"Şəhidi aparırdıq, qəfil qardaşına zəng gəldi ki..." - Sürücü Qadir müharibə dəhşətlərini Lent.az-a danışır...
16 avqust 2022 17:43 (UTC +04:00)

"Şəhidi aparırdıq, qəfil qardaşına zəng gəldi ki..." - Sürücü Qadir müharibə dəhşətlərini Lent.az-a danışır...

Fransız yazıçı Jan Jak Russo deyib ki, dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. Hələ bu, vətənin dar günündə olunursa. İkinci Qarabağ müharibəsi zamanı tək ön cəbhədə deyil, arxa cəbhədə də qəhrəmanlıq göstərənlər az deyildi. Peşəsindən asılı olmayaraq əlindən gələni əsirgəməyənlərin yaddaşında getməyən izlər qaldı. Bu dəfəki müsahibim sürücü Qadir Osmanovdur. O, 15 ildən artıqdır ki, Mingəçevirdə yaşayır və Şəhər Mərkəzi Xəstəxanasında təcili tibbi yardım sürücüsü işləyir. Qadir İkinci Qarabağ müharibəsi zamanı ağır yaralı və şəhidlərin daşınmasında iştirak edib.

Müsahibimiz Lent.az-a o günlərdə nələrin şahidi olubsa, yadında qalanları danışdı: 

- Füzuli-Horadiz istiqamətində daha vəziyyət gərgin olub. Bir dəfə bir şəhidi Füzulidəki morqa gətirdik. Adı, soyadı başqa bir əsgərlə eyni idi, ancaq ata adı fərqli idi. Ölən əsgərin ata adını tapmağa macal yox idi. Deməli, üz tərəfindən güllə yarası almışdı, bədəni salamat idi. Bir oğlan gəldi, dedilər ölən əsgərin qardaşıdı, bəlkə o tanıyar. Şəhidin üzünə profildən baxanda oxşayırdı, yandan baxanda isə yox. Çaş-baş qalmışdıq. Anasından da gizlədib deyiblər ki, oğlun yaralıdır. Anadan soruşdular ki, oğlunun bədənində hansı əlamətləri var. Dedi ki, ağzında iki qızıl dişi var idi. Ekspert diş həkimin gəldi, dedi ki, yox, hamısı öz dişləridir. Sonra boyunu ölçdülər, yenə məlumatlarla üst-üstə düşmürdü. Nə isə, mənə dedilər ki, şəhidi apar Horadizə. Getdik, Bərdə postuna çatanda qardaşa zəng gəldi. Tutulub qaldı, danışa bilmədi. Telefonu aldım əlindən, soruşdum kimdir? Dedi, mənəm, Faiqdir danışan. Sonradan məlum oldu ki, onların taboru döyüşdədir, hamısı da telefonları söndürüb. Təsəvvür edin, o an nələr yaşadıq. Maşında şəhid bildiyi, cənazəsini evə aparan qardaş və zəng edib sağ olduğunu deyən qardaşı... Ailə üzvləri yolun ortasında düşüb sevindiklərindən qol-qanad açıb oynayırdılar. Maşındakı şəhid Sabirabaddan idi, onu aidiyyəti üzrə yerə təhvil verdim. Sağ olan əsgərin qardaşı dedi ki, qapını açın, şəhidlə halallaşım. Bizim şəhərdə qonaq olub. Halallaşdılar, sonra onu da apardım evlərinə. 

- Xidmət etdiyiniz yerlərdə hansı çətinliklərlə üzləşdiniz? 

- Horadizdə, həqiqətən, vəziyyət çətin idi. Qızğın döyüşlər gedir, yaralı daşınması üçün maşın da az idi. Füzuli şəhərinin Seyidəhmədli kəndindəki məsciddə şəhidlər yuyulur, kəfənlənir. Azərbaycan bayrağına bükülmüş tabutları ailələrinə təhvil verməyə aparırdılar. Biləsuvara aparılmalı şəhid tabutu var idi. Maşın olmadığı üçün dedim ki, verin, öz şəxsi maşınımla aparım. Əvvəl icazə vermədilər, sonra dedilər ki, get, amma ehtiyatlı ol. Şəhidi təhvil verib səhərə yaxın yola düşdüm. Qaranlıqda işıqları yandırmağa icazə vermirlər, çünki düşmən tərəf görüb vura bilər. Yorğunluqdan yadımdan çıxıb işıqlar yanılı vəziyyətdə Bərdə-Füzuli yolu ilə gedirdim. Ermənilər bunu görüb keçdiyim yolu qəfildən vurdular. Məni maşın qarışıq götürüb tulladı irəliyə. Getdiyim yolda da heç bir maşın yox idi. Şükür ki, bədbəxt hadisə olmadı. Bərdəyə qədər qaranlıq yolda maşını işıq yandırmadan sürdüm. Səhəri gün də Bərdə hadisələri oldu, ora getdik. 

- Orada nələr gördünüz bəs? 

