiləsi elan olunur. Personal yeməkxanasına gəlirik. Gözlərindən işıq saçan bir qız bizim hamımızdan birinci gəlib. Onunla da tanış oluram.
25 yaşlı Sevinc Zeynalova.
Sevinc: Anadan əzələ distrofiyası ilə doğulmuşam. Altı yaşımda əlil arabası ilə tanış olmuşam. Əslində heç tanış olmaya da bilərdim, amma maddi çətinliklər ucbatından müalicəmi yarımçıq qoymaq məcburiyyətində qalmasaydım. Orotez adlı aparatla bir neçə ay ayağa qalxıb yerimişdim, o günlər həyatımın ən dəyərli ayları idi. Sonradan müalicəmi dayandırmağım məni bu vasitədən məhrum etdi. Amma yenə də həyatdan ümidimi üzmədim. Bütün diqqətimi təhsilə yönəltdim. Ev şəraitində də olsa, orta məktəbi layiqli şəkildə bitirdim. Amma ali təhsil almaq, hüquqşünas olmaq arzumu reallaşdıra bilmədim. Çünki bizim təhsil sistemində əlil arabasında tələbə anlayışı mövcud deyil. Ali təhsil almaq bu günə kimi də ən ali arzum olaraq qalmaqdadır.
- İndi nə ilə məşğulsan?
Sevinc: Nə qədər çətinliklərlə üzləşsəm də, sınmadım. Başladım internet vasitəsi ilə tikmək, toxumaq öyrənməyə.
- Əladır ki! Mən də çox qəşəng toxuyurdum. Gözüm zəifləyəndən sonra toxuya bilmədim. Gəl, çəkdiyim bütün naxışları bağışlayım sənə.
Sevinc: Çox sevinərəm. Toxumaq, bir iş görmək, faydalı olmaq çox yaxşıdır. Yaxın adamlarım bilir ki, mən pulumu toxumaqla qazanıram. Ona görə də onlara bir şey lazım olanda mənə sifariş edirlər. Cüzi də olsa pul qazanıram. Çox istəyərdim sifarişlərim artsın, bir az gəlir əldə edim. Öz pulunu qazana bilmək çox gözəldir.
- Bu gün oteldə nəçi idin?
- Sevinc: Tikiş şöbəsinin işçisiyəm. Professional tikiş maşınında işləməyə cəhd göstərdim. Çox maraqlı gün oldu. Kollektivlə ünsiyyətdə olmaq adamda böyük stimul yaradır. İnfrastruktur, yol, nəqliyyat qurularkən əlilliyi olan insanlar da nəzərə alınarsa, düşünürəm ki, mən və mənim kimi insanlar da işləyib faydalı ola bilərik.
Onları iş vaxtı çox narahat eləməyib, sağollaşıram. Axşam yazını işləyirdim ki, dostum whatsappda bir otaqda oturduğu qızdan yazmağa başladı. Bir otaqda üç nəfər otururlar, elə bil üç qaniçən mafiyadır... Əsəblərim ən son həddə gərilmişdi ki, Tural zəng elədi:
- Vüsalə, işləmək, çoxlu insan görmək, kollektivlə ünsiyyətdə olmaq elə gözəldir ki...