Şəhər sakinləri harada  PİKNİK  edir? - MƏKANLAR
11 iyun 2021 16:25 (UTC +04:00)

Şəhər sakinləri harada PİKNİK edir? - MƏKANLAR

Həftəiçi çalışan insanlar yaz-yay aylarında ailələri ilə birgə açıq havada dincəlməyə üstünlük verirlər. Son zamanlar paytaxtın müxtəlif ərazilərində bu kimi istirahət yerləri, piknik-parklar fəaliyyət göstərməyə başlayıb. 

Lent.az paytaxt sakinlərinin daha çox dincəldiyi açıq hava məkanlarını təqdim edir: 

Eko park 

Şəhər sakinləri daha çox Zirə qəsəbəsində yerləşən Zirə Eko-parkda dincəlməyə üstünlük verirlər. Yaşıllıqla zəngin parkda uşaqlar rahatlıqla dincəlir, əylənir, mütailə edirlər. 

Bakı-Pirallahı yolu üzərində yerləşən park Heydər Əliyev Fondunun layihəsi əsasında yaradılıb. 


Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib.

Balıqlı göl

Binədən Qalaya gedən yolun üzərində yerləşən Balıqlı göldə giriş üçün 4 manat ödəniş tələb olunur. 

Məkanda əyləşmək üçün çardaqlar var. İstəyənlər yerdə otlar üzərində də dincələ bilər. Bundan əlavə istirahətə gələnlərə çadır qurmağa icazə verilir.

Piknik-parkda kafe-restoran fəaliyyət göstərmədiyi üçün yemək səbəti ilə girişi sərbəstdir. 

Burada yaşıllıq, göl, uşaqlar üçün oyun meydançası var. Həmçinin, velosiped kirayələmək də mümkündür. 

Dədə Qorqud parkı 

Şəhərdə piknik etmək istəyən şəxslər çox vaxt Gənclik metrostansiyası yaxınlığında yerləşən Dədə Qorqud parkına üz tutur.

2013 –cü ildə salınan parkın ərazisində istirahət üçün hər cür şərait yaradılıb. Yaşıllaşdırma işləri aparılıb, süni göl və şəlalə yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Kirayə götürdüyünüz katamaranlarla göldə gəzə bilərsiniz. 

Mərkəzi Nəbatat bağı

Şəhərdə sakit bir yerdə piknik etmək istəyənlər Badamdar qəsəbəsində yerləşən Mərkəzi Nəbatat bağını seçir. Parka daxil olmaq üçün 6 yaşından böyük uşaqlar 1 manat, böyüklər isə 2 manat ödəməlidir. Yaz-yay aylarında daha çox piknik üçün istifadə edilən park uşaqların sevimli məkanıdır. 


1934-cü ildə salınan Mərkəzi Nəbatat bağında müxtəlif bitkilər üzərində məlumatlandırıcı lövhələr vurulub. 


Böyükşor bulvarı və parkı

Bir zamanlar ekoloji fəlakət zonası hesab olunan Böyükşor gölü hazırda paytaxt sakinlərinin piknik üçün ən çox getdiyi məkanlardan biridir. Burada idman və uşaq oyun meydançaları qurulub, qaçış və velosiped üçün şərait yaradılıb. Bundan əlavə, bulvarda gölün içində quraşdırılmış fəvvarələr kompleksi quraşdırılıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7713
avatar

Nigar Adil

Oxşar yazılar