- Nələr görmədik ki? Yaralanmış məsum uşaqlar, maşının içində yanıb qalmış insanlar... Gördüklərim çox ağrılı idi. Dedilər ki, çoxuna yardım olunub, yalnız bir yaralı qadını götürdük. Onda qəlpə yaraları var idi. Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırdıq onu. Xəstəxananı hospitala çevirmişdilər, orada 300-dən çox yaralı əsgər müalicə alırdı. Bizi də hər bölgəyə göndərirdilər. Başımızın üstündən mərmi keçə-keçə, odun, alovun içindən keçib gedirdik. Hətta, Tərtəri vurdular deyə, bizə ora getməyə qoymadılar. Orada təcili tibbi yardım maşınımız vuruldu, bir sürücü şəhid oldu. 

Yadımdadı, Füzulidə olanda iki şəhid çadırı qurmuşdular. Əvvəla, şəhidlər döyüş bölgəsindən necə götürülürdüsə, eləcə birinci çadıra gətirilirdi. O çadırda onların üst-başı çıxarılırdı, təmizlənirdi. Daha sonra ikinci çadıra aparılırdılar. Orada da şəxsi məlumatları dəqiqləşdirilirdi. Hansı rayonun, bölgənin şəhididirsə, ora göndərilirdi. Hər gün işə gələndə, Şəhidlər Xiyabanının yanından keçəndə dua edirdim ki, şəhid gəlməsin, qəbir qazılmasın. Amma hər gün görürdüm ki, qəbir qazılır. Yadımdadır, evin 2 oğlu şəhid oldu. Qardaşlardan birinin cənazəsini gecə gətirib dəfn etdik. Dəfndən qayıdanda, üstündən 12 saat da keçmədi ki, o biri qardaşı da şəhid oldu. Mingəçevir, ümumiyyətlə, 53 şəhid verib. Allah hamısına rəhmət eləsin! 

- Təxminən nə qədər yaralı daşımısınız? 

- Dəqiq say yadımda deyil. Ancaq öz maşınımla gündə dörd dəfə yaralı daşıya bilirdim. Hər dəfəsində 6-7 yaralı olurdu. Onlar da ağır yaralanan, kontuziya alanlar idi. 

- Mingəçevirə raket atılan günlərdən danışın. Bir sürücü kimi nələrlə qarşılaşdınız?

- Həmin vaxt işdə, növbədə idim. Hamımız ayıq-sayıq idik, hiss edirdik ki, nəsə baş verəcək. Qəfildən partlayış səsləri eşitdik. Xəbər gəldi ki, raketlərin ikisi Üçxoz tərəfə düşüb. Orada Ağdamdan ailəsini də götürüb gəlmiş bir kişinin düz yanına düşüb. Deməli, kişi qaldığı evin qapısında siqaret çəkdiyi yerdə “KamAz”ın ortasına düşüb, zərbənin təsirindən adamı torpağı qazıb çıxartdılar. Evdən başqa hamı sağ-salamat qalmışdı. Ona tibbi yardım göstərib maşına əyləşdirdik. Prokurorluq əməkdaşları dedi ki, 300 metr o tərəfdə də yaralılar var, ora getmək lazımdır. Getdik oradakı qadınlardan soruşduq ki, kim yaralıdır? Dedilər heç kim. Hə, atsınlar da, təki əsgərlərimizin canı sağ olsun. Soruşduq bəs, hansı raket? Əlləri ilə göstərib dedilər ki, düz arxanızda. Nə böyüklükdə raket girib yerin altına, açılmayıb. Həqiqətən, onların reaksiyasına heyrətimi saxlaya bilmədim.  

- Yaralı və şəhid daşıyan sürücü Qadirin yuxusuna heç şəhidlər gəlib? 

-  Müharibə başlamadan öncə yuxuma şəhid Mübariz İbrahimov gəldi. Evimizin qarşısında idik, gəldi, yanımda əyləşdi. Hərbi formada və yaralı idi, amma üzünü aydın görürdüm. Dedim ki, niyə üstündə yara izləri var? Dedi ki, bizi o izlərə görə tanıyacaqlar. Soruşdum ondan ki, həqiqətənmi şəhidlər cənnətə gedir? Sən cənnətin harasındasan? Dedi: “ən ali yerində”. Bundan sonra dedi ki, istəyirsən, sənə göstərim? Binanın yanından qapı açıldı, qapıdan içəri daxil oldu. Çevrilib mənə tərəf baxdı. Oranı gördüm... Dünyada elə bir mənzərə ola bilməz ki, onunla müqayisə edim. Bəlkə də gördüklərim sıfır tam onda bir faizi idi, amma ifadə olunması çox çətindir. Ardınca sual verdim ki, Mübariz, Allahdan başqa nə istəyirsən? O, “Bircə atamdan, anamdan ötrü darıxıram. Amma bu da müvəqqətidir, Allah mənə görə onlara yanımda məkan təyin edib. Mən onlarla görüşəcəyəm” – dedi və vidalaşıb getdi. Oyanıb yuxumu həyat yoldaşıma danışdım, dedim ki, müharibə başlasa, mən mütləq gedəcəyəm. Şəhidlərin cənnətdə olması insanlara motivasiya verməsi üçün deyilmir. Həqiqətən, bu, belədir. Allah bunu özü sübut edib. Elə onların axan qanlarının pak olduğunu müharibədə gördüm. 

Müharibə bitəndən sonra veteranlıq, heç bir sənəd almadım. Heç gözümdə də deyil, əsgərlərimizin canı sağ olsun!

# 5505
avatar

Nigar Namiq

Oxşar yazılar